Ermənistanın yeni Konstitusiyasının mətninin 2026-cı ildə hazır olacağı bildirilir

Ermənistan, Foto: Madrugada Verde/Shutterstock

Ədliyyə naziri deyib ki, yeni Konstitusiyada Azərbaycanla sülh sazişinin imzalanması baxımından dəyişikliklərə əsas yoxdur

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, ölkənin yeni Konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır.

Ədliyyə naziri həmçinin qeyd edib ki, yeni konstitusiyada Azərbaycanla sülh sazişinin imzalanması baxımından dəyişikliklərə əsas yoxdur.

“Sülh gündəliyi məsələlərilə bağlı (Azərbaycanla-red.) Konstitusiyaya dəyişiklik etməyə ehtiyac yoxdur. Mən bu məsələni qapalı hesab edirəm. Bunu Konstitusiya Məhkəməsi də bəyan edib. Hazırkı Konstitusiyanın mətnində sülh prosesinin həyata keçirilməsi ilə bağlı heç bir maneə yoxdur”, – Qalyan deyib.

Nazir bəyan edib ki, Ermənistanın yeni Konstitusiyasının mövzusunu başqa ölkənin bəyanatları ilə əlaqələndirmək yersizdir.

2024-cü il yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.

Həmin ilin fevralın 1-də isə Baş nazir İctimai Televiziyaya müsahibəsində demişdi ki, Ermənistanın dövlət siyasəti Qarabağın birləşdirilməsi ilə Müstəqillik Bəyannaməsinə əsaslanacaqsa, yenə müharibə olacaq və heç vaxt sülh olmayacaq.

Nikol Paşinyan bu fikrini əsas götürərək Konstitusiyaya dəyişiklik təklif etmişdi.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

2024-cü il iyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşündə Yerevanla sülh sazişinə toxunaraq demişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil:

“Çünki Konstitusiyada Azərbaycana, hətta Türkiyəyə də ərazi iddiaları yer alıb”.

Bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirmişdi:

“Ermənistanın Konstitusiyası və ona edilən dəyişikliklər ölkənin daxili işləridir. Biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini kobudluq kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyinə şübhə yaradır”.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətErmənistanın yeni Konstitusiyasının mətninin 2026-cı ildə hazır olacağı bildirilir