Ermənistanın milli qəhrəmanının həbs edildiyi bildirilir

Foto: news.am

Ermənistanın milli qəhrəmanı, general-mayor Tiran Xaçatryanın həbs edildiyi bildirilir.

Vəkilləri bildiriblər ki, Tiran Xaçatryan 44 günlük İkinci Qarabağ müharibəsinə görə saxlanılıb.

O, hərbi vəziyyət zamanı səhlənkarlıqda ittiham olunur.

“Hazırkı mərhələdə ibtidai istintaq və hərbi sirr olduğu üçün təfərrüatları təqdim edə bilmərik. Tiran Xaçatryan ona qarşı irəli sürülən ittihamı qəbul etmir və eyni şəraitə görə ibtidai istintaq zamanı dəfələrlə hərtərəfli və ətraflı ifadələr verib, ibtidai istintaqa heç bir şəkildə müdaxilə etməyib”, – vəkillərin bəyanatında deyilir.

Tiran Xaçatryan 44 günlük müharibədə göstərdiyi xidmətlərə görə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülüb. 2021-ci ilin fevralında o, Baş nazirin təklifi və Prezidentin sərəncamı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib.

2024-cü ilin əvvəlində Xaçatryan silahdan istifadə etməklə xuliqanlıq ittihamı ilə həbs edilib.
Həbsindən iki ay sonra 5 milyon dram məbləğində girov müqabilində və səyahət məhdudiyyəti ilə azadlığa buraxılıb.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəXəbərlərErmənistanın milli qəhrəmanının həbs edildiyi bildirilir