”Ermənistana təhvil verilən 11 nəfərin hara aparıldıqlarından xəbərləri olmayıb”

Xankəndi, foto: reuters

Qarabağdan olan 11 erməni yanvarın 23-də Ermənistana təhvil verilib. Onların bildirdiyinə görə, onlar son təyinat yerləri barədə məlumatlandırılmayıblar.

OC Media yazır ki, Ermənistan rəsmiləri və Azərbaycanın hökumətyönlü mediası isə həmin 11 nəfərin köçürülmə ilə bağlı ərizə verdiklərini iddia edir.

Bazar ertəsi Qarabağ ermənisi Tiqran Petrosyan “Facebook”da yazıb ki, onların Ermənistana köçürülməsi “etnik təmizləmənin son aktı” olub. Petrosyan regionu 2023-cü ildə tərk edib.

Petrosyan rəsmi açıqlamalarda 11 erməninin köçürülmə üçün müraciət etdikləri iddialarını rədd edərək, həmin Qarabağ sakinlərinin “hara aparıldıqlarını belə bilmədiklərini” söyləyib:

“Qovulma zamanı onlara hara aparıldıqları belə deyilməyib. Onları Həkəri körpüsünə gətiriblər, orada sənədlərə imza atdırıblar və sonra ermənilərə təhvil veriblər. Onların hər hansı yerə getməsi qadağan olunmuşdu, yəni son aylarda faktiki olaraq əsir kimi saxlanılırdılar”.

AzadlıqRadiosu-na verdiyi açıqlamada Petrosyan bildirib ki, bu məlumatları yanvarın 23-də köçürülənlər arasında olan tanışından öyrənib.

Petrosyanın sözlərinə görə, yolda olarkən onları öldürməyə apardıqlarını düşünüblər və bəziləri “dəhşətdən hönkür-hönkür ağlayıb”.

Əvvəllər Azərbaycan təbliğat videolarında görünən, həmçinin 2025-ci ildə regionun keçmiş “dövlət naziri” Ruben Vardanyana qarşı ifadə verdiyi bildirilən Muşeq Qriqoryan Ermənistana köçməkdən imtina edib və Həkəri körpüsündən geri qaytarılıb.

Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan köçürülmə günü bildirmişdi ki, köçürülənlərin hamısı həm Ermənistan, həm də Azərbaycan hakimiyyətlərinə fərdi müraciətlər təqdim ediblər.

Lakin şəxslərin Ermənistan tərəfi ilə necə əlaqə saxladıqları, xüsusilə də onların əksəriyyətinin yaşlı olduğu və bəzilərinin psixi sağlamlıq problemləri yaşadığı nəzərə alındıqda, hələ də detallar aydın deyil.

Bazar ertəsi Əmək və Sosial Məsələlər Nazirliyinin sözçüsü Nver Kostanyan News.am-a bildirib ki, Qarabağdan olan 11 erməni “dövlət himayəsi altındadır, lazımi tibbi müayinələrdən keçirilir və psixoloji dəstək alır”.

AzadlıqRadiosu-nun məlumatına görə, Ermənistan hakimiyyəti köçürülənlərin qohumları ilə əlaqə saxlamayıb. Ailə üzvləri bildiriblər ki, yaxınlarının vəziyyəti və harada olduqları barədə məlumatı yalnız dəfələrlə cəhd etdikdən sonra əldə edə biliblər.

AzadlıqRadiosun-a görə, yaxın vaxtlarda köçürülən şəxslərin əksəriyyəti Kotayk vilayətinin Ağveran qəsəbəsində yerləşən bir oteldə yerləşdirilib. Səhiyyə Nazirliyi təsdiqləyib ki, onlardan üçü tibbi qiymətləndirmə üçün psixiatriya müəssisələrindədir və heç biri ağır vəziyyətdə deyil.

Şəxslərdən birinin qohumu bildirib ki, ailə üzvünün üzərində döyülmə və zorakılıq izləri olub.

Köçürülmə prosesi ətrafında şəffaflığın olmaması fonunda bunun mümkün səbəbləri ilə bağlı bir sıra iddialar ortaya çıxıb.

2023-cü ildə Azərbaycanın əməliyyatından sonra Qarabağda qalan azsaylı ermənilərin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hələ Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə belə, əvvəllər Ermənistana köçmək istəklərini bildirmədikləri iddia olunur.

BQXK 2025-ci ilin sentyabrında fəaliyyətini dayandırmağa məcbur edilməzdən əvvəl regionda qalan bəzi ermənilərin köçürülməsinə vasitəçilik etmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) Azərbaycanda saxlanılan erməni məhbusları təmsil edən vəkil Ara Qazaryan bildirib ki, 11 nəfərin geri qaytarılması Xankəndidə Karen Avanesyanın həbsindən sonra artan Azərbaycan təzyiqi ilə əlaqəli ola bilər.

2025-ci ilin dekabrında, həbsindən dörd ay sonra, psixi sağlamlıq problemləri olduğu bildirilən 58 yaşlı Avanesyan Azərbaycan tərəfindən “terrorçuluq” ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Ərazidə müstəqil müşahidəçilərin olmaması səbəbindən Qarabağda qalan ermənilərin dəqiq sayını müəyyənləşdirmək mümkün deyil.

Regionun erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi əməliyyatdan və yerli hakimiyyətlərin təslim olmasından sonra Ermənistana qaçmağa məcbur olub.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlər”Ermənistana təhvil verilən 11 nəfərin hara aparıldıqlarından xəbərləri olmayıb”