Astanada keçirilən “Silk Way Star” musiqi festivalında münsif kimi iştirak edən azərbaycanlı müğənni Samirə Əfəndinin erməni müğənnisi Saro Gevorkyana 12 xal verməsi, daha sonra onu qucaqlaması sosial mediada və efirlərdə müzakirələrə səbəb olub və onun bu addımı xeyli tənqid olunub.
Samirə Əfəndi finalda təkcə Ermənistanı təmsil edən ifaçıya deyil, Çin, Gürcüstan, Qazaxıstan, Malayziya, Monqolustan və Özbəkistanın təmsilçilərinə də 12 xal verib.
“Sülhə doğru kiçik körpülər”
İfaçı öz davranışını prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” proqramında izah edib. O bildirib ki, hər kəs sülhə doğru kiçik körpülər salmalıdır:
“Veteran qızı, general nəvəsi və bu ölkənin vətəndaşı kimi hesab edirəm ki, gələcək gənclərin əlindədir. Şübhəsiz ki, biz tarixi unutmayacağıq və unutmağa da qoymayacağıq.
Mən çalışıram ki, Prezidentin apardığı sülh siyasətinə uyğun hərəkət edim. Mənə elə gəlir ki, ölkəni xaricdə təmsil edən və diqqət mərkəzində olan hər kəs sülhə doğru kiçik körpülər salmalıdır”, – o belə deyib.
İfaçı deyir ki, müsabiqə ərzində o, Ermənistan təmsilçisinə hər zaman yüksək bal verməyib.
“Əgər söhbət musiqidən, təhsildən gedirsə, bu iştirakçı həqiqətən çox yaxşı çıxış edirdi. Mənim ona 12 bal verməyim hamını təəccübləndirdi. Heç peşman deyiləm. Çünki çox vaxt ona qarşı daha sərt davranmışdım, amma finalda layiq olduğu balı verdim”.
“Məqsəd musiqini qiymətləndirmək idi, siyasi mövqe nümayiş etdirmək yox”
Əfəndi vurğulayıb ki, səhnədə onun məqsədi musiqini qiymətləndirmək idi, siyasi mövqe nümayiş etdirmək yox:
“Mən buna musiqiçi kimi baxıram. Mən siyasətçi deyiləm ki, düşmənçilik edim. Ora düşmənçiliyi ifadə etmək üçün yox, ölkəmi təmsil etmək üçün getmişdim”.
Hadisənin sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurmasına baxmayaraq, müğənni bildirib ki, öz mövqeyində qalır.
“Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram”.
Keçmiş Qarabağ Azadlıq Təşkilatının, indi isə Azad Vətən Partiyasının sədri Akif Nağı müğənninin bu addımını təhqir edib. Samirə Əfəndi isə onu təhqir edənləri məhkəməyə verəcəyini bildirib.
Bu il avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, mübahisəli məsələlərin yalnız danışıqlar yolu ilə həlli öhdəliyini götürür, qarşılıqlı iddialardan imtina edilir.
Son bir ayda Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri sülh quruculuğu çərçivəsində Ermənistana səfər edib. Ardınca Ermənistan vətəndaş cəmiyyətinin üzvləri bugünlərdə Azərbaycana səfər ediblər.
Sülh danışıqlarının getdiyi bir vaxtda belə bir addımı atan azərbaycanlı müğənniyə qarşı olan neqativ reaksiya nəyi göstərir?
“Yarışmanın nəticəsini siyasi müstəviyə daşımaq doğru deyil”
Bəstəkar Cavanşir Quliyev Meydan TV-yə deyir ki, musiqi yarışmalarından siyasi məqsədlərlə istifadə etmək doğru deyil:

“Bir müsabiqədə münsiflər heyətinin verdiyi bir qiymətin bu qədər hay-küyə səbəb olmasını mən anlamıram. Yarışmanın nəticəsini siyasi müstəviyə daşımağı doğru hesab etmirəm. Məncə, dinindən, irqindən və milliyyətindən asılı olmayaraq, hər bir musiqi yarışmasının münsiflər heyəti son dərəcə ədalətli olmalıdır. Bundan başqa, sülh müqaviləsinin imzalanmasına az qalıb, Ermənistan və Azərbaycan buna doğru irəliləyir. Ona görə də buna uyğunlaşmalı və cəmiyyət olaraq bu prosesə alışmalıyıq”.
“Bu insani addımı təqdir etmək lazımdır”
Siyasətçi Zərdüşt Əlizadə isə deyir ki, Ermənistanda anti-türk, Azərbaycanda isə anti-erməni təbliğatı uzun illər dövlət siyasətinin təsiri altında formalaşıb:

“Bunun təsirlərindən qurtulmaq üçün vaxt lazımdır. Tədris proqramları dəyişməli, medianın yazı tonunda dəyişiklik olmalıdır. Həm Ermənistanın, həm də Azərbaycanın konstitusiyalarında dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyin qadağan edildiyi açıq şəkildə yazılıb. Lakin təəssüf ki, bu ümumbəşəri dəyərləri əks etdirən maddələrə çox vaxt heç kim diqqət yetirmir. Bir nəcib xanım çıxıb insani bir addım atıb. Əgər kiminsə bu xoş gəlmirsə, heç olmasa bitərəf qala bilər. Amma onu tənqid edib təhqir etmək olmaz. Əslində, belə davranışlara sevinmək lazımdır. Bu xanım əsl nəcibliyin, mədəniyyətin nümunəsini göstərib. Bunun əvəzinə onu tənqid atəşinə tutmaq düzgün deyil. Samirə Əfəndini isə tənqid etmək yox, dəstəkləmək lazımdır. Onu təbrik etmək, bu insani addımını təqdir etmək lazımdır. Çünki o, çox gözəl və cəsarətli bir davranış sərgiləyib”.
“İnsanlar hələ ki, bir-birinə qonşu kimi yox, daha çox düşmən kimi yanaşırlar”
Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, istər Azərbaycan, istərsə də Ermənistanda insanlar hələ ki, sülh əhval-ruhiyyəsində deyil:

“Otuz ilə yaxın müharibə şəraitində yaşamışıq və hər iki tərəfin kütləvi informasiya vasitələri çox zaman nifrət üzərində qurulmuş təbliğata yer veriblər. Buna görə də insanları insani davranışlarına görə linç etmək doğru deyil. Hər bir insanın fərdi seçimi var: kimsə qucaqlaya bilər, kimsə əl verib salamlaşa bilər, kimsə isə ümumiyyətlə salam verməyə bilər. Hər iki tərəfdə insanlar hələ ki, bir-birinə qonşu kimi yox, daha çox düşmən kimi yanaşırlar”.
Siyasətçi deyir ki, Azərbaycanla Ermənistan arasında baş verən son proseslər – Azərbaycandan Ermənistana və Ermənistandan Azərbaycana nümayəndə heyətlərinin gəlməsi əsasən hökumətin çətiri altında keçirilir:
“Belə olan halda da münaqişənin ciddi səbəblərini müzakirə etmək niyyətində olmurlar. Halbuki bu, çox ciddi problemdir. Əsl sülh, sadəcə, kağız üzərində imzanın atılması və sərhədlərin müəyyənləşdirilməsi ilə yaranmır. Daimi və dayanıqlı sülh o zaman olur ki, müharibəni şərtləndirən səbəblər aradan qaldırılsın. Bu səbəblər isə tamam fərqli və daha dərin məsələlərdir. Bu, erməni xalqının tarixində də ilk deyil; Azərbaycanla münasibətlərdə də birinci dəfə baş vermir .Səbəblər əhval-ruhiyyədə, tarixi yaddaşda, yaddaşın yozumunda, düşüncə tərzində və beyin alt qatında formalaşmış təsəvvürlərdədir. Bu məsələlər ciddi şəkildə müzakirə edilməlidir. Ancaq düşmən kimi gördükləri birinə qucaq açan şəxsi linç etmək düzgün deyil”.