Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qatılmayacaq

Rusiya-Ermənistan. Foto: xtock/shutterstock

Ermənistan noyabrın 27-də Bişkekdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmayacaq.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməsə də, KTMT çərçivəsində artıq razılaşdırılmış sənədlərin qəbuluna etiraz etmir.

O, həmçinin Prezident Vladimir Putinin səfərin sonunda ənənəvi mətbuat brifinqi keçirəcəyini bildirib.

Sammitdə Belarus, Qazaxıstan və Tacikistan prezidentlərinin, eləcə də KTMT Kollektiv Təhlükəsizlik Şurasının hazırkı sədri Sadır Japarovun iştirak edəcəyi gözlənilir.

Ermənistan 2023-cü ilin əvvəlində KTMT-nin öz ərazisində təlim keçirməsindən imtina etmişdi. Baş nazir Nikol Paşinyan 2024-cü ilin fevralında ölkənin təşkilatda iştirakını “dondurduğunu” açıqlamışdı. Onun sözlərinə görə, KTMT 2021 və 2022-ci illərdə Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirməyib.

2024-cü ilin mayında Ermənistan KTMT proqramlarının maliyyələşdirilməsini dayandırdı. Təşkilat bu qərardan xəbərdar olduğunu, lakin Ermənistanın hələ də qurumun üzvü sayıldığını bəyan etmişdi.

Həmin ilin iyununda Paşinyan Ermənistanın KTMT-dən çıxmaq niyyətini açıq şəkildə ifadə edərək “Geri dönüş olmayacaq”, – demişdi.

Fevralda ABŞ və Ermənistan strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb və atom energetikası sahəsində əməkdaşlıqla bağlı danışıqlara başlayıblar.

Son illər Ermənistanla Rusiyanın rəhbərlik etdiyi KTMT arasında münasibətlər nəzərəçarpacaq dərəcədə soyuyub. Yerevan təşkilatı həm Qarabağda, həm də ətraf rayonlarda yerləşən Rusiya sülhməramlılarının Azərbaycan tərəfinin həyata keçirdiyi əməliyyata müdaxilə etməməsində günahlandırıb. Ermənistan həmçinin 2022-ci ildə Azərbaycan qüvvələrinin öz sərhədinə daxil olduğunu iddia edərək KTMT-ni bu addımı açıq şəkildə pisləməyə səsləmişdi. Bakı isə həmin vaxt bunun mövqelərin dəqiqləşdirilməsi olduğunu bildirmişdi.

Ana səhifəDünyaErmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qatılmayacaq