Ermənistan hökuməti sülh məsələsinə görə müxalifətin tənqidi ilə üzləşib

Azərbaycan-Ermənistan, Foto: By danielo/Shutterstock

Buna səbəb Qarabağ məsələsinin Azərbaycanla sülh danışıqlarında gündəmə gətirilməməsidir

Ermənistan hökuməti Qarabağ məsələsini Azərbaycanla sülh danışıqlarında gündəmə gətirməkdən imtina etməsinə görə məsuliyyəti separatçı Dağlıq Qarabağın rəhbərliyinin üzərinə qoyduqdan sonra müxalifətin sərt tənqidləri ilə üzləşib.

Həftəsonu “Azadlıq” Radiosunun erməni xidmətinə verdiyi açıqlamada Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, “məsələ Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəmindən Samvel Şahramanyanın 2023-cü ilin sentyabrında imzaladığı sərəncam səbəbi ilə çıxarılıb”.

Həmin sərəncam Azərbaycan ordusunun bölgəyə nəzarəti bərpa edən hərbi əməliyyatından sonra imzalanmışdı.

Sərəncam özünü müstəqil elan etmiş separatçı “Dağlıq Qarabağ Respublikası”nın ləğvini nəzərdə tuturdu. Şahramanyan isə 2023-cü ilin dekabrında sərəncamı etibarsız elan edərək bildirib ki, onun imzalanmasının yeganə məqsədi təhlükə altında olan Qarabağ əhalisinin Ermənistana təhlükəsiz şəkildə keçməsini təmin etmək olub.

Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasi müttəfiqləri Qarabağın separatçı rəhbərinin bu qərarının Ermənistanın milli təhlükəsizliyini ciddi təhlükə altına qoyduğunu bildirib.

Paşinyan isə həmin vaxtdan bəri dəfələrlə bəyan edib ki, onun hökuməti üçün Qarabağ məsələsi artıq bağlanmış bir mövzudur.

Ermənistan XİN açıqlamasında həmçinin bildirib ki, Azərbaycan hərbi əməliyyata başlamazdan üç ay əvvəl Qarabağın separatçı rəhbərliyi üçüncü ölkələrdə Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaqdan imtina edib. Qərb tərəfindən təşkil olunan həmin danışıqların 2023-cü ilin iyulunda Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılırdı. Qarabağ təmsilçiləri o vaxt bildirmişdi ki, görüş avqusta təxirə salınıb, lakin sonradan bəyan etdilər ki, rəsmi Bakı bu görüşü ləğv edib. Paşinyan isə 2023-cü ilin əvvəlində Qarabağ üzərində Azərbaycanın suverenliyini rəsmi şəkildə tanıyıb.

Müxalifət liderləri XİN-i faktları təhrif edərək Qarabağın itirilməsinə görə Paşinyanı məsuliyyətdən qurtarmağa çalışmaqda günahlandırıblar.

“Hətta (Azərbaycan Prezidenti İlham) Əliyev Artsaxın (Qarabağ) işğalı və Artsax məsələsinin birdəfəlik bağlanması ilə bağlı bəyanatlarında Artsaxın dövlət qurumlarının buraxılması ilə bağlı qanunsuz sənədə istinad etmir”, –Ermənistan İnqilabi Federasiyası (Daşnaksutyun) üzvü İşxan Saqatelyan aprelin 7-də “Facebook” paylaşımında yazıb.

Müxalif “Pativ Unem” blokunun deputatı Tiqran Abramyan isə bu mövzuda belə yazıb:

“Hakimiyyət tarixə açıq-saçıq saxtalaşdırmalar və təhriflərlə müdaxilə etsə belə, öz cinayətlərinin izlərini silə bilmir”.

2024-cü ilin martına qədər Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri olmuş, müxalifət liderlərindən Edmon Marukyan da XİN-in bəyanatını “biabırçılıq” adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev daha əvvəl bildirib ki, 2024-cü ilin yanvarına qədər Yerevan danışıqlarda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın taleyini sülh sazişinin mətninə daxil etməyə çalışıb. Onun sözlərinə görə, bu məsələ Ermənistan-Azərbaycan sülh danışıqlarında əsas maneələrdən biri olub.

2025-ci il martın 13-də tərəflər sülh sazişinin mətninin razılaşdırıldığını elan ediblər. Müvafiq mətndə nə Qarabağdan, nə də ermənilərin Qarabağa qayıtmasından bəhs edilir.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətErmənistan hökuməti sülh məsələsinə görə müxalifətin tənqidi ilə üzləşib