Meydan TV-nin suallarına ReAL Partiyasının üzvü, millət vəkili Erkin Qədirli cavab verir.
– Erkin bəy, cəmiyyətin sizdən parlament gözləntiləri hələ qalır. Çünki parlamentdə müxalifətdən yeganə siz olduğunuz deyilir. Bu baxımdan tutarlı çıxışlar etməmənizin səbəbi nədir?
– Bu, baxır gözləntilərin səviyyəsinə. Mən başqa məsələlərdə şahidi olmuşam ki, bizdə gözləntilər çox zaman əsassız böyük olur. Məişətdən başlamış siyasətə qədər. Ola bilsin cəmiyyət olaraq hər şeyin tez baş verməsini istəyirik. Ancaq zaman, keyfiyyət və qiymət arasında bəlli bir uzlaşma olmalıdır, çünki üçünü eyni zamanda almaq olmur, hansınısa gərək qurban verəsən. Nəyinsə tez və keyfiyyətli olmasını istəyiriksə, bu, çox bahalı olacaq, nəyinsə tez və ucuz olmasını istəyiriksə, o keyfiyyətsiz olacaq. Nəyinsə keyfiyyətli və ucuz olmasını istəyirkisə, o gec olacaq. Kim burda keyfiyyət əlamətlərindən hansını qurban verməyə hazırdırsa, ona uyğun da gözləntisi olur. Ola bilsin kimsə məndən tez bir zamanda böyük və keyfiyyətli işlər gözlədiyindən mən orda doğrultmayan bir kəs kimi görünürəm. Bunu anlayışla qarşılayıram. O biri yandan parlamentin yaz sessiyası karantin tədbirlərinə görə çox qısırlı keçdi. Əvvəla, komitələr toplaşa bilmirdi, vatsap qrupları üzərindən, hətta video-konfrans şəklində cəhdlər olsa da, səmərəli müzakirələr olmurdu. Bizim AŞPA nümayəndə heyəti kimi aprel sessiyamız olmalıydı, alınmadı, iyun sessiyası da olmayacaq, çünki ölkələrarası uçuşlar yoxdur. AŞPA-nın videotoplantısında oldum, orda da hamı gileylənir ki, bu şəkildə çox da səmərəli konfrans alınmır. Eyni zamanda, Milli Məclisdə deputatları sosial məsafə baxımdan bir-birindən 2 metr aralı otuzdurdular, belə olanda isə mən daxil 20-dən çox deputat yuxarıda oturmalı olduq. Orda isə masa və şəxsi düymən yoxdur, səs verməkdə katiblik işçiləri yardım edir.
– Deməli, obyektiv səbəblər də vardı…?
– Bəli. Həm də seçicilərlə də görüşmək olmur, mən bir-iki dəfə görüşə cəhd etdim, polis xahiş etdi ki, karantindir.
– Bugünkü vəziyyət baxımından götürdükdə partiyanın sizə 1 il zaman qoyması az deyilmi?
– Qarşıda iki sessiya olduğu üçün hələ o barədə düşünmürəm. İstənilən halda partiyanın qərarı olduğundan ona bağlı məsələdir. Əgər partiya yetərli olmadığını hesab edib bir az da zamanı uzatsa… Hər halda mən indidən onu şərh etmək istəmirəm. Amma fakt faktlığında qalır ki, indiki şərtlər altında və məndən də qaynaqlanmayan səbəblər üzündən deputatın görməli olduğu xeyli işləri görmək olmur.
– Ümumiyyətlə, parlamentdə yerdəyişməni rəhbərlik edir, yoxsa seçim sizin olur?
– Yox, orda yer davası etməyin yeri də yoxdur. Nəyə əsasən deyə bilərsən ki, mən burda oturmaq istəmirəm? Nazlanmaq kimi çıxacaq. Hamı bərabər statuslu üzvlərdir, yalnız məni yuxarıda otuzdursaydılar, mənə qarşı olduğunu iddia edə bilərdim.
– Bəs yuxarı hissədə YAP-çılardan oturan varmı?
– Bəli, fərqləndirmə qoyulmayıb. Çox güman ki, meyar o olub ki, yuxarıda oturanlar gənc deputatlardır, məni də yəqin gənc sayıb ora keçiriblər.
– Amma Nigar Arpadari lap öndə oturub…
– Hə, elədir, yəni meyarlar qarışır, bilmirsən hansı meyara görə qərar verilib, açığı o tərəfin düşünmürəm. Ona görə ki, ümumi çətinlikdir və obyektiv səbəblər var.
– Bəs sizin üçün səsvermə necə olur?
– Səsverə bilərəm, katibliyin işçisi mənim yerimə kartı sala bilir, söz istəyəndə də, o, sənin yerinə kartı salır. Ya da asan olur ki, əlini qaldırırsan, orda sayıb elan edirlər. Yəni obyektiv problemlərdən qaynaqlanan müvəqqəti çətinliklər var.
– Bu arada biz sizdən yalnız müvafiq qanunvericilikdə xuliqanlıq maddəsinin çıxarılması təklifini eşitdik. Amma cəmiyyətdə sosial problemlər, həbslər oldu, məsələn, AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovu terrorçuluğu maliyyələşdirməkdə ittiham edərək həbs etdilər, yaxud Tofiq Yaqublunun həbsində müəmmalı suallar qalır. Sadaladıqlarımı Milli Məclisdə gündəmə gətirə bilməzdinizmi?
– Mənim təxminən plenar sessiyalarda 10-11 çıxışım olub, o cümlədən, komitələrdə. Amma fakt belədir ki, mediada bu çıxışların heç biri yayımlanmır. Bir dəfə deputat Tahir Kərimli ilə çox kiçik və korrekt mübahisəmiz oldu, onu başlığa qalmaqal şəklində çıxartdılar. Bundan başqa sosial şəbəkələrlə bağlı çıxışım tam verilmədən, kontektsdən çıxarılaraq APA-da yayımlanmışdı, o zaman elə “Facebook”da bu barədə yazdım. Yalnız bu iki çıxış yayımlanıb, ola bilsin jurnalistlərin gözlədiyi çıxış deyil. Çünki mən gündəlikdə olan məsələlər barədə danışıram. Gündəliyə aid olmayan çox çıxış olur, məsələn, “Yol hərəkəti haqqında” qanuna düzəliş müzakirə olunur, YAP-dan kimsə söz alıb müxalifəti tənqid edir.
– Yəni sizə cari məsələlərdə vaxt ayrılmır?
– Cari məsələlər 30 dəqiqədir, bu zamanda söz ala bildinsə, danışırsan, bugünə qədər çıxış etməmişəm. Konkret ayrı-ayrı işlərə görə – məsələn, Tofiq Yaqublu, – ümumləşdirib xuliqanlıq cinayətinin məcəllədən götürülməsini istəyirdim. Çünki bu, yalnız Tofiq Yaqublu məsələsi deyil. Vətəndaş cəmiyyətində və müxalifət partiyalarında nə qədər adam xuliqanlıq maddəsilə həbs olunub. Maddə qaldıqca, sui-istifadə də olunacaq. Hətta plenar iclasda və komitə iclaslarında da bu barədə danışdım, toplantıya prokurorluq, Prezident Administrasiyasından da gəlmişdilər. Kompromis təklif etdim ki, əgər xuliqanlıq maddəsini olduğu kimi götürə bilmirsinizsə, hazır deyilsinizsə, heç olmasa, başqa maddələrdən ağırlaşdırıcı hal kimi xuliqanlııq niyyətini götürün. Amma razılaşmadılar. Bilirsiniz, tədricən, təkliflərini irəli sürürsən, sistemi sınıyırsan, sonra yeni layihə hazırlayıb yeni təkliflər verirsən. Yəni bu, bitmiş bir məsələ deyil, başqa məsələlər olduğu kimi gündəmdə saxlamağa çalışacam.
– Kamran Əliyev Respublikanın Baş prokuroru təyin olunandan sonra orqanın tərkibi dəyişdi. Yəqin bilirsiniz ki, Kamran Əliyev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olanda onun müavini Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olundu. Beynəlxalq jurnalistlər qrupunun (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi -Organized Crime and Corruption Reporting Project – OCCRP) bir neçə il əvvəlki araşdırmalarından biri Əli Nağıyev barədə idi. Partiyanızın sədri İlqar Məmmədov isə son dəyişiklilərə reaksiyasında “hələ gözləyəcəyik” deyə cavab verib. Ancaq ortalıqda xarici jurnalistlərin geniş araşdırması var. Bu baxımdan siz özünüz deputat olaraq həmin araşdırma əsasında fikir bildirə bilərdinizmi?
– Amma başqa fakt da var, indiki Baş prokuror Azərbaycanın GRECO-da nümayəndəsi idi, bu qurum Avropa Şurasının korrupsiyaya qarşı mübarizə təşkilatıdır. Yəni Kamran Əliyev Avropa Şurasında da tanınan adam olub, yəni bu fakt da var. Bu adamla bağlı tutarlı fakt və yaxud siyasi iradə olsaydı, onu GRECO-da nümayəndə kimi qəbul etməzdilər.
– Mən Kamran Əliyevdən yox, müavinindən danışıram…
– Yox, onun müavini başqa məsələ də, biz prokurorluqdan başladıq. Məsələ onda idi ki, İlqar Məmmədov Baş prokuror haqqında danışmışdı. Mən də Milli Məclisdə lehinə səs vermişdim. Hər halda Baş prokuror prokurorların arasından təyin olunmalı idi, Kamran Əliyevin fəaliyyəti ilə bağlı iradlar varsa, o zaman bu vəzifəyə hansı meyarlara görə və kimin təyin oluna biləcəyini tənqidçilər gərək deyərdi.
– Gəlin, detallaşdıraq, beynəlxaq və daxili media araşdırmışdı ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, – hazırda DTX rəisidir, – Əli müəlimin biznesi var. Siz bu məsələni Milli Məclisdə qaldıra bilməzdinizmi ki, mətbuatda belə bir araşdırma yayılıb?
– Axı onun heç müzakirəsi də olmadı.
– Hər halda məsələni gündəmə gətirmək olardı da.
– Addım-addım gedək də, hazırlıqsız döyüşə atılmaq heç zaman ağıllı addım deyil. Hər mərhələnin öz gündəmi var və gündəmi də mərhələ formalaşdırır. İndiki mərhələdə məsələ hamının narazı olduğu əvvəlki Baş prokurorun getməsi və onunla bağlı qurumda bəlli dəyişikliklərin olması idi. Hələ ki, həmin mərhələnin başladığı görünür, hara gedir, bunu artıq zaman göstərəcək. Ümumiyyətlə, mən prokurorluğun indiki statusu ilə razı deyiləm. ReAL Partiyasının proqramında yazmışdıq ki, Respublika Prokurorluğu indiki şəkildə olmamalıdır. İstintaq və ittiham ayrı qurum olmalıdır, prokurorluğun iki modeli var, ya məhkəmələrin, ya da ədliyyənin nəzdində. Bizdə hansına üstünlük verməyin lazım olduğunu mübahisə etmək olar, amma mən indiki statusla razı deyiləm, Baş prokurorun kim olacağı o qədər də önəmli deyil. Çünki mənim strategiyamda prokurorluq bu şəkildə olmamalıdır.
– Son kadr dəyişikliklərini, DTX-nin apardığı həbsləri islahat mərhələsi sayırsınızmı?
– Mən baş verənləri heç vaxt islahat adlandırmamışam, hətta hökumətyönlü jurnalistlər zəng edib islahatları şərh edin deyə sual verəndə, cavab vermişəm ki, belə bir şərhi YAP deputatlarından alın. Mənim rolum müxalifətdirsə, mən islahatları şərh yox, tənqid edə bilərəm, bildiyim bir mövzu olarsa. Kadr islahatı tamam ayrı bir mövzudur, görünən odur ki, son illərdə həm nazirlər, həm icra başçıları, məhkəmə korpusu dəyişir, amma bu, bizim gözlədiyimiz islahat deyil. Sistem islahatlarından söhbət gedirsə, daha fundamental addımlar atılmalıdır. O biri yandan da bunun siyasi risklərinin və iqtisadi dəyərinin olduğu anlaşılır. Ona görə istənilən halda mən bu sualı cavablandırmağa girişsəm, ReAL Partiyası hökumətdə olardısa, nə edərdi şəklində qurardım cavabı. YAP və indiki Prezidentin nə etdiyini şərh etməyi özümə doğru funksiya saymıram.
– Ümumiyyətlə, Prezidentin apardığı dəyişiklikləri müxtəlif cür dəyərləndirənlər var, məsələn, hakimiyyətin bir qrupdan başqa bir qrupa ötürüldüyü haqda fikrə münasibətiniz necədir?
– O söhbət çoxdan gəzir. 2016-cı ilin referendumunda, I vitse-prezident vəzifəsi təsis olunanda bu barədə daha geniş danışılmağa başlanıldı. Amma bunlar hamısı dedi-qodu, şayiə şəklindədir də, rəsmi gedişat və məlumat yoxdur, Milli Məclisdə də belə müzakirələr olacağı gözlənilmir. Zamanı qabaqlamayaq. Bizi istənilən halda hakimiyyətin bir ailənin içində əl dəyişməsi qane etmir, bu barədə 2009-cu il referendumunda da danışmışdıq, ReAL yeni yaranan zaman idi. 2016-cı il referendum dəyişikliyinin əleyhinə səs vermişdik, hətta təşviqat qrupu yaratmağa çalışsaq da, 3 nəfərimizi həbs etdilər. Daha çox həbslərin olmaması, üzvlərimizi təhlükəyə atmamaq üçün məsələni qapadıb geri çəkildik. Mövqeyimiz belədir, siyasi sistemin indiki şəklini çox yumşaq desək, bəyənmirik, hakimiyyətin bir əldə cəmlənməsinə qarşıyıq, o cümlədən, bir ailənin içində əl dəyişməsinə də.
– Erkin bəy, tarixə getmişkən, bir məsələni dəqiqləşdirmək istərdim. Sizin 2013-cü ilin iyulunda Amerika Konqresinin Helsinki Komitəsindəki sərt çıxışınızı xatırlayıram. AXC ilə indiki hakimiyyəti müqayisə edib bildirmişdiniz ki, 1918-20 illərdə 4 dəfə hökumət dəyişildi, amma 30 ildir kiçik fasilə ilə Azərbaycanı bir ailə idarə edir. Həmin fikirlərinizdə qalırsınızmı?
– Bəli, qalıram, bayaq söylədiklərim də onun davamıdır.
– Siz Milli Məclisə gedəndə söyləmişdiniz ki, tənqidi çıxışlar etsəniz, seçicilərinizin problemlərinə vaxtınız olmayacaq…
– Onu o şəkildə demədim. Bilmirəm, xatırlasam, orda bir kontekst vardı, tənqidi çıxışlar edirəm, bütün çıxışlarım da tənqididir. Milli Məclisdə nəyisə tərifləməmişəm, halbuki, tərifi də pis bir şey saymıram. Sadəcə, qanunverici orqanda funksiyalar belədir də, YAP tərifləyir, müxalifət tənqid edir, bir qayda olaraq bütün parlamentlərdə rollar belə bölüşüdürülüb. Sadəcə, bizim Milli Məclisdə müxalifət yoxdur.
– Siz özünüzü orda müxalifət sayırsınız də…?
– Mən özümü müxalifət sayıram. Amma bir-iki nəfərlə olmur də, müxalifətin gərək fraksiyası olsun. İnstitusional baxımdan müxalifət yoxdur.
– Ancaq Rrezident dedi ki, Milli Məclisin və komitələrin rəhbərliyində müxalifət də var.
– Prezidentin öz gümanı var.
– Haqlı gümandırmı?
– Yox, mənə görə haqlı deyil. Çoxpartiyalılıq var, fakt odur ki, Milli Məclisdə partiyalar var. Əslində, mən orda müstəqil deputat sayılıram, çünki partiyamızın qeydiyyatı yoxdur. Halbuki, hamı ReAL Partiyasının üzvü olduğumu bilir. Amma bu, yalnız Milli Məclisin qaydası deyil, AŞPA nümayəndə heyətimiz təsdiqlənəndə, mən müxalif kimi yazılmaq istədim, amma katiblikdən partiyamızın qeydiyyatının olmadığını xatırladıb mümkünsüz olduğunu dedilər. Yəni müstəqil heyət üzvü sayıldım. Nümayəndə heyətində üçdə bir iqtidar, bir o qədər də müxalifət və müstəqil olmalıdır. Belə deyək, məni müxalifət bilirlər, amma saymırlar. Partiyamız qeydiyyata alınsa, statusum yəqin dəyişəcək. Karantin bitəndən sonra qurultay keçiriləcək. Sualınıza qayıdıram, Prezidentin o şəkildə söyləməsi yeganə o fakta əsaslanır ki, parlamentdə 7-8 partiya var, onların deputatları da komitələrdə ya rəhbər, ya da müavindir, hətta 1 nəfər vitse-spikerdir. Amma o yetmir və o demək deyil ki, müxalifət var. Fraksiya və institusional iş olmalıdır. Milli Məclisdə səsvermə olanda, tabloda görünür, 98 nəfər lehinə, əleyhinə yoxdur yazılır, ya da 1-2 nəfər əleyhinə olur, o da çox zaman mən oluram. Bu, hamının eyni cür düşündüyü anlamına gəlməməlidir, birinci, indiyə qədər təqdim olunan layihələr keyfiyyətlidir. Ancaq səslərin lehinə və əleyhinə bölünməsi layihənin keyfiyyətindən daha çox parlamentin işindəki fraksiyaların işindən və qarşıdurmasından asılıdır. Demokratik ölkələrdə müxalifət bəzən çox yaxşı layihəni də vurur, keçməsini istəmir, sənədin lazımsız, pis olduğuna görə etmir bunu, məqsəd iqtidarı hansısa danışığa çəkib ondan nəsə qopartmaqdır. Azərbaycan parlamentində həmin gedişat olmadığından tablodakı rəqəmlər qıcıq verir. Amma mən dəfələrlə layihələrin əleyhinə çıxış etmişəm, ən azından hüquqşünas və özümü müxalifət saydığım üçün. Amma bu, Milli Məclisdə müxalifətin olduğu anlamına gəlir. Müxalifət institusional anlayış olaraq yoxdur, YAP-ın da heç fraksiyası yoxdur.
– Bugünlərdə Dolunay haqqında statusunuzda siyasəti boş verin, Aya baxın – deyə yazmısınız. Siyasəti boş verən adamın parlamentdə nə işi var?
– Kontekst önəmlidir də. İzolyasiya günündə gözəl bir hava, dolunay… Onun üçün yazılmışdı.
– Mən sizin dediklərinizi kontekstdən çıxarmamışam, ola bilər əhval-ruhiyyənizi çıxartmışam…
– Bir daha deyirəm, hamı evdə oturur, gileylənir, yaxud əksinə, evdə oturan film və kitab haqqında çeşidli məsləhətlər verir. Mən də dolunayı görüb yazdım, yəni kontekstə olduğundan buna önəm verməyin əhəmiyyəti yoxdur.
– Hər halda siz siyasətlə məşğul olduğunuzdan sözünüzün çəkisi var…
– Hər ay dolunay olur, o barədə yazıram? Yox. İndi bir dəfə oldu, keçdi.
– Erkin bəy, mandat alanda qarşınıza şərt qoyulmuşdumu?
– Yox, şərt olsaydı, Milli Məclisə getməzdim. Şərti ReAL Partiyası qoydu, 1 il vaxt verdilər.
– 1 il sonra partiya əleyhinizə qərar versə, nə edəcəksiniz?
– Görək də, hələ bir qərar çıxsın.
– Səhv etmirəmsə, 2012-ci il idi, “Mediaforum”-a demişdiniz ki, xalqın intelektuallığa münasibəti, seçkiyə, rüşvətə münasibəti hakimiyyətin məsuliyyətidir. Yəni hakimiyyət hansı şəraiti yaradırsa, xalq da o vəziyyətə düşür. Ancaq son vaxtlar xalqı günahlandırırsınız və xalqın hansısa proseslərə hazır olmadığını deyirsiniz, “olan xalqımız budur” deyə bildirirsiniz. Təzad deyilmi?
– Təzad görünə bilər, amma əslində, bir-birini tamamlayır. Çünki hökumət də göydən düşməyib, cəmiyyətin içindən çıxıb. O başqa məsələ ki, legitim deyil, amma o biri yandan da cəmiyyət hansısa şəkildə hakimiyyətlə barışır da.
– Dəqiqləşdirək, bu cəmiyyəti hakimiyyət bu vəziyyətə salıbmı?
– Bu, qarşılıqlıdır
– Necə qarşılıqlıdır?
– Yəni hökumət vakkumda deyil, cəmiyyətin təsisatlarından birisidir. Yeri gəlmişkən, mən bir dəfə cəmiyyətimizin demokratiyaya hazır olmadığını yazdım, qalmaqala çevrildi, xalq hakimiyyətə hazır deyilmiş kimi yozuldu. Halbuki, mən xalq yox, cəmiyyət yazmışdım, bir nəfər də soruşmadı cəmiyyətlə xalqın arasında fərq nədir?! Fərq var, xalq insan toplusudur.
– Nəzəriyyəyə getməyək, konkretləşdirək…
– Nəzəriyyə deyil, bir halda ki, suallar doğurur cavab verim. Xalq insanlar toplusudur, Konstitusiyada da yazılıb ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir.
– O zaman sual yaranır, xalq hazırdırmı?
– Mən xalq haqqında heç nə demirəm, mənimki cəmiyyətdir. Mən kiməm ki, xalq haqqında nəsə deyim? Mən də xalqın bir üzvüyəm, xalq heç vaxt nəyəsə hazır olmur. Söhbət cəmiyyətdən gedir, xaricdə yaşayan Azərbaycan vətəndaşı xalqımıza aiddir, amma cəmiyyətinə yox, çünki burda yaşamırlar. Burda yaşayan xarici vətəndaşlar xalqımıza aid deyillər, amma cəmiyyətin üzvüdürlər. Cəmiyyət insan toplusu deyil, təsisatların və təcrübələrin toplusudur. Təsisatlar da təşkilatlara və qaydalara bölünür, təşkilatlar da ailədən dövlətə qədər hesab olunur. Məsələn, ailədən başlamış dövlətə qədər hansı təsisatımız demokratikdir, ailə demokratikdirmi, patriarxallıqdan danışılır. Ailə də dəyişməsə, cəmiyyət dəyişməz, bunu mən demirəm və heç zaman o mövzuya girmərəm də. Amma deyənlər də var, mən də cəmiyyətimizin hazır olmadığını söyləyəndə tənqidə hədəf oluram. Qayda, əxlaq, adət-ənənə, din və hüquq, bunların arasında demokratiyaya yaxın olan ancaq sonuncu-hüquqdur. Avropa Şurasına üzv olduğumuzdan bir çox qanun qərb ekspertləri ilə birgə hazırlanıb qəbul olunur. Ən azından da roman-german hüquq sisteminə aid olduğumuzdan qanunvericiliyin mətni ən azından nisbətən Avropaya yaxındır. Adət-ənənə, əxlaq, din bu söhbətdən çox uzaqdırlar. Nəhayət, təcrübələr də bölünür davranışlara və gözləntilərə, bu da ayrı bir mövzudur. Demək istədiyim odur ki, cəmiyyətimizdə yalnız qanunvericilik hazır durumdadır. Düzdür, onun da öz problemləri var. Amma qanunları düzgün çalışdırsaq, demokratik dövlət qura bilərik. Xalq isə ayrı mövzudur, bu barədə yazıçılar, filosoflar danışsın.
– Amma belə də demisiniz, hakimiyyət hansı şəraiti yaradırsa, xalq da o vəziyyətə düşür…
– Bu, qarşılıqlıdır.
– Yəni məsuliyyəti bölürsünüz də?
– Bəli, bölürəm.
– Axı xalqa səsverməyə də şərait yaratmırlar, icazə vermirlər…
– Gəlmədi axı, icazə vermişdilər…
– Sizin də dairədə gəlmədi?
– Gəlmədi.
– Bəs necə oldu ki, parlamentdə oturdunuz?
– Yox, gələnlərin səsi nə qədərdisə, onların arasından çıxdı, majoritar sistemdi. Mən yalnız iki məntəqədə 100-dən çox səs topladım, qalanında 19, 29, 41, 53 və.s. 81 nəfər seçici gəlib 29 səs toplamışam. Əslində, sistemin gözəlliyi də budur, kvorum yoxdur, fakt budur ki, seçkiyə maraq da yoxdur.
– O zaman niyə seçkiyə qatıldınız? Yenə təzad…
– Çıxsın da, təzad niyə problem olsun ki?! Bir yandan demokratik seçki istəyirsiniz, bir yandan da təzadsız olmasını deyirsiniz.
– O, demokratiyanın təzadı deyil axı…
– Yox, demokratik düşüncə ziddiyyətlidir və təzad doğurur.
– Erkin bəy, idarəetmənin təzadıdır, siz də onu demirsiniz…
– Siz neçənci dəfədir mənim fikrimdə təzad axtarır və onu nöqsan sayırsınız. Nəzəri fəlsəfədə də elədir, hər hansı bir nəzəriyyənin, eyni zamanda tam və ziddiyyətsiz olduğuna nail ola bilməyəcəksiniz. Nəzəriyyə tamdırsa, yəni hər şeyi əhatə edib izah edirsə, deməli, ziddiyyətlidir. Ziddiyyətsizdirsə, deməli, natamamdır. İkisindən birini seçməli olacaqlar. Siz mənim fikirlərimin ziddiyyətsiz olmasını istəyirsinizsə, onda həmin fikirlərin hər şeyi izah etmədiyini bilməlisiniz. Hər şeyi izah edən fikirlər istəyirsiniz, o fikirlər mütləq ziddiyyətli olur.
– 2013-cü ildə seçki olmadığını deyib və qeyri-şəffaflığı qabartmışdız. Əsasən seçkiyə orta sinifin getməsi səbəbinə görə insanların seçkiyə getmədiyini demişdiniz. Seçicilər seçkiyə 2020-ci ildə də çox az maraq göstərdilər, elə öz dairənizi misal çəkdiniz. Amma seçkiyə qatıldınız, bəs xalqın görmədiyi nələri gördünüz ki, seçkidə iştirak qənaətə gəldiniz?
– Seçkiyə qatılanda prosesin səliqəli keçirləcəyini gümanındaydıq. Yeri gəlmişkən, biz heç vaxt demokratik seçki olacağını deməmişdik. Mənim gümanım vardı ki, seçki səliqəli olacaq, amma doğrulmadı. Hətta seçkiyə qatıldığım dairədə belə seçki səliqəli olmadı. Nədən gözləntimiz və gümanız vardı, bu, ayrı mövzudur. Amma yenə də görünür ki, hətta mən bu gedişatı ağılla ölçməyə çalışdım, halbuki, burda ağılsız şeylər də çoxdur. Sən hakimiyyəti və siyasi prosesi sırf ağıllı gedişat saymağa başlayırsansa, yanılacaqsan. Siyasətdə ağılsız şeylər də çoxdur, burda emosiyalar da var, risklər var, bir çox şeylər. Xüsusilə müxalifətdə olan üçün, çünki məlumata əlin çatmır. Bir daha deyirəm, bizim səliqəli seçki gümanız vardı, yanıldıq, onsuz da demokratik seçki olacağını deməmişdik. Bununla belə partiya olaraq 1 yer qazandıq, mən bunu partiya qazancı sayıram. Ona görə Milli Məclisə gedib-getməməyim müzakirə edildi. Qarşıda hamımızı çətin sınaqlar gözləyir, məsuliyyət yükü daha çox mənim üzərimdədir. Mən yükü daşımağa hazıram, artıq daşımağa başlamışam. Heç kəsi heç nədə qınamıram. Sadəcə, hərdən anlaşılmazlıqlar olur, bəzən mənim yanlışlığım olur, bəzən başqalarının. Məncə, biz bu mərhələni ləyaqətlə keçə biləcəyik.