O deyib ki, seçkidə həlledici rolu Türkiyə xalqı oynayacaq
Türkiyənin hazırkı dövlət başçısı, prezidentliyə namizəd Rəcəb Tayyub Ərdoğan “ATA İttifaqı”nın namizədi Sinan Oğanın II tur üçün irəli sürdüyü şərtləri rədd edib.
R.T.Ərdoğan CNN-ə müsahibəsində bu barədə danışmaq belə istəməyib.
“Mən bu üslubda danışıqlar aparmağı sevmirəm. Burada həlledici rolu Türkiyə xalqı oynayacaq”, – deyə o bildirib.
14 may seçkilərində 5.17 faiz səs toplayan “ATA İttifaqı”nın namizədi Sinan Oğan ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərt irəli sürmüşdü.
Bu barədə Zəfər Partiyasının yaydığı açıqlamada bildirilir.
Şərtlərdə qeyd olunur ki, Konstitusiyanın ilk 4 maddəsi dəyişməyəcək:
“Güzəştsiz olaraq “FETÖ” və PKK ilə mübarizə aparılacaq. Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq. Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək”.
Eyni zamanda, daxili işlər, müdafiə və təhsil nazirliklərinin “ATA İttifaqı” və Zəfər Partiyasına həvalə edilməsi də şərtlər sırasındadır.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener namizədlərin 50+1 səs toplamadığından seçkilərin ikinci tura qaldığını bəyan edib.
O, seçkilərin ikinci turunun mayın 28-də keçiriləcəyini açıqlayıb.
Mayın 28-də keçiriləcək II tur prezident seçkilərində Ərdoğanın əsas rəqibi “Millət İttifaqı”nın vahid namizədi, CHP sədri Kamal Kılıçdaroğludur.