Ərdoğan CHP sədrini məhkəməyə verib (Yenilənib)

Rəcəb Tayyib Ərdoğan. Foto: Meydan TV

Zəfər Partiyasının sədri haqqında isə 7 il 10 ay 15 günədək həbs cəzası istənilib

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ haqqında ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək ittihamı ilə 1 il 10 ay 15 gündən 7 il 10 ay 15 günədək həbs cəzası istənilib.
İddianamə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanıb.

Ümit Özdağ 2025-ci ilin yanvarında “Prezidenti təhqir etmək” ittihamı ilə saxlanılıb.

Yanvarın 19-da partiyanın iclasında Prezident Rəcəb Tayyib Ərdoğan haqqında söylədiyi fikirlərinə görə Özdağ barəsində İstanbul Baş Prokurorluğu istintaqa başlayıb.

“Heç bir səlib yürüşü türk millətini deistə, ateistə, xristiana çevirə bilmədi. Ərdoğanın hakimiyyəti dövründə türk millətinin böyük bir təbəqəsi onları Allahla aldadanların ucbatından öz dinlərinə maraqlarını itirdi. Ölkədə Ərdoğanın hakimiyyəti dövründə deist və ateistlərin sayı 16 faizi keçib. Ərdoğan dövləti dini təriqətlər və icmaları bölməklə, müşrikləri dövlətə ortaq etməklə, milyonlarla qaçqını və qaçağı Anadoluya gətirməklə, türk millətinin mədəniyyətini məhv etməklə türk millətinin inancına xələl gətirir. Əslində, baş verənlər AKP faşizmidir”, – Ümid Özdağ çıxışında demişdi.


Özgür Özəl barəsində prezidentin təhqir edilməsi ittihamı üzrə prokurorluqda cinayət işinin açılmasına dair müraciət edilib

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

Bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın “X” hesabında paylaşım edib.

Məlumata görə, Özgür Özəlin 21-ci Fövqəladə Qurultay zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan ifadələrindən sonra bununla bağlı tədbir görülüb.

Hüseyn Aydın bildirib ki, Ankara Asliye Hüquq Məhkəməsində Özəl haqqında 500 min Türkiyə lirəsi dəyərində mənəvi təzminatın ödənilməsinə dair məhkəmə iddiası qaldırılıb.

Vəkil əlavə edib ki, Prezidentin təhqir edilməsi ittihamı üzrə Ankara Respublika Baş Prokurorluğunda cinayət işinin açılmasına dair müraciət edilib.

Özgür Özəlin Ərdoğana ünvanladığı “Türkiyəni seçkilərdən, rəqiblərindən və millətdən qorxan bir xunta idarə edir”- sözləri tənqidlərə səbəb olub.

Prezident Rəcəb Tayyib Ərdoğan “xunta üzvü” ifadəsinə görə Özələ qarşı 500 min lirə təzminat tələbi ilə məhkəmə iddiası qaldırıb.

Növbəti prezident seçkilərində Ərdoğanın əsas rəqibi olacağı gözlənilən CHP üzvü, İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə siyasi böhranla üzləşib. Hakimiyyət onun terror təşkilatları ilə əlaqədə olmaqda ittiham etsə də, sonradan İmamoğlu yalnız korrupsiyada günahlandırılıb. Müxalifət İmamoğlu və onun bir neçə tərəfdaşına qarşı açılan cinayət işinin siyasi xarakterli olduğunu bəyan edib.

İmamoğlunun həbsi İstanbul, Ankara və digər şəhərlərdə kütləvi etirazlara səbəb olub. Türkiyədə 2025-ci il martın 19-dan martın 23-dək keçirilən etiraz aksiyalarında iştirak edən mindən çox şəxs saxlanılıb.

Ana səhifəDünyaƏrdoğan CHP sədrini məhkəməyə verib (Yenilənib)