Ənvər Ağazadə şeirlə, poeziya ilə, ədəbiyyatla məşğul olur. Onun əsas və sevimli janrı isə satiradır. Müəllifin yaradıcılığında siyasi motivli şeirlər üstünlük təşkil edir. O, gördüyü haqsızlıqlara qarşı haqq səsini kəskin tənqidi şeirləri ilə ucaldır.
Şairin şeirləri mətbuatda çap olunsa da onun yazdığı satiralar heç də hamının xoşuna gəlmirdi. Şeirlərinə görə sorğu suala tutulan müəllif bəzən oxuduğu universitetdə də rektorun görüşünə yollanmalı olur. O, həmçinin universitet daxilindəki jurnalda da satirik şeirlər yazır, karikaturalar çəkirdi.
Qarabağ müharibəsində iştirak etmiş şair elə münaqişənin qızışdığı illərdə aktiv siyasətlə məşğul olmağa başlayır. Şeirlərini elə meydanlarda, xalqın içində səsləndirməyə üstünlük verən şair, dəfələrlə mitinqlərdə çıxışlar etmiş, şeirləri ilə xalqın problemlərini bədiiləşdirmişdir. Yazılarına, şeirlərinə görə hakimiyyətin qəzəbinə tuş gələn Ənvər Ağazadə bir neçə dəfə həbs olunub, işgəncəyə məruz qalıb, döyülüb. Yaxın gələcəkdə parlamentdə xalqın səsi olmaq istəyən şair gələcəyə ümidlə baxır.
Yaşadıqlarından, gördüklərindən ibarət üç kitab ərsəyə gətirən şair hələ də yazmağa və haqsızlığın qarşısında dayanmağa ona müqavimət göstərməyə müqtədirdir.