Azərbaycanda əcəmi kürdləri necə yaşayır, nə ilə dolanır, nədən şikayət edirlər…
Kürün köhnə körpüsündən Yevlax vağzalına qədər uzanan küçələrdə gəzdikcə, yerli əhalidən dilinə, görünüşünə, yaşam tərzinə görə fərqlənən insanlarla qarşılaşırsan.
Çoxu onları “qaraçı” adlandırsa da, özləri “kürd” olduqlarını deyirlər. Babalarının buraya 1940-1950-ci illərdə İrandan köç etdiklərini söyləyirlər.
Onların kimliyi məsələsinə bir azdan qayıdarıq. Bircə onu deyək ki, tarixləri barədə öyrənməyə çox da imkanımız olmur: deyəsən, tanımadıqları adamlarla söhbət etməyi sevmirlər.
“Dəmir-dümür yığıb, onunla dolanırıq”
Palçıqlı yollarla, nizamsız evlərin arasından keçərək irəliləyirik. Gülüşən, səs-küylü uşaqlar da yolboyu bizi müşayiət edir. Yanımızdan keçən qadınlar başlarını aşağı salıb, bizi görməzdən gəlirlər.
Bir az irəlidə, çəpərin arxasından qız uşaqlarının gülüşü eşidilir. Bizi görən kimi yanımıza qaçırlar. Bir əllərində balıq, o birində də bıçaq tutublar.
– Nə edirsiniz?, -deyə soruşuruq.
– Balıq təmizləyirik, – hicaba bürünmüş, gülərüz, ağbəniz qız cavab verir.
– Neçə yaşın var?
– 15
– Məktəbə gedirsən?
– Yox, getmirəm.
– Niyə getmirsən?
– Nə bilim. İstəmirəm.
– Bəs istəmirsən gələcəkdə həkim olasan, müəllim olasan?
– Yox, – qızcığaz çiyinlərini çəkərək cavab verir.
– Ananız, atanız evdədir?
– Bizim atalarımız dustaqdır, bacı, – balıq təmizləyən qızlardan o biri cavab verir.
Söhbətin bu yerində eyvanda bir qadın görünür. Öz dillərində uşaqlara nəsə deyir, qızlar içəri keçirlər. Ağbəniz qız xəlvətcə bizə gülümsəyib, gedir.
Yola davam edirik. Bizim gəzdiyimiz yerə camaat arasında “oba” deyilir. Bizi görən cavanlar “oba”dakıları danışdıra bilməyəcəyimizi söyləyərək, qarşı tərəfə keçməyimizi məsləhət görürlər.
Burdakı camaatın hərəsi bir şeydən şikayətlənir. Onların nə suyu var, nə yolu, nə də kanalizasiyası, amma heç biri ağzını açıb, bir kəlmə demir.
“Guya siz nə edəcəksiniz? Gəlib çəkirlər də, niyə nəticəsi olmur? Gəlib danışdırırsınız, şikayət etdiyimiz yerləri kəsirsiniz. Bizimlə məzələnirsiniz”,- Çəhrayı donlu qadın narazılıq edir. Qətiyyətlə danışmayacağını bildirərək, evə keçir.
Yolun o biri tərəfinə gedirik, Rahid Məmmədov küçəsinə, onların tanıdıqları kimi desək, marketin arxası tərəfə.
Küçənin girişindəcə dolub-daşan zibil konteynerləri dayanıb. Elə indicə balaca, buruqsaç qız ipə bağladığı vannanı sürüyə-sürüyə bura gətirdi, zibili atıb, evə qayıtdı.
Bura ilk başda səssiz, ölü görünsə də, irəli getdikcə ayaqları palçığa bata-bata gəzişən, gülüşən uşaqlar, arabir ötən qatarlar, hasarlardan asılan rəngli xalçalar burda həyat olduğunu xatırladır.
Bizi görən məhəllə sakini Sveta Kərimova ilk başda ünsiyyətdən çəkinir. Elə ki qadından sosial problemlərini soruşuruq, dilə-ağıza qoymadan danışmağa başlayır.
“Bu, yaşayış deyil. Kanalizasiyamız yoxdur. Uşaqlar evdən çıxanda palçığa girirlər. İstəyirik kanalizasiya boruları quraşdırılsın, bizim dərdimizlə maraqlanan olsun, bizə baş çəkən olsun. Çoxuşaqlı ailəyik deyə, Prezident bizə pul verir. Amma o pul nə işığa, nə qaza, nə də suya bəs edir. İki tay un alıram, o da ayın yarısı qurtarır”.
Daha bir sakin Elmira Abdullayeva da söhbətə qoşulur. Evlərində qaz, işıq olmadığını, şikayətlərinin nəticəsiz qaldığını söyləyir. Sakinlərin dediyinə görə, küçədə bəzi evlərdə qaz-işıq var, bəzilərində yoxdur.
“Soyuqdan nəvələrim qırılır. Vallah, ölürük biz. Qazımız yoxdur, neçə dəfə idarəyə getmişəm. O deyir, bilmirəm, bu deyir, bilmirəm. Yaxşı, bəs bizə kim baxsın? İşığımız yoxdur, axşamlar şam yandırıb, evi işıqlandırırıq. Azərbaycan vətəndaşı deyilik biz? Kasıblıq da bir yandan, köhnə dəmir-dümürləri yığıb, onunla dolanırıq. Vallah, bir kisə unum yoxdur, uşaqlarım acından qırılır”.
Sakinlərin şikayətlərilə əlaqədar Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Bəhruz Məmmədov söyləyir ki, həmin küçənin sakinləri tərəfindən icra hakimiyyətinə rəsmi müraciət daxil olmayıb. Qurum rəsmisi vəd verir ki, müraciətimizdən sonra qaz, işıq, kanalizasiya problemləriylə bağlı küçəyə baxış keçirəcəklər.
“Uşaqları məktəbə göndərməyə imkanımız yoxdur”
Qadınların həvəslə danışmasından ürəklənib, uşaqlarını məktəbə göndərib-göndərmədiklərini də soruşuram.
Bəlli olur ki, Svetanın 9 uşağı var, amma heç biri məktəbə getmir.
“Heç birini məktəbə göndərmirəm. Paltarını, ayaqqabısını nə ilə alım? İndiki uşaqlar da məktəbə gedəndə gərək ciblərinə ən azı bir manat qoyasan. Həm də uşaqlar bizimlə birlikdə işləyirlər, dəmir, plastik qablar yığıb satırıq. Günə 5-10 manat çıxarırıq. Çörək puludur də, uşaqlar yeyirlər”.
Elə bu əsnada Svetanın azyaşlı qızı həyətdə oturub, başını aşağı salıb, qab-qacaqları yumaqla məşğuldur. Əlindəki sarı əskini sıxa-sıxa arabir danışdıqlarımıza qulaq verir.
Elmira Abdullayevanın da nə uşaqları, nə də nəvələri məktəbə gedib. Qadının 7 nəvəsi var, deyir, onları məktəbə göndərmək istəyərdi, amma imkansızlıq ucbatından alınmır.
“Uşaqlar məktəbə getmirlər. Bir az gedirlər, bacara bilmirlər, çıxırlar. Həm də imkanımız yoxdur onlara nəsə almağa. Dəftər, çanta, paltar ala bilmirəm. Çatdıra bilmirəm. Mən də istəyərdim, uşaqlarım oxusun, işləsin, sənətkar olsunlar. Sonra da evlənsinlər, ərə getsinlər. Mən özüm oxumamışam, heç adımı yaza bilmirəm”.
Bayaqdan paslı darvazalarına söykənib, bizi izləyən qıza baxırıq. Uzaqdan mülayim görünür, söhbətdən çəkinmirik, yanına gedirik.
Saçını yuxardan toparlayıb, başına qırmızı şal bağlayıb. O da bizi gülərüzlə qarşılayır. 21 yaşı var, subaydır, məktəbi birinci sinifdən tərk edib.
“Ağlım olsaydı, məktəbdən çıxmazdım, oxuyardım. İndi elə peşmanam ki…İşim-gücüm yoxdur, elə evdə otururam boş-boş”,- qız təəssüflənərək deyir.
Uşaqların təhsildən yayınması halları ilə bağlı icra hakimiyyətinə bir də müraciət edirik. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elnarə Məmmədova suallarımıza belə cavab verir:
“Bizə məktəblərdən uşaqların davamiyyəti ilə bağlı məlumat gəlir. Bizsə azı 3 aydan bir polis əməkdaşları ilə birgə həmin ərazilərə gedib, yoxlama aparırıq. Uşaqlarını məktəbə göndərməyən valideynlər komissiyaya dəvət olunur, onlarla profilaktik söhbətlər aparılır. Biz əlimizdən gələni edirik. Amma valideynlər uşaqlarını məktəbə göndərmək istəmirlərsə, nə qədər məcbur edə bilərik ki?”.
İşin hüquqi tərəfinə gəlincə, hüquqşünas Səməd Rəhimli deyir ki, adət-ənənələrdən, maddi durumdan aslı olmayaraq, Azərbaycanda ümumi orta təhsil icbaridir.
“İcra hakimiyyəti öz qərarlarını polis vasitəsilə təmin edə bilər. İlk növbədə maarifləndirici addımlar atılmalıdır. Əgər valideynlər yenə müqavimət göstərərlərsə, həmin şəxslərlə bağlı fərdi tədbirlər görülə bilər. Təhsildən yayındırmağa görə, inzibati xəta məsuliyyəti var, fiziki şəxslər üçün 100 manat nəzərdə tutulub. Diləndirməyə görə isə şəxslər 15 sutkaya qədər həbs olunurlar. Valideynin müqaviməti davamlı olarsa, valideynlik hüququ məhdudlaşdırıla bilər. Bununla bağlı İcra hakimiyyəti məhkəməyə müraciət etməlidir. Bunun üçün siyasi iradə olmalıdır, amma İcra Hakimiyyətlərində o siyasi iradə yoxdur”.
Narahat qonşuluq
Hüquqşünas Avropa təcrübəsindən söz açır. Deyir, Avropada yaşayan romanların həm inteqrasiyası, həm təhsil hüquqları təmin olunur, həm də ki, onların öz-adət ənənələrini həyata keçirmələrinə şərait yaradılır. Hüquqşünas bildirir ki, Avropada uşaqların təhsil almaları üçün ailələrə dövlət tərəfindən maddi yardımlar da ayrılır.
Qayıdaq məhəlləyə, hələ cavab tapa bilmədiyimiz suallar var.
Küçədə gəzdikcə “satılır” yazılmış çox sayda evlər gözə dəyir. Yerli camaatla danışırıq. Onlar qonşularını “qaraçı” adlandırırlar. Nərgiz xala deyir ki, “qaraçılar” yaxşı insanlardılar, tanımadıqları adamlara qarşı aqressiv olsalar da, normalda mehribandırlar.
“Amma çox səs-küylüdürlər. Bir neçə ay əvvəl evimizi satışa çıxardıq, amma kimdir burdan ev alan?”, – Nərgiz xala söyləyir.
Nərgiz xalanın oğlu Rizvan da burda böyüyüb. “Qaraçılar”ın arasında yaxşı dostları var. Hətta onların dilini də bilir.
Milli kimlik məsələsi
Hazır “qaraçı”, yoxsa “kürd” dilemması qarşısında qalmışkən, xalqın kimliyi məsələsinə də toxunaq.
“Azadlıq Radiosu”na danışan Etnoqraf alim Emil Kərimov deyir, ehtimal var ki, Yevlax ərazisində yaşayanlar elə qaraçıdırlar. Bu, o millətdir ki, Avropada onlara «roman» deyirlər, Türkiyədə «çingənə», Rusiyada «tsıqan». Onlar 14-cü əsrdə əsrlərdə Hindistandan köç edib, Avropaya yayılıblar.
Etnoqraf alim deyir ki, qaraçılar getdikləri yerə uyğunlaşırlar. İrana gəlib, yəqin ki, kürd dilini götürüblər. Alimin dediyinə görə, Yevlaxda yaşayan bu etnosun həyat tərzi daha çox qaraçıların həyat tərzinə uyğundur, nəinki kürdlərin. Avropa Şurası Azərbaycanda «qaraçı» anlayışına uyğun gələn millətə «roman» deyir.
İndiki dövrdə Azərbaycanda romanların dəqiq sayını müəyyənləşdirmək çətindir. Onların bəziləri hələ də qeydiyyatdan keçmədiyi üçün şəxsiyyət vəsiqəsi olmadan yaşayırlar. Bununla belə, 2012–2014–cü illərə olan qeyri-rəsmi məlumata əsasən, Azərbaycanda yaşayan romanların ümumi sayı 10 min nəfərə yaxındır. Təkcə Yevlaxda 2,500 nəfər roman yaşayır. Rəsmi məlumatda da onların adı qaraçı kimi çəkilir. Etnoqraf alim deyir ki, köçəri xalqlarda belə xüsusiyyət var ki, özlərinə başqa ad qoyurlar, təzə yaşayış yerinin adını götürürlər.
Yerli camaatın dediyinə görə, bu millət Yevlax ərazisinə keçən əsrin 50-60-cı illərində köçüb, özləri deyirlər ki, İrandan gəliblər, müsəlmandırlar. Ona görə də etnoqraf Emil Kərimov da ehtimal edir ki, bu millət artıq İrandan gələndə özlərini roman, yəni, qaraçı yox, kürd kimi təqdim etməyə başlayıblar.
“Bizdə hamı dilənmir”
Amma gördüyümüz qədərilə camaat qaraçı olduğunu qətiyyətlə rədd edir.
Onlar özlərini ölkənin, yerli millətin bir parçası hesab edirlər. Hətta özlərini o qədər təsdiq etmək məcburiyyətində hiss edirlər ki, ağır döşəklərin altından şəxsiyyət vəsiqələrini çıxarıb gətirirlər. Oxuya bilmədikləri adlarını dönə-dönə mənə oxutdururlar.
Deyirlər ki, yerli əhalidən fərqli olaraq daha kasıb həyat yaşayırlar, iş tapmaq imkanları daha məhduddur. Hansı dövlət qurumuna, hansı idarəyə də müraciət edirlər, şikayətlərini dinləyən olmur.
Hüquqşünas Səməd Rəhimli bildirir ki, Azərbaycan Avropa Şurası qarşısında etniklərin hüquqlarının təmin olunmasıyla bağlı öhdəlik götürüb. Belə ki, Azərbaycan bərabərlik hüququnu təmin etməli, anti-diskriminasiya siyasəti yürütməlidir.
Həmçinin BMT çərçivəsində mülki və siyasi hüquqlar haqqında, iqtisadi, sosial, mədəni hüquqlar haqqında beynəlxalq paktları qəbul edib. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üçün 1965-ci il konvensiyasına qoşulub.
“Amma məsələ burasındadır ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir”,- hüquqşünas bildirir.
“Çəkmə, niyə çəkirsən? Bütün Azərbaycan baxıb deyir, Yevlax qaraçılarıdır. Görən deyir, yevlaxlısınız? Yevlaxlısınız? Yevlaxın adı biabır olub”,- kameramızı görən qadın uzaqdan qışqırır.
Biz də yavaş-yavaş məhəllədən ayrılmağa başlayırıq. Həm də axşam düşür, getməliyik. Yanımızda dayanan ortayaşlı kişilərdən biri deyir ki, qadını qınamayın:
“Buranı sizdən qabaq 10-15 dəfə gəlib çəkiblər. “TikToka” girirəm ki, bizim uşaqların hamısı oradadır. Bizə yalan adət-ənənələr qoşurlar. Halbuki bizdə hamı dilənmir, işləyənlər, halal pulunu qazananlar da var. Guya siz azərbaycanlılar arasında dilənənlər yoxdur? Bizim adımız çıxıb, yerli camaat da oğurluq edəndə bizim boynumuza atır. İndi mən bunları sizə desəm, mənə inanan olacaqmı? Yox”.
Getməyə hazırlaşdığımızı görən kişinin elə bil indi ürəyi açılır. Dəfələrlə üzrxahlıq edir ki, bizi yaxşı qarşılaya bilmədilər.
Axşam düşür, məhəllədən uzaqlaşırıq. Az əvvəl darvazaya söykənmiş qırmızı şallı qız gözləriylə bizi yola salır. Uşaqların da səsi kəsilib, yəqin evlərinə keçiblər. Bircə qatarın səsi eşidilir.
“Mediaşəbəkə”nin dəstəyi ilə