2025-ci ildə Azərbaycanın dövlət borcu 26 milyard manata yaxın olub. Ümumi dövlət borcunun 31,5 faizi və ya 8,2 milyard manatı (4,8 milyard ABŞ dolları) xaric kreditlər və öhdəliklər təşkil edir. Qalan 68,5 faizi və ya 17,8 milyard manatı isə daxili dövlət borcunun payına düşür.
Maliyyə Nazirliyinin dövlət borcuna dair açıqladığı bülletendə xarici borcun dövlət qurumları arasında bölgüsü də təqdim olunub. Ümumi portfelin ən böyük hissəsi – 42,7 faizi elə Maliyyə Nazirliyinin özünün payına düşür. Təqribən 2,06 milyard ABŞ dolları və ya 3,5 milyard manat. Bu məbləğ hökumət adından birbaşa cəlb edilmiş öhdəlikləri (avrobondalar, qiymətli kağızlar) əks etdirir.
Avtomobil Yolları Dövlət Agentliyinin beynəlxalq maliyyə təşkilatlarından aldığı borc 1,4 milyard manatdır ki, bu da xarici borcun 17,5 faizini təşkil edir.
“Azərbaycan Dəmir Yolları” QSC 1,3 milyard manat kredit götürüb və ümumi portfeldə 15,8 faiz paya sahibdir.
Növbəti sırada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yer alır. Su təsərrüfatı və suvarma sistemlərinin inkişafı layihələrinin icrası üçün bu qurum 1,03 milyard manat kredit cəlb edib.
Naxçıvan Muxtar Respublikasının Su Ehtiyatları Agentliyinin borc yükü ümumi portfelin 4 faizini təşkil edir. Qurumun cəlb etdiyi kreditlərin həcmi 325 milyon manat olub.
Digər bütün dövlət qurumlarının cəmi borcu isə 410,2 milyon manat olduğu bildirilir.
Xarici kreditlərin ən böyük hissəsi Asiya İnkişaf Bankından (AİB) götürülüb. Bu bankdan cəlb olunan kreditlərin həcmi 1,7 milyard ABŞ dolları (2,9 milyard manat) olub. AİB xarici borcla əlaqədar portfeldə 35,4 faiz payla ən böyük kreditordur.
Avrobondlar üzrə investorlardan cəlb edilən borc 1,4 milyard ABŞ dolları və ya 2,6 milyard manat təşkil edib.
Dünya Bankının Azərbaycana verdiyi kreditlərin həcmi hazırda 657,1 milyon ABŞ dolları (1,1 milyard manat) səviyyəsindədir. Bundan başqa, Azərbaycan hökuməti İslam İnkişaf Bankından 230,2 milyon ABŞ dolları (391,3 milyon manat), Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) isə 216,4 milyon ABŞ dolları (367,9 milyon manat) kredit cəlb edib. Digər kreditorlar sırasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi kimi Asiya ölkələrinin maliyyə institutları da yer alır.