Biz, azad yazarlar çevrəsi olaraq, ilər əvvəl siyasi meydana atılan Emin Millini olduqca xoş qarşıladıq. Düşündük ki, yaxın-uzaq gələcəkdə ölkədə baş tuta biləcək inqilabın qara-qura «Stanlin»ləri onsuz da çox olacaq, odur ki,o inqilaba indidən bir Trotski də hazırlamaq lazımdır. Emində gələcəyin «Trotski»sini görməyimiz isə heçdən deyildi, gənc siyasətçinin intellekti, kübarlığı, eynəyi – hər şey bizim siyasi-tarixi dejavü görməyimizə əsas verirdi. Düzdü, biz Eminin zirehli qatarı ilə şəhərə gəlib, insanlarda vahimə yaradacağını, dəmir intizam bərpa edəcəyini düşünəcək qədər sadəlövh deyildik, amma inanırdıq ki, o gələcək inqilabımızın qara-qura «Stalin»ləri ilə kəllə-kəlləyə gələ biləcək adamdı.
Buna görə də, Emin siyasi sələflərini urvatdan salanda, Elçibəyi, İsa Qəmbəri və daha kimləri hədəfə alanda, səsimizi çıxarmadıq ki, bu da lazımdı və belə də lazımdı.
Gənc intellektual bir müddət sonra yazıçı adına iddia edəndə, özünü yazıçı kimi təqdim etməyə başlayanda da səsimizi çıxarmadıq. Düşündük ki, eybi yoxdu, yazıçılıq inhisarda deyil ki, əgər ona belə xoşdusa, qoy, özünə yazıçı desin. Rüşvət almır, yetim haqqı yemir, meşə hasarlamır, yazıçı olmaq istəyir, qoy, olsun. Hərçənd, hər dəfə Emin Millinin yazıçı kimi təqdim olnduğunu eşidəndə, Ostav Benderin məşhur sualına müraciət eləmək istəyirdim: «Mən sizə əsl yazıçı kimi bir sual vermək istəyirəm, Emin Milli, siz, ümumiyyətlə, yaza bilirsiniz?».
Bir hekayə yazmayıb, özünə yazıçı dedi, dinmədik. Bir dənə ciddi məqalə, bloq yazısı yazmadan media kapitanlığına iddia elədi, dinmədik. Televiziyadan xəbəri olmadan televiziya yaratdı, dinmədik…
Amma dünən Emin Milli ona heç vaxt bağışlamayacağımız addımı atdı. Meydan.tv-ni xalq yazıçısı Anarın meydanı elədi. Əlbəttə, Anardan müsahibə almaq olar. Hərçənd, bu da olduqca təhlükələdir. Anar elə bir adamdı ki, məsələn, mən onun yanına gedib, müsahibə almaq istədiyimi desəm, Anar mənə müsahibə verməz. Amma səhəri gün bir jurnalist çağırıb, ona yekə bir müshaibə verər. Müsahibədə deyər ki, Günel Mövlud dünən gəlmişdi AYB-yə üzv olmaq istəyirdi, qəbul eləmədik. Təbii ki, məni dünən AYB-nin binasında görmüş iki-üç nəfər də bunu təsdiqləyər. Vəssəlam. Bu da sənin axırın.
Birdəfəlik başa düşmək lazımdır ki, Anar təpəgözdü və təpəgözün mağarasına girən adam ordan ancaq qoyun dərəsinə bürünüb, çıxa bilər.
İkincisi, Eminin yazıçı Anarı şəxsiyyət, persona, yazıçı kimi tanıması, təsdiq etməyinin özü absurddur. Ölkənin prezident seçilən (ya özünü seçdirən – fərqi yoxdur) adamını prezident kimi tanımaq istəməyən adamın, illərdir bu prezidenti dəstəkləyən, qurumundakı mirzələri başına yığıb, xalqı bu prezidentə səs verməyə çağıran şəxsi yazıçı, persona kimi qəbul eləməyi heç bir sağlam məntiqə, ölçüyə sığmır. «İsa Qəmbər getməlidir, nöqtə!» deyən adamın, «Anar yazıçı deyil, məmurdur, prezidentin, rejimin köləsidir, mirzəsidir və o getməlidir!» deməyə cəsarəti çatmır. Yeri gəlmişkən, Anara münasibətdə Emin Milli İsa Qəmbərdən çox da fərqlənmir. Biri onu dəyər elan edir, biri də prezidentlə mübarizə aparmağa iddialı olduğu halda, öz azadlığı, yazarlığını Anardan qoruya bilmir. Adamın bir Meydanı var, o dəqiqə onu Anarın tribunasına çeverir, görün, partiyası, elektoratı olsa, Anara nə şanslar tanıyar?!
Emin Milli Meydanın Anardan müsahibə alacağını deyəndə, bunu ona izah eləməyə çalışsaq da, nəticəsi olmadı. Hələ üstəlik, oturub beş-altı odlu-alovlu sual da hazırladı ki, Anar bunlara cavab versin. Elə bildi, bu sualları eşidəndən sonra Anar dönüb olacaq müxalifətçi, Müsavata üzv olacaq, bir neçə gündən sonra da mitinqə çıxacaq və deyəcək ki, bu rejim getməlidir. Nəticədə Anara o sualların heç birin verə bilmədilər. Eminin ictimai-ədəbi xəbərsizliyi, təcrübəsizliyi həm onun, həm də bizim başımıza hələ çox oyun açacaq – bu öz yerində. Amma indi söhbət başqa şeydən gedir.
Sərt suallar, Meydanın Anardan müsahibə almağına bəraət qazandıran yeganə səbəb olardı ki, bu da olmadı. Anardan haqq-hesab tələb eləsəydi, xalqı prezidentə səs verməyə çağırmağının, illərdir havaya sovrulan, divar qəzetlərinə xərclənən pulların, otuz ildir tərk etmədiyi sədr kreslosunun hesabını, cavabını tələb eləsəydi, dərd yarı idi. Amma Meydan.tv Anara «sənin payızında, yoxsa qışındı?», «Pəncərənizdən baxanda Bakının nə bilim, harasının görürsünüz?» gülməşəkər, kövrək, «kitayski» suallar verir və Anar da müdrik görkəm alıb, filosofluq eləyir, Koruğlunu, Babəki, Qaçaq Nəbini cavanlardan müdafiə eləyir. Meydan.Tv də soruşmur ki, bəs, min il əvvəl ölüb getmiş adamları müdafiə eləməkdənsə, bu gün mitinqdə döyülən ananı, orduda zorlanan əskəri, evi sökülən yetimi niyə müdafiə eləmirsiz? Bu suallar verilmir və Meydan.tv olur Anarın AzTv-si…
Seymur Baycan, Əli Əkbər, Elmir Mirzəyev, Günel Mövlud da bu saytın köşə yerində özlərini həlak edib, xalqa yeni dəyərlərdən, yeni ədəbiyyatdan, azadlıqdan nə bilim, nələrdən danışır. Dolamısınız bizi?!
Cənab Emin Milli özünə gənc yazıçı deyib, azad yazarların yox, qoca, hiyləgər ədəbiyyat məmurunun, ağsaqqalının yanında olmaq istəyirsə, deyin, bəri başdan bilək. Onun yazıçısı Seymur Baycan yox, Anardısa, desin, bəri başdan bilək.
Amma cənab Milli nəzərə alsın ki, bizi Anarkimilərlə, Anarın dəstəsi ilə bir «qazanda qaynatmağa» hakimiyyətin pulları, layihələri, Milli Kitab Mükafatları bəs eləmədisə, onun Meydan-ında da bu alınmayacaq…
Necə deyərlər, gözünün ucuyla görən, ibrət dərsi götürsün…