Emin Ağalarov terrorla bağlı onlara cinayət işinin açılmasını tələb edənləri qınayıb

Emin Ağalarov. Foto: Wiki

“Heç bir istintaq araşdırması olmadan bizi günahlandırmaq ən azından ədalətsizlikdir”

“Crocus City Hall”dakı terrordan zərərçəkənlərin bir qismi kompleksin sahiblərinə qarşı cinayət işinin başlanmasını istəyirlər.

On bir nəfər olmaqla – konsert zalındakı terror hücumunda həlak olanların yaxınları və zərərçəkənlər istintaq komitəsinin rəhbəri Aleksandr Bastrıkinə ərizə ilə müraciət ediblər.

İddia ərizəsində qeyd olunub ki, “Crocus City Hall”un sahibləri obyektin yanğından mühafizəsini lazımi səviyyədə təmin etməyiblər.

Həmin zala mən, atam, anam gedirdik, azyaşlı övladlarımı ora aparırdım”

Emin Ağalarov isə “Forbes Russia”ya müsahibəsində ittihamları ədalətsizlik hesab etdiyini deyib.

Heç bir istintaq araşdırması olmadan bizi günahlandırmaq ən azından ədalətsizlikdir. Həmin zala mən, atam, anam gedirdik. Azyaşlı övladlarımı ora aparırdım. Biz bu zala necə səhlənkar yanaşa bilərdik?  İnsanlar deyirlər ki, niyə zalın yanğınsöndürmə sistemi işləməyib? Odlu silahlardan atəş açaraq, eyni zamanda yanğın törədildiyi bu kimi fors-major hallarda yanğını söndürmək mümkün olsaydı, dünyada terror nəticəsində yanğınlar da baş verməzdi. Mənə inanın, orada nəyinsə işləməməsi qeyri-mümkündür. Orada hər şey başdan-ayağa yoxlanılır”, – Emin Ağalarov müsahibəsində deyib.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall”da sovet və Rusiya rok qrupu “Piknik”in nəzərdə tutulan konsertindən öncə terror hücumu olub.

Son rəsmi məlumatlara görə 144 nəfər həlak olub, 551 insan yaralanıb.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, Rusiya hakimiyyəti terror aktının arxasında Ukraynanın olduğunu iddia edir.

Ukrayna terror hücumunda iştirakını inkar edib.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalı azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəMədəniyyətEmin Ağalarov terrorla bağlı onlara cinayət işinin açılmasını tələb edənləri qınayıb