TƏBİB faktla bağlı araşdırıma aparıldığını deyir
Avqustun 21-də Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzində ana və bətnində körpəsi ölüb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Meydan TV-yə bildirilib ki, 2000-ci il təvəllüdlü Xaçmaz sakini “Hamiləlik 38 həftə. Uşaqlıq üzərində çapıq” diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
“Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatının ağrısızlaşdırılma etapında saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub”, – TƏBİB-in məlumatında deyilir.
Bildirilir ki, göstərilən şok əleyhinə intensiv reanimasiya tədbirlərinə baxmayaraq, ana və bətnindəki körpə həmin gün, avqustun 21-də saat 15:00 radələrində vəfat edib.
APA yazır ki, vəfat edən Xaçmazın Hülövlu kənd sakini Nəsirova Samirə Bəhruz qızının ikinci hamiləliyi olub.
Onun 3 yaşında daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.