Əmanətini banka etibar edənlərin sayı azalır

Samir Əliyev: “Banklaırn təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq”

Source:


Samir Əliyev: “Banklaırn təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq”

Mərkəzi Bank yanvar-sentyabr ayları üçün statistik məlumatlarını açıqlayıb. Məlumata əsasən, problemli kreditlərin payı və həcmi artmaqda davam edib. Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə – 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8 faiz artıb. Problemli kreditlərin 79 faizi manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56 faizə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5 faiz təşkil edib.

 Kredit qoyuluşunun artım tempi azalıb. Bu ilin 9 ayında kredit qoyuluşu 14faiz artıb. Halbuki artım 2013-cü ilin 9 ayında 20,8faiz, 2012-ci ilin müvafiq dövründə isə 15,5faiz olub.

Həmçinin, məlumata görə, istehlak kreditləşməsi artmaqda davam edib. İstehlak kreditlərinin payı ən yüksək həddə – 41.1faizə yüksəlib. Belə kreditlər 9 ayda 16,7 faiz artıb.

Mərkəzi Bankın statistikasında qeyd olunur ki, göstərilən müddət ərzində bankların aktivləri azalıb. Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib. Həmçinin, banklarda əmanət qoyuluşu azalıb. 9 ayda artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb.

Mənfəətlə işləyən bankların sayı artıb. Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb.

Bankların xarici öhdəlikləri getdikcə artır. Hazırda 4,6 milyard manata çatıb.

Məlumatda o da qeyd olunur ki,  REPO əməliyyatları cəlbediciliyini itirib. Mərkəzi Bankın 1 günlük REPO əməliyyatlarının faiz dərəcəsinin 1faizdən 0,1faizə azaldılması kommersiya banklarının bu alətə marağını azaldıb. Son 5 ayda REPO üzrə hansısa əməliyyat aparılmayıb. Halbuki, faiz dərəcəsi 1faiz olanda əməliyyatın həcmi 1-1,5 milyard manat təşkil edirdi.

 Bankların aktivləri və kapitalları üzrə gəlirliliyi azalıb. Aktivlər üzrə gəlirlilik (ROA) 2,04 faizdən 1,92 faizə, kapital üzrə gəlirlilik (ROE) 14,15 faizdən 13,29 faizə düşüb.

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın yaydığı statistikaya münasibət bildirib: “2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən və Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə, ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı”.

İqtisadçı problemli kredit paylarının artması məsələsinə də toxunub:  “Əmanətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyini azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə “Bank of Azerbaijan” ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi. Əksinə bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75 faiz idisə, hazırda 5,32 faizə qalxıb”.

S.Əliyevin sözlərinə görə, ilin bitməsinə 2 ay qalmasına baxmayaraq, 10-a qədər bank bazarda qalmaq üçün çırpışırlar: “Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq”- deyə, ekspert fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərƏmanətini banka etibar edənlərin sayı azalır