Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Əlzamin Salayev saxlanıldığı 11 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasına salındığı bildirilir.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail şöbəsinin sədri Ceyhun Novruzov “Facebook” sosial şəbəkəsində yazıb.
Novruzov bildirib ki, fevralın 26-da telefonla danışıq zamanı Əlizamin Salayev səhhətinin yaxşı olmadığını, nəfəs almasının ağırlaşdığını bildirib. Bundan sonra Salayev “kars”a salına biləcəyini qeyd edib.
“Məni deyəsən karsa salmaq istəyirlər, müəssisə rəhbərliyi tərəfindən problem yoxdur, sifariş başqa yerdən gəlib”, – deyə Əlizamin Salayev telefonla danışıq zamanı yaxınlarına bildirib.
Yaxınlarının sözlərinə görə Salayev ürək damar xəstəsidir və ürək çatışmazlığından əziyyət çəkir.
AXCP-nin fəal üzvlərindən olan Zamin Salayev 2023-cü il fevralın 7-dən həbsdədir. Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunan Salayev Qaradağ rayon Məhkəməsinin hökmüylə 4 il azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib.
Zamin Salayev bundan öncə dəfələrlə polisə müqavimət və s. ittihamlarla inzibati qaydada həbs edilib. 2020-ci il aprelin 20-də isə Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib.