Əlvida, UEFA Millətlər Liqası, Azərbaycana “xoş gəldin”, De Byazi!

Futbol siyasət, ya da müharibə meydanı deyil.

Source: Specify Source


Onu da Qurban Qurbanovun taleyi gözləyir?

Dağlıq Qarabağ münaqişəsinin yenidən qızışdığı, cəbhədə döyüşlərin səngimədiyi günlərdə Azərbaycan futbolu adına iki vacib hadisə də yaşandı. Əvvəlcə Qarabağın Ağdam şəhərini təmsil edən “Qarabağ” klubu Avropa Liqasının pley-offunda Polşanın “Legiya” komandasını mübarizədən kənarlaşdıraraq, növbəti dəfə bu turnirin qrup mərhələsinə vəsiqə qazandı. Daha sonra isə futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyunlarını keçirdi və…


Əlvida, UEFA Millətlər Liqası!

İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərliyi altında Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu oktyabrın 10-da, səfərdə Monteneqro yığmasına qarşı keçirdi. Rəqibin 2:0 hesablı qələbə qazandığı görüşdə azərbaycanlı futbolçuların meydanda göstərdiyi oyun da “2”-yə layiq idi. Ölkənin əsas milli komandasının futbolçuları o qədər bərbad, məzmunsuz oyun göstərdilər ki… Daha sonra Azərbaycan millisi yer aldığı C Liqasının 1-ci qrupunun ən zəif komandası olan Kiprlə qarşılaşdı. Oyun Bakıda keçirilməli olsa da, Ermənistanla müharibə vəziyyətinə görə UEFA qarşılaşmanın neytral meydanda – Albaniyada keçirilməsinə qərar vermişdi. İnsafən, bu dəfə milli komanda daha yaxşı oynadı, çoxlu qol epizodları yaratdı. Amma nəticə… 0:0! Və beləcə, Azərbaycan yığması UEFA Millətlər Liqasında yer aldığı qrupda 1-ci yeri tutmaq şansını demək olar ki, itirdi. İlk iki sıranı bölüşdürən Monteneqro və Lüksemburq komandalarının hərəyə 9, Azərbaycan millisinin isə hesabında cəmi 4 xalı var. Qarşıda isə iki oyun qalıb – həmin Monteneqro və Lüksemburqa qarşı. Qrupun ən güclüləri olan bu rəqiblərin ikisini də məğlub etmək demək olar ki, mümkünsüzdür. Bu da o deməkdir ki, əlvida, UEFA Millətlər Liqası!

uefa_milletler_liqasi.jpg
UEFA Millətlər Liqası


“Qılınc həmin qılıncdır, qol həmin qol deyil”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi bir neçə ay əvvəl Canni De Byazini milli komandanın “sükanı arxasına” gətirəndə, əvvəllər olduğu kimi, yenə yağlı vədlər verirdi. İtaliyalı mütəxəssisin Albaniya yığmasını bir neçə il əvvəl Avropa çempionatının qrup mərhələsinə çıxardığı dönə-dönə xatırladılır, onun Azərbaycan millisi üçün ideal seçim olduğu deyilirdi. İndi isə budur, milli komanda Canni De Byazinin rəhbərliyi altında UEFA Millətlər Liqasının oyunlarından suyu süzülə-süzülə qayıdır. AFFA rəhbərliyi UEFA Millətlər Liqasındakı bərbad nəticəyə görə italiyalı məşqçiylə yollarını ayıracaqmı? Axı bir neçə il əvvəl “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu milli komandanın baş məşqçi postundan məhz elə buna – UEFA Millətlər Liqasında yaxşı nəticə qazana bilmədiyinə görə uzaqlaşdırmışdılar. Məntiqlə, Canni De Byazi də Qurbanovun taleyini yaşamalı, AFFA-nın yarıtmaz rəhbərliyinin növbəti qurbanı olmalıdır. Hə, məntiqlə. Ancaq çətin ki, AFFA prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elxan Məmmədov italiyalı mütəxəssisi göndərmək fikrində olsun. Artıq futbola çox da dəxli olmayan istənilən şəxs də bilir ki, Azərbaycan milli komandasının baş məşqçi problemi yoxdur, başda oturanlarla bağlı problemi var. Özü də çox ciddi. Necə olur ki, Canni De Byazi Albaniya millisi ilə inanılmaz uğurlar qazanır, Azərbaycana gələn kimi hər şey 180 dərəcə dəyişir? Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai necə demişdi? Hə, “qılınc həmin qılıncdır, qol həmin qol deyil”. Canni De Byazi həmin Canni De Byazidir, amma milli komanda həmin milli komanda deyil. Ayağı düz-əməlli top tutmayan, düzgün ötürmə verməyi bacarmayan futbolçulardan təşkil olunan komanda ilə burax da dünya, Avropa çempionatlarının qrup mərhələsinə vəsiqə qazanmağı, heç məhəllə turnirinin qalibi də ola bilməzsən. Bu futbolçular 2008-ci ildən Azərbaycan futbolunun başında dayanan Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev kimi səriştəsizlərin “əsər”idir.

rovneq_abdullayev_-_de_byazi_esas_sekil.jpg
Canni De Byazi və Rövnəq Abdullayev


Onlar harda, biz harda…

Futbol siyasət, ya da müharibə meydanı deyil. Futbol sadə oyundur. Yaxşı futbolçu yetişdirirsən, sonra bəhrəsini görürsən. UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Lüksemburqu 10-15 il əvvələ kimi futbol xəritəsində mikroskopla da axtarsan, tapa bilməzdin. Amma indi baxın, Lüksemburq futbolu hardadır, biz hardayıq. Gəlib Bakıda Azərbaycan milli komandasını 2:1 hesabı ilə məğlub edib, gedirlər, özləri də UEFA Millətlər Liqasında yer aldığımız qrupun lideridirlər. FİFA-nın milli komandalar üçün reytinq sıralamasında da bizi çoxdan və çox geridə qoyublar. Hazırda Azərbaycan millisi FİFA-nın reytinq sıralamasında 112-ci, Lüksemburq isə 97-ci pillədədir. Bir neçə il əvvələ kimi futbolun cırtdanı sayılan lüksemburqlular qısa müddətdə bu uğura necə nail olublar? Araşdırmaq, öyrənmək lazımdır. Amma araşdırmadan da bir şeyi təxmin etmək olar: Lüksemburq futboluna bir əli SOCAR-da, bir əli uzun zaman Milli Məclisdə olan, ayağının birini Azərbaycan futbolunun, digərini ölkənin cüdo federasiyasının belinə qoyan Rövnəq Abdullayev kimi biri rəhbərlik etmir.

azerbaycan_millisi.jpg
Azərbaycan yığma komandası
Ana səhifəSosialƏlvida, UEFA Millətlər Liqası, Azərbaycana “xoş gəldin”, De Byazi!