AMEA-nın şöbə müdiri keçmiş deputatın həbs olunmasını istəyir
Səbail Rayon Məhkəməsində keçmiş deputat Elton Məmmədovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi başlayıb. Şikayətçi Azərbaycan Milli Elmlər Akademiyasının hüquq şöbəsinin müdiri Kamal Əliyevdir. O, Akademiyanın İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edir.
Fevralın 2-də hakim Günel Səmədovanın sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. Elton Məmmədov məhkəməyə gəlməyib. O, məktub göndərib ki, üzrlü səbəbdən iştirak edə bilməyəcək. Hakim məktubu elan edib.
Xüsusi ittihamçı Kamal Əliyev isə iddia ərizəsinə əlavəsi olduğunu bildirib. Onun sözlərinə görə, birinci şikayətini məhkəməyə təqdim edəndən sonra Elton Quliyev “Youtube” kanallarından birinə müsahibə verərək, ünvanına növbəti təhqir və böhtan xarakterli fikirlər səsləndirib.
Hakim onun ərizəsini baxılmamış saxlayıb. Çünki qarşı tərəf iştirak etmədiyinə görə ərizə müzakirə olunmayıb.
Məhkəmə prosesi fevralın 9-da davam edəcək.
Bugünlərdə mediaya açıqlamasında Elmlər Akademiyasında baş verənlərə münasibət bildirən Elton Məmmədov Akademiyanın prezidenti Ramiz Mehdiyevi tənqid edib. O iddia edib ki, Ramiz Mehdiyev prezidentin siyasətinə zidd addımlar atır.
“Akademiklər ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməli, bununla bağlı dövlət başçısına müraciət etməlidilər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm, bu gün sözümün üstündəyəm. Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”, – Elton Məmmədov “unikal.org”a açıqlamasında bildirib.
Ramiz Mehdiyev 2019-cu il oktyabrın 23-də Milli Elmlər Akademiyasının prezidenti seçiləndən az sonra – noyabrda Elton Məmmədov Akademiyanın “Yüksək Texnologiyalar Parkı”nın direktoru təyin edilib. Az sonra bu vəzifədən azad edilən sabiq deputat Akademiyanın İşlər İdarəsinin rəhbəri təyin olunub. Amma qısa müddət sonra – 13 aprel 2021-ci ildə bu vəzifədən də çıxarılıb. Elton Məmmədov işə bərpa tələbilə məhkəmədə iddia qaldırıb. Onun iddiası təmin edilib. Lakin Elmlər Akademiyasının rəhbərliyi onun vəzifəsinə bərpası haqda Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Şikayətə fevralın 15-də baxılacaq.
Kamal Əliyev iddia ərizəsində göstərib ki, Elton Məmmədov onu “cinayətkar” adlandırıb, onu 2017-ci ildə Tərtər hadisələrilə bağlı ədalətsiz hökmlər çıxarmaqda ittiham edib.
Kamal Əliyev əvvəllər hərbi məhkəmənin hakimi olub.
Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.