BAP sədrin namizədliyini irəli sürüb
Böyük Azərbaycan Partiyası (BAP) 7 fevral növbədənkənar Prezident seçkisində iştirak edəcək. Bu barədə dekabrın 17-də partiyanın Siyasi Şurası qərar qəbul edib. Siyasi Şura BAP sədri Elşad Musayevin prezidentliyə namizədliyini irəli sürüb.
Məlumatı Meydan TV-yə Elşad Musayevin özü verib. Onun dediyinə görə, Seçki Qərərgahının sədri İlham Bəkirlidir:
“Vüqar Qasımov və Fikrət Cəfərov səlahiyyətli nümayəndə, Azad Məmmədov isə maliyyə məsələləri üzrə nümayəndə təyin edilib”.
Elşad Musayev 1994-1995-ci illərdə Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi, 1996-1998-ci illərdə isə Baş katibi olub. E.Musayev 2000-ci ildə AMİP-dən istefa verib.
2003-cü ilin mayın 11-də Böyük Azərbaycan Partiyasının təsis qurultayı keçirilib və o, sədr seçilib.
Partiya 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb.
Elşad Musayev 2003-cü ildə prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyini qeydə almayıb.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyevin dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.
Bu günə qədər ölkə başçısı İlham Əliyev və Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc namizədliklərini irəli sürüblər. AXCP və Müsavat isə seçkiləri boykot edəcəklərini açıqlayıb.
Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub. İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.