“Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlərlə bağlı növbəti açıqlama yayıb. DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev iddia edir ki, Söyüdlü kəndində sakinlər süni gölün tikinsinə müdaxilə etdiyinə görə iki aydır onlarla icra hakimiyyəti və polislər profilaktik izahat işləri aparır:
“Dünən (iyunun 20-də) həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar”.
Şöbə rəisinin sözlərinə görə, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Bununla belə, Elşad Hacıyev qadının üzünə bibər qazı sıxan polis əməkdaşıyla bağlı araşdırma aparıldığını, onun əməlinə hüquqi qiymət veriləcəyini də deyib:
“Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək. Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər. Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da? həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb”.