Əlövsət Əliyev: ”Saxta sənəd ”istehsal” edənlər haqqında hesabat hazırlayacam”

Əlövsət Əliyev


”Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm”



Son zamanlar mühacirətdə olan bəzi şəxslər ətrafında müzakirələr səngimir. Əsasən də Azərbaycanda təzyiqə məruz qalmayan insanların xaricdə siyasi sığınacaq almaq  istəməsi ictimaiyyətdə narazılıq yaradır, onlara yardımçı olanlar hədəfə alınır. Hədəfə tuş gələn şəxslərdən biri də “Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi”nin rəhbəri Əlövsət Əliyevdir. Meydan TV Əlövsət Əliyevlə müsahibədə bu və digər suallara cavab tapmağa çalışıb…



Əlövsət bəy, xeyli vaxtdır ölkədən uzaqdasız. Bu gün Azərbaycan uzaqdan necə görünür?

–  20 aydan çoxdur vətəndən kənardayam. Lakin Azərbaycandan heç zaman uzaq olmaq mümkün deyil. İnsan doğulduğu, böyüdüyü, təhsil aldığı, müstəqilliyi uğrunda mübarizə apardığı, ərazi bütövlüyü uğrunda döyüşdüyü, pis- yaxşı ömrünün 53 ilini yaşadığı, özünə bəlli bir iş qura bildiyi ölkədən uzaqda yalnız cismən ola bilər. Mən ruhən daim doğmalarımla və dostlarımlayam. Müasir dünya sanki qlobal bir kəndə çevrilib, ünsiyyət və rabitə vasitələri çeşidlidir, çox əlçatan və intensivdir. Sanki dünyanın miqyasları çox kiçilib və bu kiçik dünyanın kiçik bir hissəsi olan Azərbaycan necə varsa, elə də görünür. Məlumdur ki, hər bir cəmiyyət hüquq və əxlaq normaları ilə idarə edilir. Bu gün çox təəssüf ki, ölkəmiz hüquqi və mənəvi-əxlaqi nihilizm, böhran keçirməkdədir. Vətəndaş cəmiyyətinin bərqərar olması və qanunun aliliyinin təmin edilməsi sahəsində kəskin problemlər mövcuddur. Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının qorunmasını tələb edən dövlətlərə, beynəlxalq təşkilatlara, bu sahədə tanınmış beynəlxalq ekspertlərə və Azərbaycanda bu sahədə fəallıq edənlərə münasibətdə barışmaz mövqe sərgilənməkdə davam edir.



Əlövsət bəy, orada hansı işlərlə məşğulsuz? Fəaliyyətinizi hansısa formada davam etdirirsizmi?

–  Bildiyiniz kimi, mən Almaniyadayam. Əsas qayğılarımdan biri alman dilini öyrənməklə bağlıdır. Çalışıram ki, alman dilini daha mükəmməl öyrənim. Gündəlik dərslər davam edir. Eyni zamanda bir hüquq firması yaratmışam. Firmanın məqsədi azərbaycanlıların Avropada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına, daşınmaz əmlak almasına, Avropaya sürətli inteqrasiyasına, Azərbaycan səfirlikləri ilə yaranan problemlərinin həllinə, həmvətənlərimizin təşkilatlanmasına, Almaniyada təhsil almasına, Azərbaycana könüllü qayıdışın təşkilinə və s. sahələrdə yardım etməkdən ibarətdir. Amma firma hələ tam aktiv fəaliyyətə başlamayıb. Ofis axtarışındayıq. Müraciət edən hər bir şəxsə təbii ki, hüquqi məsləhətlər veririk. Qeyd edim ki, bu ölkədə azərbaycanlılar kifayət qədər çoxdur və onların təşkilatlanması sahəsində ciddi problemlər var. Müşahidələrimdən bəzən belə bir qənaətə gəlirəm ki, sanki bir-birlərindən uzaq olsunlar deyə onların əksəriyyəti ilə hər gün kimlərsə iş aparır. Təbii ki, kifayət qədər gənc və tərəfsiz insanlar da var və onlar azərbaycanlıların təşkilatlanması sahəsində çox fəal, məqsədyönlü iş görürlər. Bu kimi hallar məni də ruhlandırır. İmkanım olanda azərbaycanlıların tədbirlərinə qatılıram və ya tədbirlərin təşkilinə dəstək verirəm. 55 yaşada olan bir şəxsin iki ilə inteqrasiya olunması, dil öyrənməsi və ardıcıl olaraq nə ilə isə məşğul olması çox çətindir. Amma bura Azərbaycan deyil və hesab edirəm ki, 2017-ci ildən sonra çox ciddi fəaliyyətlə məşğul olmaq imkanlarına sahib olacağıq. Təbii ki, kifayət qədər maneələr də var. Bu maneələr isə ilk olaraq Azərbaycan hakimiyyətinin fəaliyyəti ilə bağlıdır. Ölkədə birbaşa, xaricdə isə öz əlaltıları vasitəsilə soydaşlarımızın bir araya gəlməsinə mane olmağa çalışır. Çox təəssüf ki, bu işdə müəyyən qrup ölkə vətəndaşını və hətta media təmsilçilərini də inandırır və insanların təşkilatlanmasına əngəl yarada bilirlər.



Sizdən sonra da ölkədən xeyli insan getdi. Bu gün də gedənlər var. Və bu mühacirət məsələsində sizin adınız daha çox hallanır. Deyirlər, sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur. Doğrudurmu?

–  Birincisi, sual dəqiqləşdirilmiş sual deyil və daha çox mənfi fikir yaratmağa xidmət edir. Sizin əlinizdə hansı araşdırma nəticələri, sübutlar var ki, məndən sonra Azərbaycanı tərk edənlərin xeyli olduğu qənaətinə gəlmisiniz? Bu, birmənalı olaraq yanlışdır. Mən QHT-lərə olan hücum zamanı ölkədən getmişəm. Yadımdadır ki, Azərbaycandan xaricə getdiyim günlərdə 50-yə yaxın jurnalistin və QHT təmsilçisinin ölkədən çıxışına və ölkəyə girişinə qadağa qoyuldu. Dəqiq xatırlayıram ki, məhz mənim Azərbaycandan çıxdığım gün Rauf Mirqədirov sərhəddə saxlanıldı və həbs edildi, digər QHT rəhbərləri isə bir gün sonra ölkədən buraxılmadı. Bir daha bildirirəm ki, məndən sonra ölkədən xeyli insanın getməsi haqda mülahizəniz əsassızdı. Sizin mülahizənizin əksinə olan başqa bir arqument isə budur ki, miqrasiya sahəsində hazırlanmış bütün hesabatlarda 2014-cü ilin birinci yarısında Azərbaycan vətəndaşlarının ölkəyə qayıdışının daha çox olması qeyd edilib. Bu, doğrudur ki, bəzi siyasi fəallar, KİV təmsilçiləri, QHT rəhbərləri ölkəni tərk ediblər. İkincisi, bu sual hakimiyyətdə olan şəxslərə ünvanlanmalıdır. Onlardan soruşmaq lazımdır ki, adını çəkdiyimiz sahələrdə çalışan fəal insanlar niyə kütləvi surətdə ölkəni tərk etmək istəyirlər. Üçüncüsü, hər kəsin Azərbaycan Respublikasının qanunlarına əməl etməklə, ölkəni tərk etmək hüququ var və bu kimi hallara qanunsuz qadağalar qoyula bilməz. Ölkədə oldugum zaman rəhbərlik etdiyim Azərbaycan Miqrasiya Mərkəzi hər il “Azərbaycandan Miqrasiya və Azərbaycana Miqrasiya” ilə bağlı illik hesabatlar hazırlayırdı. Mənim təşkilatdan istefamdan sonra həmin qurumun bu tip hesabatlar hazırlamasından xəbərsizəm. Birmənalı olaraq təsdiq edirəm ki, Almaniyada və digər Avropa ölkələrdə tanıdığım şəxslərin 95 faizindən çoxu mənim mühacirətə getdiyimdən əvvəlki dövrlərdə Azərbaycanı tərk ediblər. İnsanlar mənim vasitəmlə Azərbaycanı necə tərk edə bilərlər? Bu sual, ümumiyyətlə, məntiqli deyil, qeyri-realdır və müəyyən mənada qərəzlidir. Hansı mənbədən bu məlumatı almanız mənə maraqlıdır. Demək olar hər gün ölkədən getmək üçün (investisiya yatırmaq istəyi, ailə birləşməsi, yəhudi immiqrasiyası, təhsil proqramları, müalicə üçün həkim tapılması, ailə zorakılığının və insan alverinin qurbanları, vətəndaşlıqdan imtina etmək istəyən şəxslər və s.) müxtəlif suallarla mənə müraciətlər olur. Bilik və təcrübəmə əsaslanaraq onlara məsləhət verirəm. Məqsədim bu insanların ölkədən getməsinə dəstək vermək yox, onları Avropa qanunvericiliyi haqqında məlumatlandırmaqdır. Və bu xeyirxah bir işdir. Məncə, hər kəs, o cümlədən hər bir mətbuat təmsilçisi öz vətəndaşlarının bu sahədə məlumatlandırılmasında maraqlı olmalıdır. Belə məlumatlandırmalar insanların qanunsuz olaraq ölkəni tərk etməsinin qarşısını almağa, insanların şüurlu qərar qəbul etməsinə kömək edir. Mən hüquqşünasam, miqrasiya hüququ sahəsində ixtisaslaşmışam və bu sahə ilə problemi olanlar ən müxtəlif ölkələrdən mənə müraciətlər edir. Mən də biliyim və təcrübəməuyğun onları cavablandırıram. Sualınızın “deyirlər sizin vasitənizlə ölkədən gedənlər daha çoxdur” hissəsi mənə hakimiyyətdə olanların “etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə” yanaşmasını xatırlatdı. Bu məlumatları deyənlərə deyin ki, sizə deyil, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Yaxud özünüz jurnalist təhqiqatı aparın, mənim və ya mənim vəziyyətimdə olan şəxslərin Azərbaycandan kiminsə xaricə aparılması imkanlarını dəqiqləşdirin. Bu sahədə təhqiqat aparmasanız,sizdə formalaşan qənaəti mənim suallarım dəyişə bilməz. Bunun üçün mütləq araşdırma aparmanız lazımdır və bu işdə sizə dəstək verməyə hazıram.



Belə söhbətlər gəzir ki, mühacirət, miqrasiya məsələləri də monopoliyadadır. Hətta monopoliyalardan birinə sizin rəhbərlik etdiyiniz də deyilir. Məsələn, deyilir ki, siz bəzi saxta müxalifətçiləri, hökumətin nəzarətində olan media orqanlarında çalışan jurnalistləri təqibə məruz qalan şəxs kimi qələmə verib, onların status almasına şərait yaradırsız. Bu söhbətlər nə dərəcədə doğrudur?

–  Bu sahədə monopolist fəaliyyətlə məşğul olmaq üçün (mono poliya – yunan sözüdür tək satıram anlamındadır) hakimiyyətdə təmsil olunmalısan, rəqiblərini sıradan çıxarmaq gücündə olmalı, bunun üçün ən azından turist firmalarına, ölkədən giriş-çıxışa, hakimiyyətin yuxarı eşelonunda təmsil olunanlar arasında mükəmməl dəstəyə malik olmalısan. Mən isə Azərbaycanda rəsmi axtarışdayam və iqtidarla heç bir bağlılığım yoxdur. Əminəm ki heç siz də mənim haqqımda o fikirdə deyilsiniz….. Mühacirət – emiqrasiya isə şəxsin hansısa ölkədə daimi yaşamaq hüququ alandan sonra həmin ölkəyə getməsi prosesidir. Bu ölkələrə isə ABŞ, Avstraliya, Kanada kimi ölkələr daxildir və həmin ölkələrlə mənim heç bir əlaqəm yoxdur. Həmin ölkələrə çoxlu sayda insanlar gedir və Azərbaycanda əksər insanlar özləri birbaşa müraciət edərək, buna nail olurlar. Eyni zamanda immiqrasiya normal haldır, yeni həyatın başlanğıcıdır, inkişafdır, insanların inteqrasiyasıdır. Üçüncüsü, əgər siz insanların qanunsuz xaricə daşınmasını nəzərdə tutursunuzsa, bu başqa sualdır. Bəli, insanların qanunsuz xaricə daşınması və onların qanunsuz olaraq saxta sənədlərlə təmin olunmasını həyata keçirən şəxslər və cinayətkar qruplar var. Belə cinayətkar qruplar isə hakimiyyətdə olan şəxslərin himayəsi ilə fəaliyyət göstərirlər. Azərbaycanda olduğum zaman dəfələrlə hakimiyyətdə olan səlahiyyət sahiblərinə insanların qanunsuz daşınmasının cinayət məsuliyyəti yaradan əməl kimi sanksiyalaşdırılması üçün məsələ qaldırmışam və rəsmi orqanlara müraciətlər etmişəm. Hazırladığımız bütün hesabatlarda da bu təkliflər əks olub. Amma hakimiyyət təmsilçiləri bundan imtina ediblər. Baxmayaraq ki, Azərbaycan bununla bağlı beynəlxalq sənədlərə qoşulub və öhdəlik götürüb. Çox təəssüf edirəm ki, bu yaxınlarda Milli Şurada da mənim təşkilatçılığımla 18 dekabrda – Beynəlxalq Miqrant Günüdə keçirilən tədbirdə “şübhəli” adamların olmasına işarə edilib. Hakimiyyətin vətəndaşlarına bu qədər problem yaratdığı məmləkətdə,“Əlövsətin təşkil etdiyi tədbirdə niyə filankəs də olub” kimi məsələlərin müzakirəsinə vaxt ayırmağı məqbul hesab etmirəm. Keçirilən tədbirlərə qara yaxanlar orada müzakirə olunan məsələləri deyil, xaricdə təşkilatlanmağımızın, əməkdaşlığımızın zəruriliyini deyil, tədbirdə kimin iştirakını gündəmə gətirməklə özlərini gülüş obyektinə çevirirlər. Keçirdiyimiz tədbirlərə kimlərin dəvət olunması haqqında qərarı digər təşkilatçılarla birlikdə veririk. 18 dekabr tədbiri siyasi mühacirlərin deyil, Avropada məskunlaşan azərbaycanlıların tədbiri idi. Orada Almaniya, Hollandiya, Avstriya və digər ölkələrin vətəndaşları ilə bərabər tələbələr, eyni zamanda mövcud hakimiyyətlə heç bir problemi olmayan mühacirlər, Azərbaycan vətəndaşları da vardı. Məqsəd isə təşkilatlanma sahəsində mövcud problemlərin müzakirəsini aparmaq, soydaşlarla yaxından tanışlıq və yaratdığım təşkilatın təqdimatını keçirmək idi. Bundan başqa, kiməsə qaçqın statusunun verilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malik olan şəxs məmurdur və o, qərarını Azərbaycan iqtidarı, müxalifəti və ya digər şəxslərlə müzakirə etmir. İnsanlar Azərbaycanda hakimiyyətlə olan problemlərinə görə başqa ölkəyə qaçqın statusu almaq üçün baş vururlar. Həmin problemlərin hamısının jurnalistlərə bəlli olması mümkün deyil. O ki qaldı saxta müxalifətçilər və saxta sənədlər məsələsinə, mən soydaşlarımızla olan bütün görüşlərimdəonlardan saxta sənədlərdən istifadə etməməyi xahiş edirəm və bunun təhlükəli tərəflərini onlara izah edirəm. Ən yaxın gələcəkdə Azərbaycanda saxta sənədlər və sübutlar “istehsal” edənlər haqqında hesabat hazırlamağı planlaşdırıram. Həmin hesabatda Azərbaycanda və Avropada bu saxta sənədlərlə insanları təmin edənlərin ifşa olunması sahəsində çox qaranlıqlara aydınlıq gətirməyə çalışacağam. Bizim, eyni zamanda Almaniyada və qonşu dövlətlərdə yaşayan dostlarımın bəlli hədəfləri var və həmin hədəflərə doğru irəliləməkdəyik və hakimiyyətin yaratdığı maneələr bizi dayandırmaq gücündə deyil.



Əlövsət bəy, qardaşınız Sabir Rüstəmxanlı bu dəfə parlamentə düşmədi. Bəziləri bunu qohum olduğu nazir Ziya Məmmədovun “vurulması” ilə əlaqələndirir, digər qismi isə sizi məsul tutur. Yəni siz ölkədən getməsəydiz, o addımları atmasaydız, Sabir bəy də bu gün işinə davam edərdi. Sizin bu deyilənlərə münasibətiniz necədir?

–  Fikrin “parlamentə düşmədi” kimi ifadə olunması ilə razı deyiləm. Həqiqət odur ki, Sabir Rüstəmxanlı sadəcə deputatlığa namizədliyini vermədi və çox da düzgün addım atdı. Eyni zamanda Sabir Rüstəmxanlı Ziya Məmmədovla deyil, onun qardaşı ilə qohumdur. Sabir bəyin qohumu rayonda yaşayır və bildiyimə görə, kənd təsərrüfatı ilə məşğul olur. Sabir Rüsəmxanlı Ziya Məmmədovdan əvvəl var idi və ondan sonra da olacaq. Onu hansısa formada Ziya Məmmədovla, daha doğrusu, onun məmur şəbəkəsi ilə bağlamaq yalnız Azərbaycan jurnalistikasına, bu hakimiyyətə xidmət edən insanlara xas olan haldır. Onların qohumluğu isə indi dəbdə olan vəzifə hərisliyinə, pula, şöhrətə, kommersiya maraqlarına hesablanan qohumluq deyil. Bu gənclərin qərarıdır və valideynləri də dəstək verib. Namizədliyini verməməyə gəldikdə isə, məncə, Sabir Rüsəmxanlı “Azərbaycansayağı cəhd” etsəydi, namizədliyini irəli sürə və deputat seçilə bilərdi. Amma bunu etmədi. Onun deputatlığa namizədliyini verməməsi Ziya Məmmədova olan hücumlar, mənim haqqımda olan cinayət işi və ya xaricdə olmağımla bağlı deyil, Sabir Rüstəmxanlının özünün özünə verdiyi dəyərlə bağlıdır və bu, mənə çox xoşdur.



Ölkəyə qayıtmaq şansınız varmı? Bunun üçün hansısa danışıqlar aparılırmı?

–  Təbii ki, Azərbaycana qayıdacam və mən tək deyiləm, eyni vəziyyətdə olanların sayı yüzlərlə, bəlkə də minlərlədir. Bunun üçün Azərbaycan hakimiyyəti ilə heç bir danışıq aparmaq niyyətim yoxdur. Ölkə başçısına bir necə ərizə yazmışam. Prezidentdən sinif yoldaşı Emin Şəkinskinin qanunsuz davranışlarına son qoyulmasına yardım etməsini xahiş etmişəm. Lakin cavab almamışam. Bu tipli qondarma cinayət işlərinin ömrü, ən uzun müddətə götürsək, tutduğu vəzifələrdən öz maraqlarına xidmət edən yaramaz məmurların işdən getməsinədək ola bilər. Ölkədəki buzların mənə münasibətdə deyil, ümumiyyətlə, əridiləmisi haqqında düşünürük, yollar araşdırırıq və buna nail olacağımıza çox ümidliyəm. Hakimiyyətdə olanların nəzərinə çatdırıram ki, Azərbaycan vətəndaşları təkcə sizin kölənizə çevrilmiş insanlardan ibarət deyil. Dünyaya səpələnmiş və səslərinin Azərbaycanda eşidilməsinə ehtiyac duyduğumuz insanlar kifayət qədərdir və onların qarşısında bu hakimiyyət duruş gətirə bilməyəcək. O gün isə o qədər də uzaqda deyil.

Ana səhifəVideoƏlövsət Əliyev: ”Saxta sənəd ”istehsal” edənlər haqqında hesabat hazırlayacam”