Elmira Axundovanın oğlu təzminat ödəyəcək

Eyni qətnamə ilə deputat və oğlunun hərəkətlərindən şikayətçi olan şəxslər də təzminat verəcəklər

Source:
Elmira Axundova və oğlu Həbib Axundov
Elmira Axundova və oğlu Həbib Axundov


Eyni qətnamə ilə deputat və oğlunun hərəkətlərindən şikayətçi olan şəxslər də təzminat verəcəklər

Binəqədi Rayon Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə qərar çıxarılıb. Avqustun 31-də hakim Kamran Əsədovun çıxardığı qərara əsasən, H.Axundov təzminatı ondan şikayətçi olan, pulunun deputatın oğlu tərəfindən mənimsənildiyini iddia edib, bu haqda hüquq-mühafizə orqanlarına, Milli Məclisə, prezidentə məktublar göndərən Fərman Məmmədova ödəməlidir.

H.Axundov F.Məmmədov haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymaqda günahkar sayılıb.

Məhkəmənin qərarına əsasən, F.Məmmədov və H.Axundovdan şikayətçi olan daha dörd nəfər də eyni əməldə – yalan məlumat yaymaqda təqsirli bilinib. Hakim onlara da eyni cəzanı verib – hər biri H.Axundova 10 min manat (ümumilikdə 50 min manat) kompensasiya verməlidir.

Eyni qətnamə ilə E.Axundovanın da iddiası təmin olunub. Deputat və oğlunun hərəkətlərindən şikayətçi olan şəxslər ona 40 min manat (hər biri 10 min) ödəməlidir.

Qərara əsasən, mübahisə predmeti olan məqalələrdə qarşı tərəfin ünvanına deyilmiş, məhkəmənin yalan hesab etdiyi məlumatlar da təkzib olunmalıdır.

H.Axundovun adı son vaxtlar müxtəlif qalmaqallarda (bir qrup adamın pulunun mənimsənilməsi, gənc modelin ölümü və s.) hallanır. Meydan TV-də deputat oğlunun dəbdəbəli həyat tərzini əks etdirən videolar yayılıb.

Binəqədi Rayon Məhkəməsində deputat və oğlu ilə çəkişən şəxslər iddia edir ki, H.Axundovun onlardan aldığı pullar qaytarılmır.

H.Axundov isə bildirir ki, pullar ona yox, Elnur İbrahimova verilib. E.İbrahimov həbs olunub və bir neçə aydır ki, məhkəməsi gedir.

Zərərçəkmişlər E.İbrahimovun deputat oğlunun dostu olduğunu iddia edir.

Sosial şəbəkələrdə E.Axundovanın E.İbrahimovla birlikdə rəqs elədiyi görüntülər yayılmışdı.

H.Axundov özü də E.İbrahimov haqqında cinayət işində zərərçəkmişdir.

Ana səhifəXəbərlərElmira Axundovanın oğlu təzminat ödəyəcək