Elmin Bədəlov: İstəyirik ki, Qış Parkında küçə incəsənət festivalı keçirək

“Geniş kütləyə çıxış yollarından biri küçə tamaşalarıdır. İnsanları teatrdan uzaqlaşdırıblar, biz onlara tərəf getməliyik”

Source: Foto: Meydan TV


“İnsanları teatrdan uzaqlaşdırıblar, biz onlara tərəf getməliyik”


ADO teatrının (Azərbaycan Dağınıq Oda Teatrı) kollektivinə paytaxtda küçə tamaşalarını keçirmək üçün izacə verilmirdi.


Teatr iki ildir bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər etsə də, cavabsız qalırdı.


Teatrın qurucusu, baş rejissor və aktyoru Elmin Bədəlov ötən ilin sonlarında məsələ ilə bağlı məhkəməyə müraciət etdi. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə qarşı keçirilən hər iki prosesi teatrın xeyrinə həll olundu.


Elmin Bədəlov Meydan TV-yə müsahibəsində qərardan sonra teatrda görüləcək işlərdən danışıb. Həmçinin məhkəmə qərarının Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli olduğunu vurğulayıb:

-İki ildir ki, həmin qurumlara küçə tamaşalarını keçirməyimizlə bağlı müraciətlər etsək də, rədd cavabı alırdıq. Biz onlardan tələb edirdik ki, səbəb əsaslandırılmış qaydada olsun. Lakin cavab verilmirdi, onlar məsələni bir-birinin üzərinə atırdı. Hər iki məhkəmə prosesinə ayrı-ayrı hakimlər baxırdı. Nazirlik məhkəmə prosesi gedən zaman əsaslandırılmış cavab verdi. Cavabda göstərilirdi ki, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, küçə və parklarda, ümumiyyətlə, açıq havada tamaşaların, yaxud hər hansı bir tədbirin keçirilməsinə icazə, ya da rəy verə bilməz. Mədəniyyət Nazirliyi tərəfindən istəyimiz təmin olunduğu üçün hakim işə xitam verdi. Sonra isə Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığımız iddia işi başlandı. Biz nazirliyin cavabını məhkəməyə təqdim edib, Bakı Şəhər İcra Hakimiyyətinin öhdəliyini xatırlatdıq. Bakı Şəhər İcra Hakimiyyətinin öz nizamnaməsində var ki, tədbilərin keçirilməsinə razılığı və şəraiti onlar yaratmalıdır. Meriya ilə olan proses zamanı hakim bildirdi ki, əslində, küçədə tamaşa oynanılması yaxşı haldır. Meriyanın nümayəndəsi buna etirazını bildirmədi. Sonra hakim qərar çıxardı ki, ADO teatrının meriyaya qarşı iddiası təmin olunsun. Bildiyiniz kimi, küçədə hər hansı bir tədbirlərin keçirilməsi, toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piketlərin baş tutması məsələləri Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılır. İncəsənət və xalq yaradıcılığı ilə bağlı dəstəyi də meriya verməlidir. Lakin nizamnamədə xırda boşluq olduğuna və bu mədəniyyətlə əlaqədardır deyə dırnaqarası yanaşılırdı. Bundan sonra istənilən incəsənət nümayəndəsi küçədə, prospektlərdə yaradıçı nəsə nümayiş etdirmək istəyərsə, artıq iki qurum arasında qalmayacaq. Çünki rəsmi bir qərar var, ona istinad edəcəklər və hamı biləcək ki, bu məsələyə Bakı Şəhər İcra Hakimiyyəti baxır.



-Bakı Şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı apelyasiya şikayəti etmək ehtimalı varmı?

-Qanunvericilikdə nəzərdə tutulmuş formada birinci instansiya məhkəməsi qərar çıxarır və orda müddət qoyulur. İddiamız dekabrın 30-da təmin olundu. Hakim bildirdi ki, qarşı tərəf bir ay ərzində apelyasiya şikayəti verə bilər. Fevralın 1-dək apelyasiya şikayəti edilməsə, bu qərar tam rəsmiləşmiş olacaq. Apelyasiya şikayəti verilsə, çıxarılan qərarın taleyi sual altındadır. Müddətin bitməsini gözləyirik ki, qərar tam rəsmiləşsin. Fevralın əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinə ilk rəsmi müraciətimizi edəcəyik. Küçə üçün hazırlayacağımız tamaşalar hamıya anlaşılan tərzdə olmalıdır. Tutaq ki, 30 dəqiqəlik tamaşadırsa, bir adam gəlib, 5 dəqiqə baxıb, getsə də, nəsə başa düşə bilsin. Müəllif və rejissoru özüm olduğum 30-40 dəqiqəlik “Dikdaban” tamaşasını oynayacağıq. Bu tamaşanın performansı sırf küçə üçün hazırlanıb. Tamaşanı Gürcüstanda və ADO-nun yeddinci mövsümünün açılışında da oynamışıq.

ado_yeni_logo.jpg
ADO




Sizcə, Azərbaycanda teatra aşağı səviyyədə olan marağı küçə tamaşaları ilə bərpa etmək mümkündür? Bunun müsbət nəticəsi olacaq?

– ADO-nun yaranma məqsədləridən biri də alternativ üsulla Azərbaycanda teatra marağı geri qaytarmaqdır. Onusuz da klassik və ənənəvi teatr var. İstəyirik, insanlar görsün ki, teatr alternativ, modern və fərqli ola bilər. Geniş kütləyə çıxış yollarından biri küçə tamaşalarıdır. İnsanları teatrdan uzaqlaşdırıblar, biz onlara tərəf getməliyik. İnsanların diqqətini cəlb etmək, alternativ teatrın olduğunu onlara göstərmək lazımdır. Bundan sonra onların marağı yaranacaq, teatra ayaq açacaqlar. Bu üsul teatra tamaşaçı cəlb etməyin bir variantıdır.




ADO-nun repertuarı uzun müddətdir dəyişməz olaraq qalır. Yeni tamaşaların səhnələşdirilməsi nəzərdə tutulub?

-Corc Oruellin “Heyvanıstan” povesti əsasında tamaşa hazırlanacaq. İdeya müəllifi mənəm, povestin motivlərindən istifadə etməklə tamaşa hazırlayacağıq. Tamaşanın dekorasiyası hazırdır, rəssam geyimlər üzərində işləyir. Fevralın əvvəlində məşqlərimiz başlayacaq. Onu da deyim ki, biz küçə teatrı deylik. Sadəcə, küçə mədəniyyətinin inkişafına, həmçinin teatra marağın artmasına təkan olmaq istəyirik. Hətta istəyirik ki, Qış Parkında küçə incəsənət festivalı keçirək. Xarici performerləri də dəvət etmək istəyirik. Biz Fransada, Oriyakda ən məşhur küçə teatrları festivalında tədbirin keçirilməsinə görə mindən çox yerlərin ayrıldığının şahidi olduq. Dünyanın müxtəlif yerlərindən festivala qatılanlar var idi. Niyə bizdə də belə bir genişmiqyaslı tədbir olmasın? Küçə mədəniyyəti əsas mədəniyyətin inkişafında təkamül rolunu oynaya bilər.

Ana səhifəMədəniyyətElmin Bədəlov: İstəyirik ki, Qış Parkında küçə incəsənət festivalı keçirək