“Məqsəd məhkəmə proseslərinin ədalətsiz olması, onların günahsız həbsdə saxlanması haqda ictimaiyyəti məlumatlandırmaqdır”
Gəncə hadisələrinə görə həbsdə olan şəxslərin ailə üzvləri fevralın 7-də icra hakimiyyətinin qarşısında piket keçirmək niyyətindədir. Onlar bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məktub göndəriblər.
Şikayətçilər məktubda yazıb ki, Gəncə hadisələrilə əlaqədar xeyli günahsız adam həbs olunub, məhkəmələr ədalətsiz keçirilib.
“Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev vəzifəsini düzgün icra etmədiyinə, insanlara zülm elədiyinə görə 3 iyul 2018-ci ildə Yunis Səfərov ona qarşı sui-qəsd törətdi. Lakin Baş Prokurorluğun İstintaq İdarəsi bu hadisəni şəxsi müstəvidən çıxararaq, dini qrup tərəfindən törədilmiş hadisə, dövlət çevrilişinə cəhd kimi qələmə verdi, xeyli insan həbs olundu, bir neçə nəfər qətlə yetirildi. Həmçinin 10 iyulda təşkilatçıları məlum olmayan aksiya barədə müəyyən qüvvələr tərəfindən Gəncədə iğtişaş törətmək məqsədilə sosial şəbəkədə məlumat paylaşıldı. Həmin aksiyada iki polis öldürüldü, oradan keçən, hadisəyə baxan insanlar belə, kütləvi şəkildə həbs edildi. Bu, Yunis Səfərova dəstək aksiyası kimi qələmə verildi və 100-dən çox günahsız adam həbs olundu. Onların bir hissəsi hələ də həbsdədir”.
Sabiq icra başçısına qarşı sui-qəsdə görə Yunis Səfərov da daxil olmaqla, 12 nəfərə terrorçuluq, dövlət çevrilişi hazırlama, qəsdən adam öldürməyə cəhd və s. 30-dan artıq maddə ilə ağır ittihamlar verilib. Bu 12 nəfərdən ikisi saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb. Buna baxmayaraq, onlar da təqsirləndirilən şəxs qismində tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Yunis Səfərova ömürlük, qalan 9 nəfərə 18 ildən 20 ilə qədər həbs cəzası kəsilib. İki nəfər isə təqsirli sayılsa da, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilib.
Həm 10 nəfərin hamısı, həm də iki nəfərin hüquqi varisləri hökmdən narazı qalaraq, apelyasiya şikayəti verib. Hazırda onların işinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyilə baxılır.
“Piket keçirməkdə məqsəd təqsirləndirilən şəxslərin barəsindəki məhkəmə proseslərinin ədalətsiz olması, onların günahsız həbsdə saxlanması haqda ictimaiyyəti məlumatlandırmaqdır”, – Gəncə məhbuslarının ailə üzvləri icra başçısına məktubda yazıb.
Günay Zalova Meydan TV-yə bildirib ki, artıq 4 ilə yaxındır həyat yoldaşı Cəfər Zalov heç bir cinayət törətmədiyi halda, dəmir barmaqlıqlar arasındadır. Elmar Vəliyevə qarşı sui-qəsdə görə o, 18 il azadlıqdan məhrum edilib: “Günahsız insanlar heç bir cinayət törətmədikləri halda məhbus həyatı yaşayırlar. Biz ailələr 4 ilə yaxındır ki, getmədiyimiz dövlət qapısı, müraciət etmədiyimiz dövlət strukturu qalmadı. Çox təəssüf ki, bu zaman ərzində heç bir səlahiyyətli şəxs biz ailələri qəbul edib dinləmək istəmədi”.