Nazir mədəniyyətlərarası və dinlərarası məsələlərə, təhsilə, qadın haqlarına diqqət artırıldığını vurğulayıb
İyunun 23-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov AŞPA-nın yay sessiyasında çıxış edib. O, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən danışıb.
Onun sözlərinə görə, qarşıda duran əsas prioritetlərdən biri korrupsiya ilə mübarizə olacaq. Bu istiqamətdə Korrupsiyaya qarşı Dövlətlər Qrupu – GRECO və Beynəlxalq Antikorrupsiya Akademiyasının dəstəyi ilə bu ayın sonunda Bakı şəhərində yüksək səviyyəli konfrans təşkil etməyi planlaşdırılır.
Bundan əlavə, nazir deyib ki, futbol yarışları da daxil olmaqla, müxtəlif idman müsabiqələrinin manipulyasiyası korrupsiya fenomeni yaradır, bu, yeni təhlükələrdən hesab olunur.
“Azərbaycan bu prioritet xətti Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişə – EPAS maliyyə yardımı ayıraraq onu dəstəkləyəcək” – deyə E.Məmmdyarov vurğulayıb.
Mədəniyyətlər və dinlərarası dialoqun təşviqini özünün xarici siyasətinin prioritetinə çevrildiyini deyən nazir bu ilin 1-2 sentyabr tarixlərində Bakıda Avropa Şurasının mədəniyyətlərarası dialoqun dini aspektləri mövzusunda illik iclası keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, bu görüş dini və qeyri-dini şəxsiyyətlərin iştirakı ilə debatların keçirilməsinə imkan yaradacaq.
Eyni zamanda gənclərin sosial hüquqlardan istifadə imkanlarının artırılması istiqamətində danışan nazir Azərbaycan hökuməti gənclərə qarşı kənarlaşdırma, ayrı-seçkilik və zorakılıqla mübarizə istiqamətində hədəflənən Enter-2 layihəsinə maliyyə dəstəyi ayırmaq qərarını verib.
Sosial vəhdət sahəsində qadın haqları məsələsinə toxunub.
Milli səviyyədə Azərbaycan hökumətinin yeritdiyi siyasət gəncləryönlü olaraq onların təhsilinə xüsusi diqqət ayırır. ÜDM-də təhsil üçün dövlət xərclərinin payı dayanmadan artır və bu təhsilin keyfiyyətinə və Avropa təhsil sisteminə sıx inteqrasiyasına təsir edir. Eyni zamanda təhsili dövlət tərəfindən maliyyələşdirilən azərbaycanlı tələbələrin aparıcı xarici, xüsusilə Avropa universitetlərində sayı 2015-cü ildə 5000-ə çatacaq.
“Oktyabr ayında biz iki əhəmiyyətli tədbirə – Avropa Ali Təhsil Zonasının həyata keçirilməsi üzrə 4-cü regional nazirlər görüşü və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcəyik” – E.Məmmədyarov belə deyib.
Nazir həmçinin qonşu regionlarda əməkdaşlıq istiqamətində Ukrayna məsələlərinə toxunub: “Nazirlər Komitəsi ölkənin demokratik inkişafını gücləndirmək məqsədilə Ukrayna qurumları tərəfindən sorğu edilən bütün dəstəyi göstərməkdə davam edəcək”.