“Azərbaycanda inqilabdansa, təkamül yolu daha yaxşıdır”
ABŞ prezidenti bir müddət əvvəl çıxışında Azərbaycan və Macarıstanın adını eyni siyahıda çəkməsi bir tərəfdən yaxşı haldır və bu, onu göstərir ki, iki ölkənin bir sıra məsələlərdə, o cümlədən dövlətlərin inkişafında yanaşmaları üst-üstə düşür. Bu barədə Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransında nazir Elmar Məmmədyarov Macar televiziyasının müxbirinin prezident Barak Obamanın insan haqları və QHT-lərlə bağlı çıxışında Azərbaycan və Macarıstanın adını eyni anda çəkməsi ilə bağlı sualın cavabında bildirib.
Nazir deyib ki, digər tərəfdən demokratiya barədə danışanda ehtiyatlı olmaq lazımdır: “Bir ölkənin tamamilə mükəmməl, digərinin əksinə olmasını demək düzgün olmazdı. Biz Azərbaycanda inanırıq ki, inqilabdansa, təkamül yolu daha yaxşıdır. Bu, insanın inkişafına sərmayə qoymağa imkan verir. İnqilab isə ölkənin inkişafını geri atır. Azərbaycan bir uğur hekayəsidir. Azərbaycan 23 ildir müstəqil dövlətdir və uğurlu inkişaf edən bir ölkəyə çevrilib. Gələcək nəsillər üçün çox yaxşıdır”.
O, fikrini möhkəmləndirmək üçün 200 azərbaycanlı tələbənin Macarıstanda oxuyacağını, ümumilikdə isə Azərbaycandan 5 min tələbənin xaricdə oxumaq üçün göndərildiyini bildirib.
Macarıstanın xarici işlər naziri isə deyib ki, macarlar azadlığı sevən insanlardır. “Biz on illərlə mübarizə aparmışıq, minlərlə insan itirmişik. Heç kim bizim azadlığımızı, demokratiyamızın səviyyəsini azalda bilməz”, – deyə o qeyd edib (Turan İA).