Əliyevlərin inşaat şirkətlərinin gizli ”Moskva planı”

Moskvada tikinti biznesinə girişən Azərbaycan şirkəti haqda nə məlumdur?

Source:


Moskvada tikinti biznesinə girişən Azərbaycan şirkəti haqda nə məlumdur?

Təxminən on il bundan qabaq Bakıda “Four Seasons” otelinin tikintisi zamanı XIX əsrin son qərinəsinə aid tikililər sökülməklə bərabər, İçərişəhərin qala divarlarının bir hissəsi də dağıdılmışdı. Deyilənə görə, indi 10 mərtəbəli dəbdəbəli mehmanxananın altında qədim Bakının tarixinin bir parçası – arxeoloji qazıntılar zamanı aşkar olunmuş sirli tunel də “yatır”. O zaman tikinti işlərini aparan şirkət nə bakılıların narazılığına etina etdi, nə də arxeoloqların, memarların və tarixçilərin – mütəxəssislərin səsini eşitdi. Rəsmi qurumlar isə şəhərin mərkəzində baş verən bu vandalizm aktına heç bir reaksiya vermədi. Otelin istifadəyə verilməsindən sonra onun sahibləri – Azərbaycanın birinci ailəsi buna bənzər əməliyyatı Rusiyanın paytaxtı Moskvada da icra etməyə girişmişdilər. Lakin müqavimət göstərildiyindən niyyətlərinə sonadək nail olmadılar.

Leyla Əliyevanın adı 1-ci Tverskaya-Yamskaya küçəsi, 22 nömrəli beşmərtəbəli evin 2014-cü ilin avqustunda özülünə qədər sökülməsində əsas səbəbkarlar arasında

çəkilirdi

.

Moskva memarlığının qorunub-saxlanmasına çalışan fəallar bu binanın yerində tikinti işləri aparmaq icazəsi olan şirkətin arxasında Azərbaycan prezidenti İlham Əliyevin qızının dayandığını iddia edirdilər.

Şəhər hökuməti il razılaşdı, amma öz bildiyini etdi

1905-ci ildə modern üslubda tikilmiş bu yaşayış evinin mehmanxana kompleksi kimi yenidən qurulması üçün şəhər meriyası ilə danışıqlar 2012-ci ildə – “Four Seasons Baku” oteli istifadəyə verilən ərəfədə – başlanmışdı. Moskva hökumətinin mədəni miras obyektlərinin qorunması zonalarında şəhərsalma məsələləri üzrə Komissiyasının İşçi Qrupu noyabrda bu məsələ haqda öz rəyini vermişdi: əsas fasadın mütləq şəkildə qorunması və bərpası şərtilə binanın konstruksiyası qismən dəyişdirilə, əlavə iki mərtəbə artırıla və yeraltı sahə istifadə oluna bilər. Binanın mülkiyyətçisi və tikinti layihəsinin sifarişçisi “Kompaniya Miretta” MMC isə danışıqlarda binanın tamamilə sökülməsində israr edirdi. Moskva şəhərinin Mədəni İrs Departamenti (MİD) isə söküntüyə qarşı çıxırdı. Bu bina mədəni irs obyekti hesab olunmasa da, Moskvanın tarixi-şəhərsalma mühiti obyektlərinə aid edilirdi. Nəhayət, binanın yenidən qurulması layihəsi MİD-də razılaşdırıldı. Buna baxmayaraq, 2014-cü ilin avqustunda bina yerlə yeksan edildi. Bu hadisə şəhər ictimaiyyətini ayağa qaldırdı. Hadisədən iki gün keçmiş “Memarlıq Nəzarəti” İctimai Birliyi meriyaya ultimatum xarakterli bəyanatla çıxış etdi. Fəalların tələblərdən

biri

 tikintinin sifarişçisinin Moskva şəhəri ərazisində istənilən tikinti fəaliyyətinə qadağanın qoyulması idi.

Şirkət dəyişir, “Azərbaycan izi” qalır

O zaman binanın qarşısında vurulan lövhədə tikintinin sifarişçisinin “Kompaniya Miretta” MMC olduğu yazılırdı. Rusiya mətbuatı da söküntüyə görə məsuliyyəti onun ayağına

yazırdı

. Cəza tədbirləri özünü çox gözlətmədi: Moskvanın İnzibati-Texniki Müfəttişlik Birliyi işləri razılaşdırılmış qaydada aparmadığına görə şirkəti 1 milyon rubl məbləğində cərimə etdi. Yerli hökumət isə binanın ümumi sahəsinin 2,4 min kvadratmetrdən 4,9 min kv.m-dək genişləndirilməsini nəzərdə tutan “Torpaq sahəsinin şəhərsalma planı”nı (TSŞP) və torpağın icarə müqaviləsini ləğv etdi.

İki il sonra, uzun sürən məhkəmə çəkişməsinin ardından, tikintiyə icazə sənədində artıq başqa şirkətin adı qeyd olunur. Bu, Azərbaycanın “Atlantik Aeronautik Holdinq Limited” MMC şirkəti

idi

. Moskva hökumətinin Şəhərsalma-Torpaq Komissiyası 2016-cı ilin fevralında məhkəmənin qərarını icra edərək, sözügedən torpaq sahəsində binanın bərpa olunması məqsədilə TSŞP-nin verilməsi haqda qərar qəbul etdi. Qərara görə, bina tarixi görkəmində və əvvəlki ölçülərdə bərpa olunacaqdı. Meriyanın hesablamasına görə, layihənin rentabelliyinin aşağı düşməsi Azərbaycan şirkətini 800 milyon rubl məbləğində gələcək gəlirlərdən məhrum edirdi. 2017-ci ilin fevralında isə şirkətə tikinti işlərinin aparılmasına icazə verildi.

Moskvada Azərbaycan sərmayəli devoloper şirkətləri yaradılıb

Bəs Moskvada tikinti biznesinə girişən Azərbaycan şirkəti haqda nə məlumdur? “Atlantik Aeronautik Holdinq Limited” MMC 2006-cı ilin aprel ayında

yaradılıb

. Onun Bakıdakı hüquqi ünvanı Lev Tolstoy küçəsi, ev 170-dir. Bura həm də “Paşa Həyat Sığorta” ASC və “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin qeydiyyat ünvanıdır. 2018-ci ilin mayında “Atlantik Aeronautik Holdinq Limited” şirkəti Moskvada, Vorontsovo Pole küçəsi, ev 3/6 ünvanında 3 yeni şirkət (

“Savona”

MMC ,

“Alkona”

MMC , “Kompaniya

Zuar”

) yaradıb. Bu ünvanda yerləşən və “Atlantik Aeronautik Holdinq Limited” MMC-nin payçısı olduğu daha bir şirkət “Meqasentr Kompani” MMC-dir. Azərbaycan şirkəti bu şirkətdə payı bu ilin may ayının 7-də əldə

edib

. 1997-ci ildə yaradılan “Meqasentr Kompani” MMC-nin əvvəlki sahibi onun indiki direktoru Tofiq Teymur oğlu Hüseynovdur. Haqqında söhbət gedən “Kompaniya Miretta” MMC ona məxsusdur. Qeydiyyat sənədlərində bütün bu şirkətlərin əsas fəaliyyət növü kimi daşınmaz əmlakın alğı-satqısı göstərilib.

Moskvalı ortaq

67 yaşlı T. Hüseynov Rusiyada yaradılmış bir neçə kommersiya şirkətinin (“Totem Qrup” MMC və “Ley Lend” MMC) yeganə təsisçisi, “Mass Media Alyans” MMC-nin (MMA) direktorudur. Nəşriyyat sahəsində fəaliyyət göstərən “MMA” MMC 2005-ci ildə Dominika Birliyinin “Xazar Media Ltd” səhmdar

şirkəti

tərəfindən təsis olunub. Dominikadakı bu ofşor şirkətin qurduğu “MMA” MMC Rusiyada

yayımlanan

analitik-informasiya portalında paya sahibdir. “Xazar Media Ltd” şirkətinin Azərbaycan filialı ana şirkət qurulandan az sonra – 2005-ci ilin mayında açılıb. Filiala Fərid Əsgərov rəhbərlik edir. Kommersiya təşkilatlarının registrinə görə, F.Əsgərov Azərbaycanda, ən azı, daha 4 şirkətin (“Trend-Holdinq” MMC, “Media İnternational Holdinq” MMC, “Konsul Ltd.” MMC və “Ocaq-5” firması) direktorudur. “Ocaq-5” firmasından başqa yerdə qalan digər şirkətlər keçmiş “Abşeron”, indiki “JW Marriott Absheron Hotel”-də qeydiyyatdan keçib.

T. Hüseynov həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakıdakı “Bakı Biznes Mərkəzi” MMC-nin

təsisçisi

olduğu, 2012-ci ilin yanvarında Moskvada yaradılmış “Bakinskiy Biznes-Tsentr” MMC-nin

direktorudur.

“Paşa Holdinq”ə aparan yollar

“Atlantik Aeronautik Holdinq Limited” MMC Britaniyadakı “Knightsbridge Residents Management Company Limited” şirkətinin 200-dən çox səhmdarından biridir. Azərbaycan şirkəti 2007-ci ildə bir səhm almaqla 2005-ci ildə yaradılan bu daşınmaz əmlak şirkətinə şərik olub. 2018-ci ilin əvvəlinə Britaniya şirkətinin umumi aktivləri 12 milyon funt (15,5 milyon dollar) idi.

“Atlantik Aeronautik Holdinq Limited” MMC “Savona”, “Alkona”, “Kompaniya Zuar” və “Meqasentr Kompani” şirkətlərində 99 faiz paya malikdir. Yerdə qalan 1%-lik hissə isə onun şəriki – Azərbaycan mənşəli “Foton” MMC-nindir. Rusiya mənbələrinə görə, “Foton” MMC 1999-cu ilin iyul ayında təsis olunub. Bu şirkətin huquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti, ev 153 – “Port Baku Towers” iş mərkəzidir. Bura “Paşa Holdinq” MMC-nin baş mənzil-qərargahıdır.

Holdinqə daxil olan bir çox şirkət kimi bu iki şirkətin (“Foton” və “Atlantik Aeronautik Holdinq Limited” MMC) də dövlət reyestr məlumatları ictimaiyyətdən gizli saxlanılır. Vergilər Nazirliyi bu şirkətlərə dair açıq məlumatların təqdim olunmasına dair informasiya sorğusuna cavab verməyib. “Paşa Holdinq” MMC də qeyd olunan şirkətlərin ona və təsisçilərinə bağlı olub-olmaması haqda yazılı sualları cavabsız qoyub.

Hələ 2012-ci ildə “Foton” MMC-nin “Yeddi Bulaq” MMC ilə birgə “Qalaktik” MMC-yə qoşulmaqla ləğv olunacağı nəzərdə tutulurdu. Lakin planlar dəyişdi və “Foton” MMC fəaliyyətini davam etdirdi.


“Vergilər” qəzeti, Xüsusi buraxılış, 11 aprel, 2012-ci il

“Qalaktik” MMC-yə gəlincə, o, 2014-cü ildə “Bank Avrasiya” ASC-dəki 37,5%-lik səhm payını “PMD Group” MMC-yə

satdı

. “Qalaktik” MMC həm də “Kapital Bank” ASC-nin istifadəsində olan daşınmaz əmlakın

idarəedicisidir.

. “PMD Group” və “Qalaktik” şirkətlərinin reyestr məlumatları (kapitalı, yaranma tarixi, direktoru, hüquqi ünvanı və s.) gizli saxlanılır.

“Az İmport” təkzib edir. Bəs faktlar nə deyir?

Bu ilin avqustunda “Çinarə” Kiçik Müəssisəsi “Foton” MMC-yə qoşulduğunu elan etdi. 1993-cü ildən iyul ayından bəri mövcud olan “Çinarə” KM-in nizamnamə kapitalı qoşulma qərarından öncə 100 manat idi. Hazırda onun səhmdar kapitalı 37,4 milyon manat (22 milyon ABŞ dolları) təşkil edir. KM-ə məxsus Bakının Neftçi Qurban Abbasov, ev 29 ünvanında yerləşən iş mərkəzi 2017-ci ilin dekabrında istismara verilib. Ümumi sahəsi 18,4 min kvadratmetr olan bu tikilini “Az İmport” şirkəti inşa edib.


“Vergilər” qəzeti, Xüsusi buraxılış, 15 avqust, 2018-ci il

Şirkətlərarası bu “izdivac” “PMD Group”la “Az İmport” MMC arasında əmlak alış-verişi təəssüratı yaradır. Vergilər Nazirliyinin məlumatına görə, “Çinarə” Kiçik Müəssisəsinə Niyaz Ravil oğlu Orucov rəhbərlik edib. O, həm də “Rahat Həyat Yaşayış Kompleksi” MMC-nin direktoru, eyni zamanda “Az İmport” MMC-nin mühasibi işləyib. Tikintilərin dövlət reyestri məlumatlarına görə, ümumi sahəsi 18,4 min kvadratmetr olan “Çinarə” KM-ə aid

tikilini

 və “Rahat Həyat” yaşatış kompleksini “Az İmport” şirkəti inşa edib. Nizami küçəsi 1/3 ünvanındakı “Sapphire Plaza” İş Mərkəzinin “Az İmport” MMC-yə məxsus olduğu  qeyd

olunur.

Hazırda bu kompleks “Nizami Plaza” adlanır və “PMD Group” MMC-yə məxsusdur.

“Az İmport” MMC-nin rəhbərliyi onunla “PMD Group” MMC arasında biznes əlaqəsinin olması faktını təkzib edib.

“Çinarə” KM-in, eləcə də “Nizami İş Mərkəzi” MMC-nin və “Facility Management Group” MMC-nin direktoru Kamran Musu oğlu Məmmədovdur. Sonuncu iki şirkət “PMD Group” MMC-nin tərkibindədir. Bu qrup isə “Paşa Holdinq” şirkətlər konqlomeratına daxildir.

Ana səhifəAraşdırmaƏliyevlərin inşaat şirkətlərinin gizli ”Moskva planı”