Azərbaycan Prezidentinin dedikləri Ermənistanın Baş nazirini təəccübləndirdi
Mayın 25-də Moskvada baş tutan və Azərbaycan Prezidenti İlham Əliyevin də ilk dəfə qatıldığı Ali Avrasiya İqtisadi Şurasının iclasında Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında söz deyişməsi olub.
Paşinyan Laçın dəhlizi məsələsinə toxunaraq bildirib ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi:
“Amma təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb”.
Eyni zamanda Baş nazir ölkəsinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına hazır olduğunu deyib.
İlham Əliyev Ermənistan Baş nazirinin bu sözlərini “ittiham” adlandırıb:
“Mən bu ittihamlara cavab verməyə bilmərəm və demək istəyirəm ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Ermənistanla Azərbaycan arasında olan və sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontigentinin postundan 20 metr aralıda yerləşir. Və bu gün bu sərhəd-buraxılış məntəqəsindən Qarabağda yaşayan erməni əsilli Azərbaycan sakinləri Ermənistana rahat səfər edə bilirlər. Buna heç bir maneə yoxdur. O cümlədən, Xankəndindən Qırmızı Xaç xətti ilə daşınan pasiyentlər və təcili yardım maşınları da. İstənilən qərəzsiz adam bunu görməlidir və düşünürəm ki, kürsüdən əsassız ittihamlar üçün istifadə etmək olmaz”.
Zəngəzur dəhlizinə gəlincə, Əliyev “Zəngəzur dəhlizinin yaradılması bizim tam haqqımızdır” deyib və əlavə edib ki, bu təşəbbüs Rusiya Federasiyası tərəfindən də dəstəklənir.
Əliyevin bu sözlərini Ermənistanın Baş naziri təəccüblə qarşılayıb. O bildirib ki, Rusiya tərəfindən bu layihənin dəstəkləndiyini öyrənmək “çox maraqlı oldu” və “Düzünü deyim ki, bu haqda ilk dəfədir ki, eşidirəm, – deyib.
Laçın dəhlizindən baş verənləri isə Paşinyan üçtərəfli bəyanatın birbaşa pozulması adlandırıb:
“Siz dəhlizin açıq olduğunu dediniz, amma biz bunu görmürük və belə hesab etmirik. Buna görə də ora, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa oradakı humanitar vəziyyəti qiymətləndirəcək beynəlxalq missiyanın göndərilməsini vacib hesab edirik. Dekabr ayından orada humanitar böhran var”.
Sonda Rusiya prezidenti Vladimir Putin “bütün bunları üçtərəfli görüşdə, sakit, işgüzar şəraitdə” müzakirə etməyi təklif edib.
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etdiyi Avrasiya İqtisadi Şurasının bugünkü sammitində İlham Əliyev qonaq qismində iştirak edirdi.