Əliyevin Rusiyaya ittihamları: “Gecikmiş bəyanatdır, qeyri-dəqiqlik var“

İlham Əliyev. Foto: Azərtac

“Rusiyanın davranışı Azərbaycanın xarici siyasətində ciddi problemlərin olmasından xəbər verir“

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibə verib və təyyarə qəzası ilə bağlı Rusiyanın əleyhinə ittihamlar səsləndirib.

Əliyev müsahibəsində deyib ki, Bakı-Qroznı marşrutu üzrə uçan təyyarə Rusiya ərazisində, Qroznı yaxınlığında xaricdən zədə alıb, idarəetməni itirib.

O, təyyarənin yerdən açılan atəş nəticəsində zədələndiyini, radioelektron mübarizə vasitələri ilə idarəolunmaz hala salındığını bildirib, ilkin olaraq ortaya atılmış “quş versiyası“nı inkar edib.

“Yəni bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”, – İlham Əliyev belə deyib.

Əliyevin bu müsahibəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından bir gün sonra baş tutub.

Dekabrın 28-də Vladimir Putin Əliyevə zəng edərək təyyarənin Rusiya səmasında qəzaya uğradığına görə üzrxahlıq edib. Lakin o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Putinin zəng və üzrxahlığından sonra Əliyevin sərt açıqlama verməsi də cəmiyyətdə suallar doğurub. Çünki Əliyev “Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik… Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır“ kimi fikirlər səsləndirib.

Onun bu çıxışını hökumətyönlü media Əliyevin qətiyyəti və siyasi iradəsi kimi şərh etsə də, əks fikirlər də var.

Bir çoxları düşünür ki, bu fikirlər ictimai rəydə Rusiyaya yönəlik sərt çıxışları bir qədər sakitləşdirməyə hesablanıb, yəni bunu bir növ “razılaşdırılmış müsahibə“ kimi xarakterizə edənlər də var.

Bəs doğrudan, nə baş verir?

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Rusiya rəhbərliyi tərəfindən hadisənin böyük mənada etirafı yoxdur.

Onun sözlərinə görə, Putinin üzrxahlığı da nəzəri cəhətdən hadisənin Rusiya səmasında baş verməsinə görədir:

“Yəni hələ ortada ciddi bir etiraf yoxdur. Hadisəni Ukrayna dronlarının boynuna da ata bilərlər. Mən bu gün yazdığım məqaləmdə də qeyd eləmişəm ki, bu hadisədən hamıdan öncə Rusiya tərəfinin məlumatı olub. Hətta onların təyyarəyə baxış keçirməyə belə ehtiyacı yox idi, çünki bütün təyyarələr özbaşına uçmurlar, onlar yerdən komanda mərkəzlərindən daim dispetçerlər tərəfindən müşahidə edirlər, əgər toqquşma olursa, həmin dəqiqə ekrana verilir və nəticə aydın olur. Ona görə də həmin məlumatlar artıq Rusiyanın xüsusi xidmət orqanlarının əlində idi. Yəqin ki, həmin məlumatları dəyişdirməyə çalışıblar, ya nəsə ediblər, bizim bu haqda məlumatımız olmaya bilər. Amma bütün hallarda Rusiya hərbi hava qüvvələri nəyi vurduqlarının fərqində idilər və ilk andan mülki təyyarənin vurulduğunu bilirdilər. Putin də bunu çox gözəl bilirdi, ört-basdır etmək istəyən də məhz Putinin özü idi. Çünki xüsusi xidmət orqanlarının xəbəri olmadan çaşdırıcı informasiyalar yayıla bilməzdi, xüsusi xidmət orqanları da məhz Putinin nəzarətindədir“.

“Rusiya düşünür ki, Bakının beynəlxalq aləmdə ciddi müttəfiqləri yoxdur“

Əliyevin ittihamlarına gəlincə, Mirqədirov bunu “bir qədər gecikmiş bəyanat“ sayır:

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

“Düşünürəm ki, Prezidentin bəyanatı bir qədər gecikmiş bəyanatdır. Hadisədən 4 gün keçib, yalnız bu gün Prezident öz fikirlərini bildirib. Bu müddət ərzində Azərbaycanla Rusiya rəsmiləri arasında müxtəlif səpkidə danışıqlar aparılıb. Bildiyiniz kimi, Rusiya Prezdidenti özü Azərbaycan Prezidentinə zəng edib. Xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. Eyni zamanda, hamımız gözəl bilirik ki, müxtəlif kanallar vasitəsilə danışıqlar gedir, həmçinin xüsusi xidmət orqanları arasında kommunikasiyalar var. Yalnız Rusiya tərəfinin özünü həyasızca aparması bütün dünyada aşkar olunduqdan sonra belə bir siyasi bəyanatı bir qədər gecikmiş bəyanat sayıram. Bu məsələnin birinci tərəfidir“.

Mirqədirov qeyd edib ki, Moskvanın davranışları Azərbaycanın xarici siyasətində ciddi problemlərin olduğundan xəbər verir:

“İkincisi, bu hadisə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə çox ciddi problemlərin və qeyri-bərabərliyin olduğunu ortaya qoydu. Rusiyanın davranışı onu göstərirdi ki, Putin administrasiyası məsələnin ört-basdır edilməsinə ümid edir. Bu ümidlərin Rusiya rəhbərliyində olması Azərbaycanın xarici siyasətində çox ciddi problemlərin olduğunun göstəricisidir. Bu problemlər nədən ibarətdir? Rusiya tərəfi hesab edir ki, Azərbaycana çox ciddi təsir etmək imkanlarına malikdir, Bakının beynəlxalq aləmdə ciddi müttəfiqləri yoxdur, onu dəstəkləyənlər olmayacaq.  Amma Moskvada başa düşməlidirlər ki, Azərbaycanla müttəfiq, dost olmaya bilərlər, ancaq indiki dövrdə dünya Rusiyanın bütün hərəkətlərini lupa ilə izləyir və adekvat reaksiya verirlər“.

Siyasi şərhçi İlham Əliyevin çıxışında qeyri-dəqiqliyin olduğunu da vurğulayıb:

“Üçüncü bir məsələ də məni narahat edir: dövlət başçısının bəyanatında qeyri-dəqiqliklər var. Rəsmi məlumata görə, Əliyevlə Putin arasında telefon danışığında Rusiya Prezidenti yalnız öz hava məkanında baş vermiş insidentə görə üzr istəyir və həmin insidentin kim tərəfindən törədildiyi etiraf olunmur. Yəni Rusiya hadisəni törətdiyini etiraf etmir. Üzrü də yalnız öz hava məkanında baş verənlərə görə istəyir. İlham Əliyev müsahibəsində buna aydınlıq gətirməli idi. Bu baxımdan onun çıxışında qeyri-dəqiqlik var“.

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 27-də AZAL təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Prezident Vladimir Putin dekabrın 28-də İlham Əliyevə zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Dekabrın 28-də Kremlin yaydığı məlumatda deyilirdi ki, sərnişin təyyarəsi dəfələrlə Qroznı aeroportuna enməyə cəhd edib. Həmin vaxt Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş dronlarının hücumuna məruz qalmışdı və Rusiyanın havadan müdafiə sistemləri bu hücumların qarşısını alırdı.

Rusiyanın İstintaq Komitəsi uçuş təhlükəsizliyi və hava gəmisinin istismarı qaydalarının pozulması üzrə cinayət işi açıb.

Azərbaycanda isə hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, səhlənkarlıq – iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddələri üzrə cinayət işi başlanıb.

Təyyarənin Qroznı yaxınlığında Rusiya raketi ilə vurulduğunu Azərbaycan hökumətindəki mənbələrə istinadla qərb mediası yazıb.

AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırıb.

Ana səhifəSiyasətƏliyevin Rusiyaya ittihamları: “Gecikmiş bəyanatdır, qeyri-dəqiqlik var“