Emil Məmmədli
“Münhenə səfər etsə, demək Aİ ilə münasibətlər elə də gərgin deyil”
Yenidən Prezident seçilmiş İlham Əliyev fevralın 14-də parlamentdə inaqurasiya mərasimi zamanı çıxış edib və Azərbaycanın xarici siyasətlə bağlı prioritetlərini açıqlayıb.
Prezidentin çıxışından məlum olub ki, əsas istiqamət kimi türk dünyası adlanan ölkələrlə münasibət digərlərindən daha da vacib sayılacaq. İlham Əliyev “bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur” deməklə əsas istiqaməti müəyyən edib.
Beş dəfə Prezident kimi and içən İlham Əliyev digər istiqamət kimi İslam Əməkdaşlığı Təşkilatına daxil olan ölkələri qeyd edib.
Ekspertlər diqqət yetiriblər ki, dövlət başçısı bir dəfə də olsun Avropa, Avropa İttifaqına daxil olan ölkələr, AŞPA, ATƏT-lə münasibətlər haqqında danışmayıb.
“İlham Əliyevin tezislərində bir qədər uyğunsuzluq var”
Xarici siyasət kursunun kəskin dəyişdirilməsi ehtimalı barədə Meydan TV-nin sualını cavablandıran siyasi şərhçi Rauf Mirqədirov qeyd edib ki, Prezident Azərbaycanın türk dünyasının tərkib hissəsi olduğunu qəbul edir. Hesab edir ki, türk dünyası həqiqətən də inteqrasiya proseslərini iqtisadi-siyasi və hərbi sahədə genişləndirməlidir.
Bununla belə, siyasi şərhçi düşünür ki, İlham Əliyevin tezislərində bir qədər uyğunsuzluq var.
“Bir tərəfdən Azərbaycanın gələcəyini qlobal cənubla və qlobal şərqlə bağlamaq istəyir. Düşünürəm ki, xüsusilə Orta Dəhlizin imkanlarının artırılması istiqamətində bu çox vacibdir. Amma İlham Əliyev innovasiyalar və yeni texnologiyalardan da danışdı. Bunlar isə böyük investisiyalar və yeni texnologiyaların ölkəyə gətirilməsini tələb edir. Onun üçün isə Qərb dövlətləri ilə sıx əməkdaşlıq lazımdır. Sadaladıqlarım və süni intellektlə bağlı araşdırmaların mütləq əksəriyyəti Qərb dövlətlərindədir. Hətta qlobal Şərqin aparıcı dövlətləri Hindistan və Çin də texnologiyalar sahəsində Qərbdən asılı olduqlarından əməkdaşlıqlarını davam etdirirlər”, – R.Mirqədirov deyib.
Siyasi şərhçi qeyd edib ki, çıxışı zamanı İlham Əliyev Avropa ölkələrinə müəyyən mesajlar verdi:
“Yəni, “işimizə qarışmayın, istədiyimizə nail olmuşuq, gedin öz işinizlə məşğul olun və neokolonializmə qarşı mübarizə aparacağıq” dedi”.
R.Mirqədirov hesab edir ki, Əliyevin bəyanatı Azərbaycan-Qərb münasibətlərinin gərginlik fazasından çıxmadığını göstərir.
“Bu, həm də qeyri-müəyyənliyi ortaya qoyur, Azərbaycan-Qərb münasibətlərinin inkişaf vektorunu Əliyev yəqin ki, özü üçün tam müəyyənləşdirməyib. Ona görə də belə dolayısı mesajlar və hücumlar etsə də, Qərb dövlətləri ilə münasibətlər haqqında da bir kəlmə də danışmadı”, – siyasi şərhçi deyib.
Bununla belə, ekspertin fikrincə, proses sabitləşəcək. Onun sözlərinə görə, Azərbaycanın marağında olan bir çox məsələlər var, iqtisadi sahədə Qərbin enerji bazarından asılılığını qeyd etmək olar.
“Eyni zamanda, Əliyev Azərbaycana investisiyalar cəlb etmək istəyirsə, Orta Dəhliz məsələsində fəallıq tələb olunur. Onun üçün Qərblə münasibətlərin sabitləşməsi vacibdir”, – ekspert deyib.
O, həmçinin hesab edir ki, son vaxtlar Qərblə müəyyən sabitlik yaratmağa çalışan, Orta Dəhlizin, regiondakı kommunikasiyaların açılmasında maraqlı olan, Qərbdən investisiyalar almaq istəyən Türkiyəyə Azərbaycan-Qərb münasibətlərindəki gərginlik nəticə etibarilə rəsmi Ankara üçün də müəyyən gərginlik yaradır.
“Nəhayət, çox şeylər Rusiya-Ukrayna savaşının yaz-yay aylarındakı dəyişikliklərindən asılıdır. Ən azı ABŞ həmin aylarda Ukrayna cəbhəsində pozitiv dəyişikliklərin baş verməsinə çalışacaq. Ukraynada nələrin baş verəcəyi ABŞ siyasi elitası üçün çox vacibdir. Bunlar və Azərbaycanın daxilindəki bəzi faktorlar, ehtimal olunan parlament seçkiləri, referendum nəticə etibarilə Qərblə münasibətlərə müəyyən aydınlıq gətirəcək”, – siyasi şərhçi bildirib.
“Prezident xarici siyasət prioritetləri ilə bağlı kifayət qədər səmimi danışdı”
Siyasi təhlilçi Əhməd Əlili isə düşünür ki, Azərbaycan Prezidenti xarici siyasətin prioritetlərini açıqlayanda türk dünyasına inteqrasiyanı vurğuladı və bu barədə kifayət qədər səmimi danışdı:
“Hiss olunur ki, Azərbaycanın strateji hədəfi bundan sonra məhz bu istiqamətdə olacaq. Məsələyə son iki ilin istiqamətindən yanaşdıqda, biz bunu Orta Dəhliz layihəsi ilə əlaqələndirə bilərik. Faktiki olaraq, Azərbaycan Türkiyə ilə Xəzərin o tərəfində olan türk dövlətləriylə müəyyən bir keçid nöqtəsi olacaqdır. Nəzərə alın ki, Orta Dəhliz layihəsinin bir tərəfi Avropadır, digər tərəfi isə Çindir”.
Avropa ilə münasibətlərə gəlincə, Ə.Əlili vurğulayıb ki, Prezident Qarabağ məsələsində göstərdiyi mövqeyə görə bir ölkəni tənqid də etdi, ad çəkməsə də, həmin ölkənin Avropa Birliyinin üzvü olduğu bilindi.
“Ölkə başçısının da siyasi fonu müəyyən gərginlikdən doğur. İndi elə bir haldır ki, Azərbaycan Prezidenti həmin məqamları iqnor edə bilməyib. Bir sıra ölkələr BMT TŞ-da bəzi qətnamələrin qəbul olunmasında ciddi səy göstəriblər. Azərbaycan tərəfi nə qədər çalışsa da, mədəni əməkdaşlıqda olan üstünlükləri önə çəksə də, onların mövqeyində dəyişikliyə nail olmaq çətin olub. Lakin eyni zamanda Xəzər dənizində enerji əməkdaşlığı son hədəfin Avropa olduğunu göstərir. Ona görə ad çəkilmədən bəzi Avropa ölkələri tənqid olundu, amma elə ad çəkilmədən də Azərbaycanı Qərbə bağlayan enerji layihələridir”, – ekspert hesab edir.
Köhnə qitə ilə münasibətlərin soyuqluğuna gəldikdə isə siyasi icmalçı vurğulayıb ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra Avropa İttifaqı istiqamətində böyük qucaq açmışdı.
“Bunlar Bakı-Brüssel münasibətlərinin digər aspektlərinə də öz təsirini göstərəcəkdi. Müharibədən sonra Bakı Brüsselə ədalətli mühakiməçi kimi yanaşırdı. Sadəcə, müəyyən ölkələrin mövqeyinə görə Azərbaycan küsdü və bu, soyuqlaşmağa gətirdi. Bununla belə, Azərbaycanın xarici siyasətini aşırı manevrli siyasət adlandırardım, aşırı manevrli siyasətin maksimalizmi olur. İndi həmin maksimalizm dövrünü keçməkdəyik”, – Ə.Əlili deyib.
Politoloq qeyd edib ki, hamı Şarl Mişel platformasını bitmiş sayırdı, amma bütün bunlara rəğmən Şarl Mişelin və Almaniyanın Kansleri Şoltsun Əliyevə təbrikləri münasibətlərin tam soyuqlaşmadığını göstərir.
“Həm də Şolts ölkə başçısını Münhen Konfransına dəvət edib. Əgər Prezident seçkisonrası ilk səfərini Münhenə edərsə, deməli Aİ ilə münasibətlər elə də gərgin deyil”, – o bildirib.