Saleh Rüstəmli və Bəxtiyar Hacıyevə qarşı edilənlərin hüquqazidd olduğu bildirilir
Son illər Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı təzyiqləri təkcə həbslərlə məhdudlaşmır, repressiyanın əhatəsi daha geniş miqyas alıb.
Məhbuslara qarşı Rusiya və Belarusda tətbiq edilən metodlardan istifadə olunur, onların əmlakı da müsadirə edilir.
Məsələn, Gədəbəyin AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan keçmiş icra başçısı Saleh Rüstəmli 2019-cu ildə belə halla üzləşmişdi.
Məhkəmənin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilən Rüstəmlinin atasının 1955-ci ildə tikdiyi ev, həmçinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olundu.
Analoji halla 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən ictimai fəal Bəxtiyar Hacıyev də üzləşdi.
Məhkəmənin hökmündə Hacıyevin 10 il azadlıqdan məhrum edilməsi ilə yanaşı, əmlakının müsadirə edilməsi də əksini tapıb.
Qərar əsasən ictimai fəalın Bakı şəhəri H.Zərdabi küçəsində olan evi və bank hesablarında olan vəsaiti müsadirə olunacaq.
Bu tendensiyanın digər siyasi məhbuslar barəsində də tətbiqi istisna edilmir, çünki onlara da B. Hacıyevlə eyni ittihamlar verilib.
Bu ittihamlarda qaçaqmalçılıqla yanaşı, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma kimi əsassız iddialar əksini tapıb.
Artıq “AbzasMedia”, “Toplum TV” işlərində ittiham edilən bir sıra siyasi məhbusların əmlakları üzərinə həbs qoyulub.
“AbzasMedia” işində Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə yanaşı, onların ailə üzvlərinin bank hesablarına, “Toplum TV” işində isə Akif Qurbanovun özünün bank hesabları ilə bərabər həyat yoldaşı və atasının mülkiyyətində olan ev və avtomobillər üzərinə də həbs qoyulub.
Meydan TV qeyd edilən məhdudiyyət tədbirlərinin hüquqa uyğun olub-olmamasını araşdırıb.
Əmlak üzərinə həbs
Əmlak üzərinə həbs Cinayət Prosessual Məcəlləyə əsasən tətbiq edilən istintaq tədbiridir.
Bu, cinayət işində mülki iddianı və müsadirəni təmin etmək üçün həyata keçirilən müvəqqəti tədbir sayılır.
Bu tədbirin məqsədi cinayət işi üzrə yekun hökm qəbul edilənə qədər təqsirləndirilən şəxsin əmlak üzərində sərəncam verməsinin (yəni əmlakı satmasının, bağışlamasının və s.) və bəzi hallarda istifadəsinin qarşısını almaqdır.
Bu müvəqqəti tədbir cinayət işində vurulmuş zərərin qaytarılmasını, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadənin qarşısını almaqdır.
Əmlak üzərinə həbs həm daşınar (maşın, qızıl, məişət əşyaları və s.) və daşınmaz əmlak (mənzil, torpaq sahəsi və s.), həm də bank hesablarında olan pul vəsaitələri barəsində tətbiq edilə bilər.
Bunu da vurğulamaq lazımdır ki, əmlak üzərinə həbs şəxsin yalnız rəsmi olaraq mülkiyyətindəki əmlaka tətbiq edilmir. Belə qərar onun faktiki mülkiyyətinə də tətbiq edilə bilər. Yəni hər hansı əmlak faktiki olaraq ittiham olunan şəxsə -müttəhimə məxsusdursa, onda onun kimin adına rəsmiləşdirilməsinin əhəmiyyəti yoxdur. Buna görə də bəzi hallarda müttəhimlərin ailə üzvləri və ya dostlarının da əmlaklarına həbs qoyula bilər.
Əmlak üzərinə həbs qoyulması üçün müstəntiq əsaslandırılmış vəsatətlə prokurorluğa, prokurorluqsa öz növbəsində təqdimatla rayon məhkəməsinə müraciət edir.
Rayon məhkəməsi əmlak üzərinə həbs qoyulmasına yalnız o halda icazə verə bilər ki, həmin əmlakın üzərinə həbs qoyulması üçün ilkin sübutlar mövcud olsun.
İlkin sübutlar işin hallarından asılı olaraq təqsirləndirilən şəxsin cinayət törətməsi ehtimalını göstərən hər hansı dəlil ola bilər.
Əgər belə dəlillər mövcud olarsa, rayon məhkəməsi iş yekunlaşana və hökm çıxana qədər əmlak üzərinə müvəqqəti həbs qoya bilər.
Belə qərardan apelyasiya məhkəməsinə şikayət vermək mümkündür. Əgər apelyasiya məhkəməsi şikayəti təmin etməzsə, onda iş yekunlaşana qədər əmlak üzərinə həbs qərarı qüvvədə qalır. Şəxs barəsindəki ittihamlar əsasında məhkəmə işi yekunlaşdıqda isə əmlak üzərinə həbs məsələsinə məhkəmə qərarına əsasən xitam da verilə bilər və ya məhkəmə müsadirə tədbiri tətbiq etmək qərarı verə bilər.
Müsadirə
Müsadirə Cinayət Məcəlləsinə əsasən tətbiq edilən hüquqi tədbirdir.
Azərbaycan cinayət hüququnda bu tədbir xüsusi müsadirə adlandırılır və cinayət qanununda cəza ilə yanaşı tətbiq edilən xüsusi hüquqi tədbirlərdən biri sayılır.
Müsadirənin tətbiqi üçün bir sıra əsaslar var. Bunlardan biri də cinayət yolu ilə əldə edilən əmlakı, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirləri dövlət mülkiyyətinə keçirməkdir.
Başqa sözlə, cinayət işi üzrə istintaq orqanı tərəfindən ittiham olunan şəxsin əldə etdiyi əmlak və ya həmin əmlak hesabına əldə edilmiş gəlirlərin cinayət yolu ilə əldə edildiyi müəyyən edilərsə, bu halda həmin əmlaklar müsadirə edilir.
Müsadirə tədbirini işə mahiyyət üzrə baxan rayon məhkəməsi və ya ağır cinayətlər məhkəməsi hökm vasitəsilə həll edir.
Bunun üçün həmin məhkəmə orqanı sözügedən əmlakın cinayət yolu ilə əldə edildiyi əsaslı şübhədən kənar sübuta yetirməyə borcludur.
Əmlak üzərinə həbsdən fərqli olaraq müsadirə daimi xarakter daşıyır. Müsadirə edilən əmlakın qaytarılması nəzərdə tutulmur. Bunun üçün də məhkəmə orqanı hər hansı şübhəyə yer qalmayacaq şəkildə həmin əmlakın cinayət yolu ilə əldə edildiyini sübuta yetirməyə borcludur.
Siyasi ittihamlarda əmlak üzərinə həbs və müsadirənin tətbiqi üçün hüquqi əsaslar varmı?
Azərbaycanda siyasi məhbusların işləri ilə əlaqədar əmlak üzərinə həbs və əmlak müsadirəsi tərcübəsi əvvəllər də olub.
Məsələn, Leyla Yunusun işi ilə əlaqədar məhkəmə işində əmlak müsadirəsi tətbiq edilmişdi. Lakin daha sonra həmin qərarlar ləğv edildi. QHT cinayət işində çoxlu sayda təşkilatın bank hesablarının üzərinə həbs qoyulmuşdu.
Lakin əmlak üzərinə həbs qoyulması halları 2023-cü ildən başlayan repressiyalarda daha çox aktuallıq kəsb edib. Artıq çoxlu sayda iş üzrə əmlak və ya bank hesabları üzərinə həbs qoyulması hallarının sayı xeyli dərəcədə artıb. Bu hal nəinki siyasi məhbusların özlərini, hətta onların ailə üzvlərini də əhatə edir.
Bundan əlavə, Bəxtiyar Hacıyevin işində də göründüyü kimi əmlak üzərinə həbs qoyulması yekunda müsadirə ilə nəticələnir.
Bu isə siyasi məhbusların və onların ailə üzvlərinin əmlaklarını və gəlirlərini itirməsi mənasına gəlir. Bu cür tendensiya Azərbaycan üçün yenidir.
Əvvəllər Azərbaycanda siyasi həbsetmə azadlığın itirilməsi ilə nəticələnirdisə, hazırda repressiyanın yeni vasitəsi kimi mülksüzləşdirmə (dispossession) istifadə edilir.
Mülksüzləşdirmə siyasi məhbuslar və ictimai fəallar üçün əmlak ziyanı yaratmaq məqsədi daşıyır və onların maddi vəziyyətini daha da ağırlaşdırır.
Hüquqi ekspertlərin rəyinə əsasən, “AbzasMedia”, “Toplum TV” və oxşar işlərdə əmlak üzərinə həbs qoyulması və eləcə də Bəxtiyar Hacıyevin işində olduğu kimi müsadirənin tətbiqi üçün ağlabatan hüquqi əsaslar mövcud deyil. Belə ki, bu işlərdə əmlak üzərinə həbs qoyulması və müsadirə üçün istifadə edilən əsas ittiham Cinayət Məcəlləsinin 193-1-ci maddəsi ilə kriminalizə edilən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamıdır.
İctimaiyyətdə həmin ittiham çirkli pulların yuyulması kimi bilinir. Həmin ittiham bu işlərdə siyasi məhbus olan təqsirləndirilən şəxslərə münasibətdə verilib. Məhz bu ittiham əsasında əmlak üzərində həbs istintaq tədbiri və Bəxtiyar Hacıyevin işində olduğu kimi müsadirə tədbiri tətbiq edilə bilib. Lakin həmin ittihamın verilməsinin cinayət prosessual qanunvericiliyə ziddir.
Çirkli pulların yuyulmağı ittihamı hansı hallarda əsaslıdır?
Çirkli pulların yuyulması ittihamının əsasını qaçaqmalçılıq ittihamı təşkil edir. Qaçaqmalçılıq ittihamı isə ofisdə və evlərdə aşkar edilmiş pullar əsasında verilib.
Hüquqi ekspertlərin mövqeyinə əsasən, həmin axtarışlar Cinayət Prosessual Məcəlləyə zidd şəkildə həyata keçirilib. Səbəbi isə budur:
- Axtarışlar zamanı vəkilin iştirakı təşkil edilməyib.
- İttiham olunan şəxslər polisin nəzarəti altında saxlanılıb.
Belə bir şəraitdə isə həmin pul vəsaitlərinin polis tərəfindən ofisə yerləşdirilməsinə dair obyektiv şübhələr var. Belə olan halda həmin sübutlar işdən xaric edilməlidir, çünki qanunsuz əldə edilib. Bu halda isə həmin işlərdə əsas ittiham olan qaçaqmalçılıq ittihamına xitam verilməlidir. Bu isə öz növbəsində çirkli pulların yuyulması ittihamına da xitam verilməsi mənasına gəlir.
Belə olduqda isə əmlak üzərinə həbs qoyulması üçün hüquqi əsas qalmır. Bu baxımdan hüquqi olaraq siyasi motivli işlərdə əmlak üzərinə həbs və müsadirə tətbiq edilməsi hüquqi əsaslar mövcud deyil.
Beynəlxalq insan hüquqları təşkiları öz hesabat və rəylərində “AbzasMedia”, “Kanal 13”, “Toplum TV” və “Meydan TV” işlərinin Azərbaycan hökuməti tərəfindən siyasi motivlə başladıldığını qeyd edirlər və bu işlərdə həbs edilən şəxsləri siyasi məhbus hesab edirlər.