“Rusiya ən yüksək səviyyədə imkan yaradıb ki, Azərbaycan mövqeyini bildirsin”
“Ermənistanın Baş nazirinin “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatı hamıda təəccüb yaradıb və yumşaq desək yalandır. Buna “Valday” forumu çərçivəsində Rusiya tərəfi də reaksiya verib. Dünya Qarabağı tam olaraq Azərbaycan ərazisi kimi tanıyır, ona görə deyə bilərəm ki, Qarabağ Azərbaycanındır və nida işarəsi”.
Bunu Azərbaycan Prezidenti
İlham Əliyev
Soçidə təşkil edilən “Valday” forumunda çıxışı zamanı bildirib.
“Valday” beynəlxalq diskussiya klubu 2004-cü ildə Velikiy Novqorodda yaradılıb. Kluba ad şəhərin yaxınlığındakı gölə uyğun verilib.
Klubun əsas məqsədi ekspertlər, siyasətçilər, ictimai xadimlər, jurnalistlər arasında müzakirələrin təşkil edilməsidir.
Klubun illik toplantılarına müxtəlif dövlətlərin başçıları dəvət olunurlar. 2019-cu il toplantısında Rusiya prezidenti Vladimir Putinlə yanaşı Azərbaycan, Qazaxıstan, Əfqanıstan, Filippin prezidentləri, Avropa İttifaqının nümayəndələri və digər rəsmilər iştirak ediblər.
“Dağlıq Qarabağ muxtar vilayətində azərbaycanlı və ermənilər 25-in 75-ə faizi nisbətində yaşayıblar”
İlham Əliyev xatırladıb ki, 25 ildir Dağlıq Qarabağ və ətrafında 7 rayon erməni işğalı altındadır. Azərbaycan prezidenti 1921-ci ildə Qafqaz Bürosunun qərarını təkrarlayaraq, qeyd edib ki, orada Dağlıq Qarabağın Azərbaycan tərkibində qalması bildirilir, Azərbaycana verilməsi yox.
“Dağlıq Qarabağın Azərbaycana verilməsi kimi ifadəni ermənilər işlədirlər. Münaqişədən əvvəl Azərbaycan SSR-in Dağlıq Qarabağ muxtar vilayətində azərbaycanlı və ermənilər 25-in 75-ə faizi nisbətində yaşayıblar. Münaqişə nəticəsində azərbaycanlılar həm Dağlıq Qarabağdan, həm də ətraf yeddi rayondan qovulublar. Digər sözlərlə desək, etnik təmizləmə aparılıb”, – İlham Əliyev deyib.
Daha sonra Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul edilən və yerinə yetirilməyən 4 qətnaməsi barədə danışıb.
Bundan başqa İlham Əliyev Ermənistan rəsmilərinin işlətdiyi “Dağlıq Qarabağ xalqı” ifadəsinin düzgün olmadığını, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi ifadəsinin işlənməli olduğunu bəyan edib.
“Münaqişənin Azərbaycana uyğun olan həlli, ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərin doğma torpaqlara, o cümlədən Dağlıq Qarabağa qayıtmasıdır”, – Azərbaycan prezidenti deyib.
“Valday” forumu çərçivəsində Azərbaycan üçün daha bir maraqlı məqam Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına münasibət bildirməsi olub. O qeyd edib ki, hazırda siyasi proses dayanıb və onu yerindən tərpətmək mümkün olmur.
“Tərəflər ciddi bəyanatlarla çıxış edirlər. Məsəl üçün “Qarabağ Ermənistanındır” kimi bəyanat. Bu, Albaniyanın Baş nazirinin “Kosovo Albaniyadır” bəyanatına bənzəyir”, – Sergey Lavrov deyib.
“Baş verənləri Moskvanın Ermənsitandan narazılığı kimi qiymətləndirirəm”
Proseslərlə bağlı Meydan TV-ə danışan “Turan” İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyev deyib ki, forumdan bir gün əvvəl Rusiya prezidentinin Ermənistanda olması, Baş nazir Paşinyanla görüşməsi və səhərisi gün İlham Əliyevin çıxışı kifayət qədər qeyri-adi vəziyyətdir.
O qeyd edib ki, bu, Azərbaycan prezidentinin “Valday” Forumunda ilk çıxışı idi:
“Çıxışın məzmununa baxsaq, bu, sensassiya idi. Faktiki olaraq Rusiya ən yüksək səviyyədə imkan yaradıb ki, Azərbaycan mövqeyini bildirsin. İndiyə qədər belə olmurdu. Son hadisə balansın pozulmasıdır. Amma faktiki olaraq Rusiya həmişə bu balansı saxlamağa çalışıb. Bu baxımdan mən baş verənləri Moskvanın Ermənsitandan narazılığı kimi qiymətləndirirəm. Moskva Ermənistan rəhbərliyinə göstərir ki, Azərbaycanın mövqeyi Rusiyada yüksək səviyyədə səslənə bilər. Təbii ki, bu, Ermənistana hansısa formada təzyiqdir”, – redaktor deyib.
Şahin Hacıyevin sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışı diplomatik səciyyə daşıyırdı.
“Ancaq o da Paşinyanın ifadəsinə işarə edərək, onu pislədi. Yəni dedi ki, belə şey danışmaq olmaz, bu cür bəyanatlar oyunu pozur”, – Şahin Hacıyev deyib.
“Rusiya auditoriyası üçün çox vacib mesajlar idi”
Siyasi icmalçı Rəşad Şirin bildirib ki, İlham Əliyev Nikol Paşinyandan Qarabağ münaqişəsi sahəsində daha təcrübəlidir.
“Paşinyan daha yenilikçi olmağa çalışır. Onun atdığı radikal, təxribatçı addımlar, bəyanatları, Qarabağa səfərləri bunu göstərir. Amma Paşinyan danışıqlarda yeni olduğundan ardıcıllıq hiss olunmur. O, gah Əliyevlə görüşmək istədiyini deyir, ya da yerli auditoriyaya oynamaq istəyi görünür. Beləliklə, Paşinyanın balans yaratmaq problemi var. Əliyev isə bu işə daha uzun zaman sərf etdiyindən məsələləri daha yaxşı bilir, həm gedişatı, həm də danışıqlarda olduğu insanları tanıyır”, – siyasi icmalçı deyib.
O, buna misal kimi Rusiya prezidenti Putinlə münasibətlərin daha dərin olduğunu deyib.
“Əliyevin forumdakı çıxışı da münaqişənin yaxşı xülasəsi idi. O göstərdi ki, Qarabağ və ətraf rayonlarda etnik təmizlənmə olub. Bunlar, Rusiya auditoriyası üçün çox vacib mesajlar idi. Həmin forumda belə çıxışlar çox vacibdir və insanlar çox diqqətlə dinləyirdi. Hazırda rəsmi Bakı Rusiya ilə daha çox işləyir. Diplomatik mənada, “Valday” Forumundakı çıxış da onun bir hissəsi idi”.
Rəşad Şirin bildirib ki, Rusiya da daxil olmaqla, heç bir beynəlxalq qüvvə müharibənin başlamasını istəməz. O xatırladıb ki, böyük dövlətlərin Qarabağ münaqişəsi ilə bağlı ardıcıl mövqeyi müharibənin olmamasına yönəlib.
“Bu baxımdan Lavrovun dediklərində yeni bir şey yoxdur. Ümumiyyətlə, Rusiya üçün Ermənistanın kəskin mövqe qoyması qəbuledilməzdir. Onlar daha effektiv olmaq istəyirlər. Rusiya regional dövlətlər arasında sülhü bərqərar edən qüvvə kimi ortaya çıxıb, Qərbin təsirini azaltmaq istəyir. Ona görə Paşinyanın sərt yanaşması onlara sərf etmir. Çünki bu cür sərtlik hərbi əməliyyatlara gətirib çıxarar. Bu, Rusiyanın hegemon nüfuzuna zərbədir”, – Rəşad Şirin deyib.
“Məqsəd daha 30 il müharibə olmadan danışıqlar prosesinin davam etməsidir”
Azərbaycanın keçmiş xarici işlər naziri
Tofiq Zülfüqarov
yerli mətbuata Lavrovun bəyanatı ilə bağlı şərh verərək, deyib ki, bu bəyanatda tənqidi məqamlar görmür.
“Lavrov Paşinyanın bəyanatlarının vəziyyəti kəskinləşdirdiyini qeyd edib və onun sözündən belə çıxır ki, Paşinyanın məlum açıqlamasından sonra danışıqlar mümkün deyil. Hesab edirəm ki, Lavrovun bəyanatı vəziyyəti bir qədər də gərginləşdirir. Çünki çıxış yolları göstərilmir, müharibə çıxış yolu kimi qəbul olunmur. Paşinyanın Ermənistanın siyasətini əks etdirən bəyanatı da qəbul edilmir. Burada məqsəd odur ki, imitasiya xarakterli danışıqlar yenidən bərpa edilsin və bundan sonra daha 30 il müharibə olmadan danışıqlar prosesi davam etsin”, – Tofiq Zülfüqarov deyib.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.