Zurabişvili isə deyir ki, qeyri-legitim parlament yeni Prezident seçə bilməz
Prezident İlham Əliyev Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Azərbaycan-Gürcüstan əlaqələri tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış, bir-birinə daim dəstək olmuş xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərimizin bu gün hərtərəfli və müvəffəqiyyətlə inkişaf etməsi bizi sevindirir”.
“İnanıram ki, ölkələrimizin və xalqlarımızın rifahı, regionumuzun sabitliyi və təhlükəsizliyinin təmin olunması, iqtisadi potensialının reallaşdırılması naminə dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”, – məktubda deyilir.
Dekabrın 14-də Gürcüstanda Seçkilər Kollegiyası yeni Prezident – hakim “Gürcü Arzusu” Partiyası tərəfindən namizədliyi irəli sürülmüş keçmiş futbolçu və deputat Mixail Kavelaşvilini seçib.
O, yeganə namizəd olub.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin sayılması başa çatıb, Kavelaşvili 224 seçicinin səsini toplayıb, bir bülleten etibarsız sayılıb.
Kavelaşvilini seçmək üçün idarə heyətinin 300 üzvündən azı 200 səs toplamaq lazım idi.
53 yaşlı Mixail Kavelaşvili futbol üzrə Rusiya çempionu və altıqat Gürcüstan çempionudur (Tbilisi “Dinamo”sunda çıxış edib).
2016-cı ildən Kavelaşvili “Gürcü Arzusu”ndan parlament üzvü, 2022-ci ildə isə hakim partiyadan “ayrılan” Xalqın Gücü Partiyasına rəhbərlik edib.
Məhz bu partiyanın deputatları Gürcüstanın “Xarici agentlər haqqında” Qanununa baxılması təşəbbüsü ilə çıxış ediblər.
Kavelaşvili və onun tərəfdaşları “Gürcü Arzusu”nun siyahıları üzrə parlamentin yeni çağırışına daxil olublar.
Kavelaşvili anti-Qərb ritorikası ilə tanınır və o, həmçinin LGBT “təbliğatına” qarşı çıxır.
Hazırkı Prezident Salome Zurabişvili 2018-ci ildə Gürcüstanda keçirilən sonuncu birbaşa seçkilərdə seçilib.
Bundan sonra Konstitusiyaya dəyişikliklər edilib və indi seçkilər yeni sistemlə – əksəriyyəti hakim “Gürcü Arzusu”nun nümayəndələri olan kollegiyanın iştirakı ilə keçirilir.
Kollegiyanın qalan üzvləri Gürcüstan Parlamentinin, həmçinin Acarıstan və Abxaziya muxtar respublikalarının Ali Şura və şəhər şuralarının nümayəndələridir.
Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib və bu seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası səs çoxluğu əldə edib. Müxalifət nəticələrlə razılaşmır və onları saxta hesab edir.
Salome Zurabişvili həmçinin bəyan edib ki, o, seçkilərin rəsmi nəticələrini tanımır və səlahiyyət müddətinin yaxınlarda başa çatmasına baxmayaraq, vəzifəsindən istefa verməyəcək.
“Çünki qeyri-legitim parlament yeni Prezident seçə bilməz”, – deyə o bildirib.