Əliyev: “Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik…”

Azərbaycan-Ukrayna-Rusiya. Foto: motioncenter/shutterstock


“Ukrayna-Rusiya savaşında kimdir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım…”

Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyaya səfəri zamanı həmkarı Vladimir Putinlə Ukrayna ilə müharibəni müzakirə etmədiyini deyib.

Bu barədə aprelin 23-də İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Amerika Birləşmiş Ştatlarının Wilson Center / Chapel Hilldəki Şimali Karolina Universitetinin professoru Klaus Larresin sualını cavablandırarkən danışıb.

Əliyev Putinlə yalnız ikitərəfli məsələləri və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini vurğulayıb.

Azərbaycanın Prezidenti Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını bilmədiyini deyib:

Əgər kimsə bilirsə, yəqin ki, Nobel Sülh Mükafatına namizəd olmalıdır. Düşünmürəm ki, indi bunun necə başa çatacağını heç kim bilmir. Amma mən bunu belə deyərdim, nə vaxtsa bitəcək, çünki müharibələr gec-tez dayanır. Təcrübəmizdən deyə bilərəm. Biz 1994-cü ilin mayında atəşkəs sazişini imzalayanda, əslində, müharibə dayanmadı. Beləliklə, Rusiya ilə Ukrayna arasında oxşar bir vəziyyət ola bilər. Əgər onlar müharibənin aktiv fazasını dayandırmaq barədə razılığa gəlsələr, bu, müharibənin dayandırılmasına zəmanət olmayacaq. Zaman-zaman, yəni işğal dövründə təmas xəttində gərginlik, təxribat qrupları olub, snayper döyüşümüz olub, bu və ya bir sıra digər çox təhlükəli hadisələr baş verib. Bizim təmas xəttimiz isə bugünkü təmas xəttindən və ya Rusiya ilə Ukrayna arasındakı döyüş xəttindən xeyli qısa idi”.

Təsəvvür edin ki, atəşkəs sazişi imzalanıb. Bu, sülhün gələcəyinin zəmanəti olacaq? Yox. Biz 28 il gözlədik və ondan sonra suverenliyimizi güc yolu ilə bərpa etdik. Biz bunu haqlı olduğumuz və edə bildiyimiz üçün etdik. Bizim üçün bu, ölüm-dirim məsələsi idi. Biz o zaman əmin deyildik ki, kimlər Ermənistan tərəfindən çıxış edəcək. Fərqli variantlar ola bilərdi. Onların heç biri bizim üçün xoş deyildi. Amma o zaman biz bu barədə düşünmürdük, ya suveren ləyaqətimizi bərpa etməli, ya da hamımız ölməli idik. Bizim yanaşmamız belə idi. Gözlədik, güc topladıq, beynəlxalq arenada işlədik. Biz mövqeyimizi sübuta yetirməyə və təcavüzün qurbanı olduğumuzu izah etməyə çalışırdıq, lakin bu, heç bir nəticə vermədi. Bəli, beynəlxalq qurumlar qətnamələr, qərarlar qəbul etdilər, amma bunlar icra olunmadı, icra mexanizmi yox idi. Beləliklə, biz bunu güc yolu ilə icra etdik. Dediyim kimi, biz sülhü müharibə ilə gətirdik. Bu da bir seçimdir və bunun mümkün olduğunu nümayiş etdiririk. Odur ki, dediyim kimi, praktiki cavabım yoxdur. Məncə, bunun nə vaxt dayanacağını heç kim bilmir”, – deyə Əliyev vurğulayıb.

Foto: president.az

Ölkə başçısı hesab edib ki, savaş dayansa belə, təkrar olunmayacağına zəmanət yoxdur:

Azərbaycan nə edə bilər? Heç nə. Tamamilə praktiki baxımdan heç nə. Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım – bəli, silah – yox, bu, mənim cavabımdır”.

Əliyev deyib ki, bu müharibə etnik, dini baxımdan bir-birinə çox yaxın olan iki xalq üçün böyük faciədir:

Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi. Bəli, mən indicə Rusiya-Azərbaycan münasibətlərindən danışırdım. Biz qonşuyuq. Biz güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz bir-birimizin suverenliyinə hörmət edirik. Biz bir-birimizin işinə qarışmırıq. Rusiya ilə Ukrayna arasında belə ola bilməzdimi? Əlbəttə, mümkün idi. Ruslar Ukraynaya çox yaxın insanlardır. Niyə baş vermədi? Kimdir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım. Amma məncə, 2000-ci ilin əvvəllərində şans əldən verildi. Ukraynanın güclü dövlət qurmaq şansı əldən verildi. Bu, mənim təcrübəmə və biliyimə əsaslanan şəxsi fikrimdir. Mən ilk Prezidentdən başqa bütün Ukrayna prezidentlərini tanıyırdım və onlarla işləmişəm”.

Mən 2003-cü ildən bu kürsüdəyəm. Mən bir şey deyəndə bilirəm və təcrübəm olduğu üçün deyirəm, kimsə mənə nəsə deməyib. Mən Rusiya-Ukrayna münasibətlərində bir çox məqamların şahidi olmuşam: gərginlik, dostluq, düşmənçilik, lakin heç vaxt bu gün gördüyümüz səviyyəyə qədər çatmamışdı. Təəssüf ki, bu, faciəli vəziyyətdir və hər gün insanlar ölür. Dayandırılmalıdır. Kim dayandıra bilər? Mən bilmirəm. Yaddaşımdan bəzi epizodları açıqlaya bildiyim üçün maksimum dərəcədə açıq olmağa çalışdım”, – deyə Əliyev fikrini yekunlaşdırıb.

Tədbir zamanı İlham Əliyev Rusiyanın Azərbaycan və Qafqaz maraqlarına da toxunub:

Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Prezident Putinlə son görüşdə həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir. Azərbaycanda 300-dən artıq rus məktəbi var və insanlar rus məktəblərində təhsil almağa üstünlük verərək onları seçirlər. Bir sözlə, ümumi məsələlərimiz çoxdur və regional ölkə – Qafqaz ölkəsi olaraq, – çünki Qafqazın müəyyən hissəsi Rusiya hüdudları daxilindədir, – əlbəttə ki, Rusiya bu regionu heç zaman tərk etməyəcək. Çünki onun özü bu regiona aiddir və düşünürəm ki, Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun mümkün olduğunu aydın şəkildə göstərir”.

Ana səhifəSiyasətƏliyev: “Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik…”