Əliyev bəzi cərimələri bir neçə dəfə artırdı

Cərimə, Andrii Yalanskyi/Shutterstock

Əvvəllər 30, bundan sonra 4000 manat

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Bundan sonra qatarların vaqonlarının pəncərələrindən zibil atanlar 30 yox, 500 manat cərimələnəcək.

Metrostansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə olan 15 manat cərimə isə 200 manata qaldırılıb.

Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə 200 manata qaldırılıb.

Avtomobildən bayıra hər hansı əşya, tullantı atılmasına görə cərimə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq.

Əvvəllər bu cərimə 30 manat olub.

Yeni qanuna əsasən, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 min manat məbləğində cərimə ediləcək.

Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də cərimələrin məbləği kəskin artırılıb.

Bu məbləğ 50 manatdan 300 manata qaldırılıb.

Eyni zamanda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunacaq.

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 5000 manatadək cərimə tətbiq olunacaq.

Ana səhifəSosialƏliyev bəzi cərimələri bir neçə dəfə artırdı