”Elina ölməmişdən əvvəl yazmışdı ki, mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”

Redaksiyadan düzəliş: Videoda yayımlanan direktora məxsus olan səs yazısı mövqe.az saytına məxsusdur. Texniki xəta nəticəsində sayta istinad verilməyib. Əvvəlcədən üzr istəyirik.



162 saylı orta məktəbin rus bölməsinin intihar etmiş 8-ci sinif şagirdnin başına gələnlər…

“Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”.

Bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb. Özünü həmin məktəbin üçüncü mərtəbəsindən atmamışdan bir neçə dəqiqə əvvəl…

15 yaşının tamamına iki ay qalmışdı Elinanın. Ancaq bu qısa həyatının çox uzun hekayəti oldu…

Sinifə tərəf baxır, sonra pəncərənin kənarına çıxır və…

Müşahidə kameralarının yaddaşından goturulən videogoruntulər var… Sinif otağında, parta arxasındadır, ətrafdakı partaların arxasında sinif yoldaşları oturub. Dəftəri açır, vərəqə nəsə yazır (sonradan ora yazdıqları nədir, bunu da hamı biləcək). Sonra çantasını qucaqlayıb bir neçə dəqiqə bu vəziyyətdə oturur. Tənəffüs zəngi çalınır, sonra Elina çantasını partanın üstünə buraxıb sinif otağından çıxır. Uzun, darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, (halbuki, corabları səliqəli idi), sinifə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da…. Həmin vaxt dəhlizdə gəzişən yuxarı sinif şagirdləri pəncərəyə tərəf qaçırlar, əyilib aşağı baxırlar…

Buna qədərsə əl boyda uşağa olan basqılar, asağılamalar… Müdafiəsiz, çarəsiz, öz gələcəyi ilə bağlı çoxlu arzuları, planları olan Elina…



Səssiz-səmirsiz ev, fotodan boylanan qızcığaz…

Yasamalda, “Xruşovka” layihəli evin 5-ci mərtəbəsində, Elinanın ailəsinin kirayə qaldığı evdə sakitlikdir. Bu sakitlikdə masanın üstündə – yenicə çərçivəyə salınmış fotodan boylanan qızcığaz var. Baxmayaraq ki, az əvvəl Elinanı Zabratda dəfn etmişdilər və yolboyu adamda o təəssürat yananırdı, sanki evdə bir qələbəliklə rastlaşacağıq, otaqlar dolu, başsağlığına gələn kim, bu balaca qızcığaz üçün göz yaşı tökən kim…

Elinanın anası Sevil Hüseynovaya ünvanlanan ilk sualımız da bununla bağlı olur. Deyir, qohumlarla yaxın münasibətləri yoxdur. Adda-budda zəng edənlər olur, bizdən əvvəl başsağlığına gəlib-gedən bir neçə nəfər olub. Yəni, ailə qohum-əqrəbaya açıq deyil. Elina Sevil xanımın birinci izdivacından dünyaya gəlib. 6 aylıq olanda valideynləri boşanıb. Sonradan Sevil xanım ikinci dəfə ailə qurub, bu izdivacdan da iki körpə uşağı var. Sevil Hüseynova deyir, atalığı Elinaya yaxşı baxıb, digər uşaqlardan ayırmayıb.

Elina Hacıyeva 1-ci sinifə 49 saylı məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq qızcığaz Bayılın girəcəyindəki 203 saylı məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub. O, 5-ci sinifə evin yaxınlığındakı 162 saylı məktəbdə başlayıb.



“Hər gün evə dilxor gəlirdi”

Nənəsi danışır ki, elə ilk günlərdən Elina sinifə adaptasiya ola bilməyib:

“Məktəbə getdiyi ilk aylardan problemləri başladı. Əvvəlcə onunla eyni sinifdə oxuyan bir qız Elinaya çox sataşırdı, aşağılayırdı. Elina gəlib bunu evdə deyəndə mən özüm məktəbə getdim, direktorla görüşdüm, dedi ki, o uşağın nənəsi bizim işçimizdir, mən o uşağın xətrinə dəyə bilmərəm. Bunun nəticəsində o biri uşaqlar da Elinaya qarşı elə bil, “birləşdilər”. Elina hər gün dərsdən dilxor gəlirdi, hər gün deyirdi ki, “məni öz məktəbimə qaytarın, mən bu məktəbə getmək istəmirəm, uşaqlar mənimlə yola getmirlər”. Hətta biz Elinanı götürüb 203 saylı məktəbə də getdik. Direktor dedi: “Götürə bilmərəm, 162 saylı məktəbin uşaqları tərbiyəsiz, vəhşi, “ikialan”dır, mən ordan məktəbimə uşaq qəbul eləmirəm”. Biz bu il də bir neçə dəfə həmin məktəbin direktoruna müraciət elədik, uşağı geri qəbul eləmədi”.

Elinanın anası və nənəsi danışır ki, 162 saylı məktəbdə nəzarətsizlik hökm sürüb:

“Yuxarı sinifdə oxuyan oğlanlar, bir də həmin məktəbin qonşuluğunda yerləşən 59 saylı məktəbin yuxarı sinif şagirdləri çox nəzarətsizdilər. Digər nəvəm Diana Elinayla bir sinifdə oxuyurdu. Bir gün xəbər tutduq ki, Diana yuxarı sinif uşaqlarıyla “Torqovı”ya gedir, orda “qorxulu ev” əyləncə evi var, sən demə, məktəbin uşaqları dadanıb ora… Hadisədən əvvəl Elina bir neçə gün evdən çıxıb, ancaq məktəbə getməyib, üstəlik, tez-tez məktəbdən vaxtından tez çıxırmış. Bircə dəfə də olsun müəllimləri bizə bu barədə bildirməyib”.



Elinanın müdafiəçisi Diana…

Elinanın xalası qızı Diana Hacıyeva onunla eyni sinifdə oxuyub. Danışır ki, o, məktəbdə Elinanı tez-tez müdafiə etməsəydi, ona daha çətin olardı:

“Uşaqlar məktəbə sırğa, qolbaq, boyunbağı taxıb gəlirlər, dırnaqlarını boyayırlar, saçlarını boyayırlar, istədikləri kimi geyinirlər, mən özüm də bunları edirəm, heç bir müəllim nə mənə, nə də başqa uşaqlara bunu irad tutmur. Ancaq Elina qulağına sırğa taxan kimi müəllimlər onu lövhənin qarşısına çıxarıb danlayırdı. Elina çox həssas idi, ağlayırdı, ağlayırdı… Uşaqlar ona gülürdü… Mən uşaqlarla dalaşırdım. Bir dəfə bir qız kapron qabdakı suyu bütün sinif yoldaşlarının yanında Elinanın başına tökmüşdü. Bütün qabı Elinanın başına boşaltmışdı. Uşaqlar da Elinanın bu vəziyyətinə gülmüşdülər. Bu, Elinaya çox pis təsir etmişdi, ağlamışdı. Elina gedib sinif rəhbəri Çimnaz Hacıyevaya şikayət eləsə də, müəllimə üstünə acıqlanmışdı, demişdi, yəqin bir təqsirin olub, cəzalandırıblar. Həmin vaxt mən məktəbdə olmamışdım. Mən bunu eşidəndə qızı güddüm, getdim, yeməkxanadan bir şüşə su aldım, dartıb apardım onu uşaqların arasına, hamının içində bir “butılka” suyu qızın başına tökdüm, bütün uşaqlar da ona güldü”.

Diana başqa məsələlərdən də danışır. Deyir, son vaxtlar Elinanın bir oğlan dostu da peyda olubmuş:

“59 saylı məktəbdə Cahad adında oğlan oxuyur, 16 yaşı var. Tez-tez məktəbimizə gəlirdi. Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bunu müəllimlər də bilirdi. Məndə 15 yaş tamam olub, Elinada hələ olacaq. Mən ondan böyük idim deyə, onu tək buraxmırdım. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir. O oğlan Elinaya demişdi ki, “tramal” dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb. Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik. Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir”.

Diana onu da deyir ki, bir dəfə yuxarı sinifdə oxuyan bir oğlan məktəbin dəhlizində Elinanın boyrundən ötüb keçəndə yanına şillə ilisdirib. Bir dəfə isə məktəb yoldaşları tənəffüs vaxtı Elinanı o dərəcəyə çatdırıb ki, qız yerə yıxılıb, özünü döyüb, öz saçlarını yolub, uşaqlar onu dövrəyə alıb, “dəli” deyib, gülüblər…



“Həkimlər qaçdı”

Elinanın ailə üzvləri danışır ki, hadisə barədə ilk xəbəri Səbail Rayon Polis İdarəsinin Pərvanə adlı əməkdaşından alıblar. Anası Sevil Hüseynova danışır:

“Mənə zəng elədi, dedi, Elina məktəbdə pəncərədən yıxılıb, xəstəxanaya aparıblar. Mən tez birinci yoldaşıma – Elinanın atasına zəng vurdum. Biz xəstəxanaya çatanda hələ polis də gəlməmişdi. Atası 102-yə zəng vurandan sonra polislər gəldi. Elinanı “Semaşko”nun travmatologiya şöbəsinin reanimasiya bölməsinə aparmışdılar. Sinif rəhbəri Çimnaz Hacıyevanı reanimasiya şöbəsinə buraxırdılar, ancaq bizi yox… Bizə sadəcə çıxıb çöldə məlumat verirdilər, deyirdilər ki, “narahat olmayın, vəziyyəti yaxşıdır. Daxili orqanları yerindədir, zədələnməyib, bədənində bir neçə sınığı var, tezliklə palataya köçürüləcək”. Yanına yalnız Tuşaq polisi Pərvanə xanımı, bir də sinif rəhbərini buraxırdılar. Nəhayət, biz ayın 7-də reanimasiya şöbəsinin qarşısında səs-küy salandan sonra bir tibb bacısı qapını açdı və onda üstü açıldı ki, sən demə, Elina çoxdan keçinib, ölünü aparata qoşub saxlayıblar, bizi aldadırlar. Həkimlər səs-küyü eşidib bildilər ki, hər şeydən xəbərimiz var, hamısı qaçdılar. Biri qaçanda otağının üstündəki lövhəni də çıxardıb özüylə apardı. Dedim, hara qaçırsız, gəlin, cavab verin, uşaq ölüb, yalandan aparata bağlamısız, bizdən də gizlətmisiz”.



“Aparat işləmirdi, Elina keçinmişdi”

Ailə üzvləri danışır ki, Elina xəstəxanaya götürüləndə daxili orqanları zədəsiz olub. Bədənin bir neçə yerində sınıqlar varmış. Bir neçə saat sonra normal danışıb.

Anasının telefonunun yaddaşındakı videogoruntulərinə baxırıq, Pərvanə adlı uşaq polisi soruşur ki, Elina, nə istəyirsən? Elina deyir, heç nə, bircə onu istəyirəm ki, məni o məktəbdə saxlamasınlar, əvvəl oxuduğum 203 saylı məktəbə qaytarsınlar. Axırda da rusca belə deyir: “Mən ancaq bunu istəyirəm, vəssalam".

Yenə ailə üzvləri danışır:

“Hər il 203 saylı məktəbin direktorunun yanına gedirdik, bu il də getmişik. Hər dəfə deyirdik ki, bu uşaq getdiyi məktəbə adaptasiya ola bilmir, sinif yoldaşları onu qəbul etmir. Direktor deyirdi, 162 nömrəli məktəb pozgun məktəbdir, biz ordan gələn şagirdləri öz məktəbimizə qəbul etmirik. Elina ölməmişdən bir az əvvəl xəstəxanada da deyib ki, mənim tək istədiyim o məktəbə qaytarılmaqdır”.

Ailə üzvləri deyir ki, Elina həm də 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) həkimlərinin qurbanı olub. Elina xəstəxanaya götürüldükdən sonra reanimasiya şöbəsində normal danışıb, deyilənləri qavrayıb, fikir bildirib. Ağrıları yalnız sınığa görə olub. Ölümündən bir gün əvvəl axşam saatlarında qabırğasındakı sınıq digər orqanları basıb, nəticədə beyinə oksigen nəqli çətinləşib. Elinanı oksigeni olmayan aparata qoşublar. Ailə üzvləri iddia edir ki, Elina aprelin 7-də günorta saatlarında yox, aprelin 6-da axşam saatlarında keçinib.

“Biz səs-küy salıb reanimasiya şöbəsinə girəndə gördük ki, Elinanın qoşulduğu aparat işləmir, ancaq kompüterdə ürək döyüntüləri görünür. Başa düşdük ki, bu, fırıldaqdır. Çünki heç kompüter özü də həmin aparata bağlı deyildi. Yəni ekrandakı döyüntülərin Elinayla əlaqəsi yox idi. Aparatdan oksigen gələn yer boş idi, şlanqı çıxartmışdılar. Bir həkim səsimizə gəldi, dedi, bu ölüb, əl atdı ki, aparatı ayırsın, biz qışqırdıq, imkan vermədik. Dedik, belə özbaşınalıq olar? Sən kimsən ki, özbaşına aparatdan ayırırsan? Buranın bit yiyəsi var, ya yox?”- anası deyir.



İttihamlar, qarayaxmalar…

Rəsmi məlumata görə, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Yeniyetmənin ölümü sosial şəbəkələrin əsas mövzularından birinə çevrilib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Meydan TV-yə açıqlamasında deyib ki, hadisə ilə bağlı istintaq qrupu işləyir. Nazirlik sözçüsü sosial şəbəkələrdəki paylaşımlara yazdığı şərhlərdə isə diqqəti ailənin üzərinə çəkməyə çalışır. Elə Sevil Hüseynova da deyir ki, iki körpə uşağı olduğundan məktəbə bu il ərzində cəmi iki dəfə gedə bilib. Amma hər dəfə qızı evə dilxor qayıdanda sinif rəhbərinə zəng edib nə baş verdiyi ilə maraqlanıb.

Sevil Hüseynova qızının cinsi oriyentasiyasına görə qınağa tuş gəlməsi ilə bağlı deyilənlərlə razılaşmır. O, bu barədə internetdən oxuduğunu, heç kimə belə bir söz demədiyini bildirir.

Aprelin 8-də isə sosial şəbəkələrdə məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı yayılıb. O, faciəvi şəkildə həlak olmuş şagirdinin ailəsini təhqir edib:

“Yazın ki, pozğun, uğursuz ailənin uşağı idi. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var, bununla maraqlanmırdı”.

Bundan sonra Bakı Şəhər Təhsil İdarəsi məlumat yayaraq bildirib ki, aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurəti nəzərə alaraq, hər iki istiqamət üzrə araşdırmanın tam obyektivliyini təmin etmək məqsədilə təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb.



Darağı, güzgüsü, ətiri…

Beləcə, bütün olanlar yeniyetmə Elinanı xəstəxana divarları arasından əvvəl “morq”a, ordan Göy məscidə, ordansa məzarlığa daşıdı…

Diana Elinanın kosmetik əşyalarını, məktəb çantasını, darağını, güzgüsünü, ətirini, dəftər-kitablarını bir-bir masanın üstünə düzür. Deyir, kaş o gün məktəbdə olaydım. Kaş ki, anam məni evdə bağlayıb getməyəydi, bir gün əvvəl Elinayla görüşüb onu dinləyəydim. Deyir, Elina Koreya qızlarına bənzəyirdi, saçlarını sevirdi, onları tez-tez boyamağı, fərqli görünməyi xoşlayırdı, özünə vurğun, diqqət tələb edən, dəli-dolu, yetkinlik dövrünü maraqlı yaşamaq istəyən bir qız idi. Bir gün model, bir gün dizayner arzusu ilə yaşayırdı. Olmadı…

Ana səhifəVideo”Elina ölməmişdən əvvəl yazmışdı ki, mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin”