2015-ci ilin 1-ci rübü ölkədə həm də Qurban Səidin eyniadlı əsərinin motivləri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişlərinin başlaması ilə də yadda qaldı. Fevralın 24-də Bakıda filmin yaradıcı heyəti mətbuat konfransı keçirdi. Layihənin prodüsseri, Azərbaycan Respublikası Prezidentinin qızı Leyla Əliyeva filmin çəkilişləri, dəvət olunan aktyorlar barədə məlumat verdi:
“Mən çox sevinirəm ki, biz bu səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm ki, biz “Əli və Nino” kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu gün filmə çevrilməsində iştirak edirik. Mən “Əli və Nino” əsərini dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə çəkiləcək. Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir. Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm”.
Mətbuat konfransında çıxış edən filmin quruluşçu rejissoru Kris Tikyer Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib: “Film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var. Bu layihə bizim üçün sonsuz dostluq mənbəyi olmuşdur”. Daha ətraflı oxumaq üçün
bu keçiddən
istifadə edin.
Hazırlıq mərhələsindən də aydın görünür ki, film üçün xeyli miqdarda vəsait ayrılıb. Elə bu da prosesin araşdırılmasına səbəb yaradır.
Yerli çəkiliş niyə dayandı?
Hələ ötən il Azərbaycanda Milli Teleradio Şurası İlham Əliyevin sərəncamına əsasən başqa bir şirkətə “Əli və Nino”nun çəkilməsi üçün sifariş verib. Bu şirkət “Term prodakşn”dır. Filmin rejissoru Elvin Mirzəyevdir. Əvvəlcə 12 seriyanın çəkilməsi nəzərdə tutulsa da, sonradan 4 seriyada tamaşaçılara təqdim olunması ilə bağlı qərar qəbul edilib. Daha ətraflı oxumaq üçün
bu keçiddən
istifadə edin.
Amma filmin çəkilişləri 2014-cü ilin dekabrında müəmmalı şəkildə dayandırılıb. Səbəb kimi də əlavə maliyyə tələb olunduğu göstərilib.
Milli Teleradio Şurası dövlət qurumudur və büdcədən maliyyələşir. Və büdcədən bu filmin çəkilməsi üçün 200 min manat məbləğində vəsait ayrılıb. Amma büdcə pullarının sərf olunduğu film hazırda lazımsız material kimi kölgədə qalıb.
Filmin rejissoru Elvin Mirzəyev deyir ki, çəkilişlər dekabrda dayanıb və o, həmin vaxtdan sonra dəfələrlə Prezidentə və birinci xanım Mehriban Əliyevaya müracitə edib:
“Biz “Əli və Nino”nun demək olar ki, 90 faizini çəkmişik. Və çox keyfiyyətli məhsul alınıb. Məni çox üzür ki, işlərimiz yarımçıq qalıb. Ümid edirəm ki, Prezidentimiz və birinci xanım bizim səsimizə səs verəcək”.
E.Mirzəyev “filminiz yeni “Əli və Nino” çəkilişləri ilə bağlı dayandırılmış ola bilərmi” sualına cavab olaraq bildirib ki, belə ehtimalları eşidir:
“Mən bununla bağlı şayiələr eşidirəm. Amma ümid edirəm ki, bu, belə olmayacaq. Bütün işlərimi atıb, bu filmi bitirməyə hazıram. Mən yüzlərlə məktub yazmışam, amma hansı səbəblərdənsə müraciətlərimiz cavabsız qalıb. Nəzərə almalıdırlar ki, dünyada 50-dən çox variantda “Anna Karenina”, ən az on variantda “Usta və Marqarita” çəkilib. “Əli və Nino”nun iki variantda olmasının da zərəri olmaz”.
Yeni “Əli və Nino”
Dünyada tanınmış bir çox aktyorların və yaradıcı heyətin cəlb olunduğu filmin çəkilişləri xarici mətbuatda da ciddi müzakirə olunub və maraqla qarşılanıb. Bir çox film saytları və jurnalları “Əli və Nino”nun ssenarisi, əks etdirdiyi tarixlə bağlı maraqlı yazılar dərc ediblər. Hətta filmin çəkilişləri Azərbaycanda 2015-ci ildə elan olunsa da, hələ 2014-cü ildə Kann festivalında Leyla Əliyeva və “Bakı” jurnalı “Əli və Nino” şərəfinə özəl
ziyafət də təşkil ediblər
.
Filmin quruluşçu rejissoru Kris Tikyer, ssenari müəllifi Kristpfer Hampton və baş rol oyunçusu ziyafətdə iştirak edərək, filmin tanıtımını keçiriblər.
Bir çox saytda filmin ssenari müəllifinin, aktyorların müsahibələri də yer alıb. Hampton ilk oxuyan andan əsərə valeh olduğunu bildirib. Türkiyə mətbuatında isə əsasən Fətəli Xan Xoylu rolunu oynayan Halit Ərgəncin filmlə bağlı fikirləri yer alır. Jurnalistlərin aldığı qonorarla bağlı suallarına tanınmış aktyor hər hansı informasiya vermək səlahiyyəti olmadığını bildirib.
Müəmmalı ortaqlıq
Xanım Leyla Əliyevanın prodüsserliyi və Svend Kristoffer Thykierin quruluşçu rejissorluğu ilə çəkilən filmi araşdırarkən maraqlı faktlarla rastlaşdıq. Aydın oldu ki, adıçəkilən hər iki şəxs – Leyla Əliyeva və Svend Kristoffer Thykier hələ 2011-ci ildən bu filmin adına İngiltərədə ortaq şirkət açıblar; “ALI AND NINO PRODUCTIONS LIMITED”.
Üstəlik bu adıçəkilən şəxslərin İngiltərədə ortaqlıqla qurduqları yeganə şirkət deyil. İkinci şirkət “BETWEEN ASIA AND EUROPE LIMITED” adlanır.
Təbii ki, biz müəyyənləşdirə bilmədik ki, “Əli və Nino” adı ilə açılan şirkət bu filmin çəkilişləri üçün hansı maliyyə transferlərində iştirak edib. Çünki bu şirkətin adı birbaşa olaraq filmin çəkilişində iştirak eləmir. Filmin çəkilişi Leyla xanımın ortağının başqa bir şirkətinə həvalə olunub. Siz şirkətin təsisciləri arasında cənab Tykierin adını görə bilərsiz. Svend Kristofer Tikerin İngiltərədə bundan başqa daha 11 şirkəti də var.
Filmin ilkin çəkilişləri üçün ayrılan məbləğ təxminən 20 milyon manatdır. Bu barədə imdb.com da filmin kastinqi ilə bağlı verilən
məlumatda deyilir
.
Amma yekunlaşdırılması, təqdimatı, yayımı üçün ayrılacaq məbləğ barədə hələlik informasiya verilmir.
Bununla da sizə təqdim elədiyimiz sənədlər sübut edir ki, Əlievlər növbəti dəfə Azərbaycanı tanıtmaq adı altında ortaq qurduqları şirkətlər vasitəsilə şəxsi maraqlarını güdüblər.
Son olaraq qeyd edək ki, “Əli və Nino” filminin satşının reallaşması da “IM Global” adlı İngilitərə şirkətinə tapşırılıb. Deməli, nəinki filmin çəkilişləri, həmçinin filmin sonradan yayımından da əldə olunacaq gəlir İngiltərədən idarə olunacaq.