Salyanda AXCP-nin keçmiş üzvü də həbs olunub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon təşkilatının üzvü Elvin Məmmədovdan iki gündür ki, heç bir xəbər yoxdur. Bu barədə AXCP mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, partiyanın fəalı mayın 2-də səhər saatlarında evdən telefon zəngilə çağrılıb:
“Zəng eləyib, onu iş yerinə – ofisə çağırıblar. O vaxtdan yaxınları onun yeri, saxlanmasının səbəbi barədə heç bir məlumat ala bilməyib. Elvin Məmmədov iki-üç gün idi ki, izlənilirdi. Hətta evlərinə qədər gəlmişdilər. Həm bunu, həm də son bir ayda cəbhəçi fəalların ardıcıl həbsini nəzərə alaraq, ehtimal edirik ki, Elvin Məmmədov da həbs olunub”.
E.Məmmədov həm də şairdir. O, aprelin 28-də AXCP sədri Əli Kərimlinin 55 illiyinə həsr olunmuş şeir yazıb və sosial şəbəkələrdə paylaşıb.
Salyanda isə AXCP-nin keçmiş üzvü Sərdar Qubadsoy həbs olunub. İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) maddəsilə təqsirləndirilən S.Qubadsoya 25 sutka həbs cəzası verilib. Bu barədə mayın 2-də Salyan Rayon Məhkəməsində qərar çıxarılıb.
Amma yaxınları S.Qubadsoyun evdən aparıldığını, sosial şəbəkələrdəki yazılarına görə cəzalandırıldığını iddia edir.
İnzibati həbsdə olan cəbhəçilərdən Niyaməddin Əhmədovun da işgəncəyə məruz qalması haqda iddialar var. Karantin rejimini pozmaqda ittiham edilərək, 30 sutkalıq həbs olunan N.Əhmədov həm də AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. Partiyanın mətbuat xidmətinin məlumatına görə, bir həftə öncə N.Əhmədovu saxlandığı təcridxanadan başına torba keçirərək aparıb, işgəncə altında ondan Ə.Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilib.
“Mayın 2-də axşam saatlarında təcridxanada ona yenidən işgəncə verilməsi barədə məlumat aldıq. Bundan bir gün öncə partiyamızın başqa bir üzvü, “Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangirin evinə qazı yoxlamaq adıyla daxil olub, axtarış aparıblar. Kompüter və telefonlarını, evdə olan 300 avro və 300 dollar pulu götürüb, özünü də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıblar. Təxminən 8 saat orada saxlayıb, xaricdə yaşayan mühacir, AXCP-yə heç bir aidiyyəti olmayan Qabil Məmmədov haqda sorğu-sual ediblər. Özünü axşam saatlarında buraxsalar da, kompüter və telefonları, pulu qaytarmayıblar. Son bir ayda baş verənlər AXCP-yə və partiyanın sədri Əli Kərimliyə qarşı saxta iş quraşdırılmasının göstəricisidir”, – partiyadan bildirilib.
Daxili İşlər Nazirliyi isə AXCP fəallarının həbsinin siyasi repressiya kimi dəyərləndirilməsini əsassız sayır. Nazirlik bəyan edib ki, onlar qanun pozuntusuna görə cəzalandırılıblar.
AXCP-yə qarşı cinayət işi hazırlanması haqda iddialara Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.
Prezident İlham Əliyev mayın 1-də ölkənin yeni Baş prokuroru Kamran Əliyevlə video-qəbulda bəyan edib ki, kiminsə siyasi baxışlarına görə təqib olunması yolverilməzdir.