Əli Kərimlinin mühafizəçisindən qisas alındığı bildirilir

Həbs. Foto: Meydan TV

“Onu yerdə yatmağa məcbur edirlər…”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olan Elnur Quliyevə görə onun qardaşı Ramil Quliyevdən qisas alındığı bildirilir.

Yaxınlarının Meydan TV-yə dediyinə görə, hazırda 13 saylı cəzaçəkmə müəssisəsində olan Ramil Quliyevə yatmağa çarpayı belə vermirlər:

“Onu yerdə yatmağa məcbur edirlər…”

1977-ci il təvəllüdlü Ramil Quliyev iki ilə yaxındır ki, həbsdədir. 

2023-cü il yanvarın 18-də digər qardaşı ilə birlikdə kirayə qaldıqları həyətdə başqa bir kirayənişin Eynur Məlikovla aralarında dava olub.

Bir gün sonra faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü  (qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə cinayət işi başlanıb, Ramil Quliyev şübhəli şəxs qismində tutulub.

Yaxınlarının dediyinə görə, bir müddət sonra onun qardaşının kimliyi məlum olub və Ramil Quliyevə qarşı ittiham ağırlaşdırılıb:

“İyun ayında ona qəsdən sağlamlığa ağır zərər vurma, az ağır zərər vurma və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verildi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Quliyev 8 il azadlıqdan məhrum edilib.

Hökmdən apelyasiya şikayəti verilsə də, təmin olunmayıb.

Vəkili Nemət Kərimli də hökmü əsassız hesab edir.

Deyir ki, məhkəmədə ekspert dindirilərkən ondan zərərçəkmişdə olan xəsarətin dərəcəsini nəyə əsasən müəyyən etdiklərini soruşublar.

O da hansısa müəllifə aid kitabı göstərərək: “Buna əsasən”, – deyib.

Müdafiəçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş  “Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı” ilə bağlı qərarı oxumusunuzmu?” sualına ekspert “xeyr” cavabın verib.

Vəkil əlavə edib ki, məhkəmənin hökmündə ekspertin ifadəsi də saxtalaşdırılıb.

Ekspertlə bağlı məsələ apelyasiya instansiyasında da qaldırılıb. Lakin burada da araşdırma aparılmayıb:

“Biz məsələnin siyasi tərəfini kənara qoyub, ədalətli qərar gözləyirdik. Xəsarət Nazirlər Kabinetinin siyahısında yoxdursa, cinayət sayıla bilməz. Hazırda Ramil 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Lakin orada da, ona qarşı qanunsuzluq, işgəncə davam edir. Qardaşının dediyinə görə, orada ona çarpayı verilməyib, döşəmənin üstündə yatır”.

Cəzaçəkmə müəssisəsində məhbusun düşəmənin üstündə yatması haqda deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisindən qisas alındığı bildirilir