“Ayaqqabı ilə cinsiyyət orqanımın üstünə çıxıb, xayalarımı əzdilər, bununla da ürəkləri soyumadı…”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 13 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilmiş apelyasiya şikayətinə baxılır. Fevralın 2-də Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova çıxış edib.
Müdafiə etdiyi şəxsin təqsirsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün isə qanunsuz və əsassız olduğunu vurğulayan vəkil müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib. Zibeydə Sadıqovanın sözlərinə görə, birinci instansiya məhkəməsində iş üçün əhəmiyyətli olan çoxsaylı vəsatətlər qaldırıblar. Lakin məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Niyaməddin Əhmədovun hüquqlarının pozulması, onun ailə üzvlərilə telefon danışıqları və görüş hüququnun məhdudlaşdırılmasından, işgəncələrə məruz qalmasından da danışan vəkil vurğulayıb ki, bu işdə ittihamları təsdiqləyəcək heç bir mötəbər sübut yoxdur. İttiham yalnız quru sözdən ibarətdir.
Niyaməddin Əhmədov özü də çıxış edib. O, təxminən 15 dəqiqəlik çıxışında deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb. Onun sözlərinə görə, işgəncələr nəticəsində dəfələrlə huşunu itirib: “Məndən ittihamlar haqqında bir cümlə də soruşulmayıb. Ancaq Əli Kərimli və AXCP haqqında ifadə tələb edirdilər. Mənə günlərlə buna görə işgəncə verilib. Mənə Kürdəxanıda (Bakı İstintaq Təcridxanası) deyirdilər ki, bura çox siyasətçilər gəlib, Əli Kərimli də gələcək. Yəni demək istəyirdilər ki, səndən ifadə alacağıq, Əli Kərimlini də gətirəcəyik. Məqsəd, nəyin bahasına olursa olsun, Əli Kərimlini həbs eləmək idi. Mənə elə işgəncələr verdilər, elə ləyaqətsiz hərəkətlər elədilər… Başıma torba keçirib aparırdılar, döyürdülər – ayaqlarımın altına, bədənimə dubinka ilə vururdular, ürəkləri soyumurdu. Ayaqqabı ilə cinsiyyət orqanımın üstünə çıxıb, xayalarımı əzdilər. Bununla da ürəkləri soyumadı. Şalvarımı soyundurdular. Dedilər ki, səni zorlayacağıq. Yenə də razılaşmadım. Dedim ki, özümü öldürəcəm, amma razılaşmayacam. Dedilər ki, atan öləcək, vəziyyəti pisləşib, hazırda üstünə təcili yardım gəlib…”
Niyaməddin Əhmədova bildirib ki, işgəncə altında bəzi sənədlərə imza atıb, bəzilərinə yox. Onun sözlərinə görə, diqqət yetirib, Əli Kərimli və AXCP sözləri yazılmayıbsa, onların əleyhinə olmadığını yəqinləşdirib və həmin sənədlərə imza atıb, qalanlarına isə yox: “Ləyaqətsizlik eləmək istəmirdim”.
Bakı Apelyasiya Məhkəməsinin qərarı martın 2-də məlum olacaq.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb.
AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin.
Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.
AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.