“Əli Kərimlinin həbsinə zəmin hazırlanır”

“Səadət Cahangir sonradan sərbəst buraxılsa da, kompüter və mobil telefonu geri qaytarılmayıb”.

Source: Meydan TV


AXCP üzvlərinin təqibini pisləyən bəyanat yayıb

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsinə zəmin hazırlanır".

Bu iddia AXCP-nin mayın 2-də yaydığı bəyanatda yer alıb.

Bəyanatda qeyd olunub ki, partiyaya qarşı repressiyalar yeni mərhələyə qədəm qoyur:

“Dövlət başçısı İlham Əliyev 19 mart və 14 aprel 2020-ci il tarixli televiziya çıxışlarında müxalifəti, xüsusilə də AXCP və Milli Şuranı düşmən elan edəndən sonra hüquq-mühafizə orqanları bunu konkret direktiv kimi qəbul edərək gündən-günə həbslərin sayını artırmaqdadır. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi ilə başlayan repressiya siyasəti 12 nəfər AXCP üzvünə inzibati həbs cəzası verilməsilə davam etdirilib, AXCP sədri Əli Kərimlinin internet və digər kommunikasiya əlaqələri kəsilərək onun informasiya mühitinə çıxışı əngəllənib. AXCP sədrindən müsahibə almaq istəyən jurnalistlər – Təzəxan Mirələmli və Teymur Kərimov polis təqibinə məruz qalıblar. Bir neçə gün öncə inzibati həbs cəzası verilən AXCP üzvü Niyaməddin Əhmədov DİN-in inzibati həbslər üçün saxlama məntəqəsindən naməlum ünvana aparılıb və ondan işgəncə yolu ilə AXCP sədrinin, partiya funksionerlərinin əleyhinə ifadə almağa çalışıblar. Mayın 1-də məlum olub ki, Niyaməddin Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinə aparılıb və hələ ki, bəlli olmayan maddə üzrə ona qarşı cinayət işi açılıb. Elə həmin gün saat 12 radələrində AXCP Rəyasət Heyətinin üzvü və “Azadlıq” qəzetinin əməkdaşı jurnalist Səadət Cahangirin evinə gedib özlərini Baş Prokurorluğun əməkdaşları kimi təqdim edən şəxslər onu Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə apararaq AXCP əleyhinə ifadə almağa, partiyanı heç bir təşkilati-siyasi bağlılığı olmayan şəxslərlə əlaqələndirməyə cəhd ediblər. Səadət Cahangir sonradan sərbəst buraxılsa da, kompüter və mobil telefonu geri qaytarılmayıb. Hüquq-mühafizə orqanlarının bu addımının siyasi sifariş olduğu heç kimdə şübhə doğurmur və aydındır ki, əsas məqsəd uydurma ittihamlarla AXCP sədri Əli Kərimlinin həbsinə zəmin yaratmaqdır”.

Bəyanatda baş verənlərin həm qanunlara, həm də siyasi rəqabət prinsiplərinə zidd olduğu bildirilib:

“Xalq Cəbhəsi Partiyası uzun illərdir ki, sadiq olduğu dinc və demokratik mübarizə yolundan dönməyəcəyini bəyan edir və yerli və beynəlxalq ictimaiyyəti hakimiyyətin bu cür qanunsuz addımlarına biganə qalmamağa çağırır”.

Ana səhifəSiyasət“Əli Kərimlinin həbsinə zəmin hazırlanır”