Meydan TV-nin suallarına Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli cavab verir.
– Əli bəy, mən bir vətəndaş və jurnalist olaraq kibercinayətin əleyhinəyəm, baş verənləri kibercinayət kimi qiymətləndirirəm. Ancaq həm Milli Şuranın, həm də AXCP fəallarının toplantısının videoları yayılıb deyə soruşmaq istəyirəm. Cəmiyyətdə bu toplantılar lağlağı, bayağı söhbətlər, kimlərisə təhqir, söyüşlər təəssüratı yaratdı. Açıq şəkildə hansısa qruplar, təşkilat və partiyalar hədəfə alınır, videolarda sizin iştirakınız göstərilir, ancaq dinləyirsiniz, reaksiya vermirsiniz. Nə üçün susur və qiymət vermirsiniz?
– Əvvəla, Milli Şuraya, ardınca AXCP-yə qarşı törədilən kibersinayətkarlığa ayrıca hadisə kimi baxmaq lazım deyil. İlham Əliyevin real müxalifətə 19 martda elan etdiyi savaşın epizodu kimi baxılmalıdır. İlham Əliyev həmin çıxışında, sonra 14 apreldə də təkrarlayıb, məhz bizi, Milli Şuranı, AXCP-ni qəsd edərək düşmən elan edib. Açıq da deyib ki, ölkənin gələcək siyasi konfiqurasiyasında bunların yeri olmamalıdır. Hələ 14 aprel çıxışında digərlərinə də müraciət edib ki, hamı bunları düşmən elan etməlidir. Faktiki güc strukturlarına bu qüvvəni sıradan çıxarmaq təlimatını verib. Ona görə də kibercinayətkarlıqla Milli Şura Koordinasiya Şurasının üzvü Tofiq Yaqublunun şərlənib həbs olunması, cəbhəçi Aqil Hümmətovun ruhi dispanserə yerləşdirilməsi, Əlizamin Salayevin, Niyaməddin Əhmədovun, Səid Bakuvinin şərlənərək ağır cinayətlərdə ittiham olunması, 20-dən çox cəbhəçinin karantində mübarizə kampaniyasında həbs olunması bizə hücumun tərkib hissəsidir. Özünü demokratik düşərgədə sayanlar da gedişata məhz bu kontekstdə yanaşsınlar. İkinci, istənilən bir qurumun özünün daxilində olan söhbətlərlə ictimai müzakirələr fərqlənir. Məsələn, siz təsəvvür edirsiniz, İlham Əliyev öz yaxın çevrəsində bizim haqqımızda danışanda hansı ifadələri seçir, yaxud başqa siyasi qruplar? İstənilən vətəndaş evi, yaxın dostu ilə çoxmu seçir ifadələri? Şəxsən mən seçirəm və dostlarıma dönə-dönə təklif edirəm ki, istənilən halda ifadələr seçilməlidir, korrekt olmalı və heç kimin xətrinə dəyilməməlidir. Təəssüflənirəm ki, Milli Şuranın da, Xalq Cəbhəsinin də iclaslarında belə epizodlar olub. Həm də buna görə özümü məsul bilirəm epizodların olmağına. Bilirsiniz, hər şeyi açıq ifadə edəcəm, şəxsən mənim təşəbbüsümlə Milli Şurada və partiyanın Rəyasət Heyətində də belə bir konsensus əldə olunub ki, biz müxalifətdaxili sayılan diskussiyalara qoşulmayaq, mətbuatda cavab verməyək. Məsələn, siz Seymur Həziyə və Milli Şura yetkilisinə Müsavat və ReAL partiyalarının funksionerlərinin dedikləri barədə sual verəndə onlar cavab verməyəcək. Çünki bu barədə bizim daxili qərarımız var.
– Yəni daxildə də müzakirələr o cür gedir, aşağlayırsınız, təhqir edirsiniz…?
– Yox, dedim, mən də öz məsuliyyətimi hiss edirəm. Adamlar ictimai baxımdan o qədər mövzular danışa bilməyiblər, axı bizə qarşı iradlar ictimai olub, indi detallara keçmək istəmirəm. Mən blokada şəraitində, kömək gözlədiyim, əslində, özünə müxalif deyən adam nə etməlidir, etirazını ifadə etməlidir. Amma hökumətin xoruna qoşulub bunu danır, ilk növbədə təşəkkür edirəm, elə birinci sizin jurnalistlər gəlib araşdırıblar, ondan sonra başqa müstəqil KİV nümayəndələri araşdırdılar. Bu gün mən açığam, kiminsə şübhəsi varsa, gəlsin araşdıraq ki, mənim internet blokadam varmı, axşamlar telefonum söndürülür, yoxsa yox. Bunu necə danmaq olar? Əgər biriləri hökumətin xoruna qoşulub bunu danırsa, ikinci cəbhə açırsa, bizim də rəsmi qərarımız var ki, bu polemikalara getməyək, adamların ürəyi dolu olur. İstəyirəm bunu yüngülləşdirici hal kimi, bəraət yox, tamaşaçılar nəzərə alsınlar ki, Milli Şurada və Rəyasət Heyətində olan həmkarlarımız publik olaraq bu hərəkətlərə cavab verməyiblər, ona görə də aralarında danışanda bir balaca ürəklərini boşaldıblar. Mən doğru bilmirəm, hər iki qurumda da həmkarlarımdan xahişim olub ki, hər zaman bütün münasibətlərdə korrekt olmaq lazımdır. Bundan sonra da heç kim hökumətin kibercinayətkarlığını bəhanə edib müxalifətdaxili münasibətləri gərginləşdirməyə getməməlidir. Xüsusən Rəyasət Heyətindən verilən sonuncu fraqment ona yönəlmişdi ki, bütün millətin diqqəti Yasamalda binanın işğalına yönəldiyi bir vaxtda ölkədə güclü bir ictimai etiraz fonunda müxalifət daxilində gündəm dəyişsin, qarşıdurma olsun. Əsas məsələ gündəmi dəyişməyə yönəlmişdi. Kaş bu sual olmazdı və biz də gündəmdən aralanmazdıq. Çünki gündəm bir ölkənin hökumətinin fiziki gücdən, kibercinayətkarlıqdan istifadə edərək müstəqil düşüncəli insanlara divan tutulmasıdır. Bunun fonunda kiminsə evində öz dostları ilə birlikdə hansı ehtiyasız ifadə işlətməsi yaxşı hal deyil, amma gündəm olası məsələ də deyil.
– Deyirlər ki, blokadının 16-cı günü və Rəyasət Heyətinin 29 aprel iclasında sizin iştirak etdiyiniz görünür. Seymur Həzi müsavatçılar haqqında “ləyaqətsiz” ifadəsi işlədir, İlham Hüseyn Musatafa Hacıbəyli haqda başqa ifadə. Sonradan onları çağırıb irad bildirirsinizmi, axı bununla hökumətin əlinə bəhanə verirsiniz?
– Birincisi, istənilən diqqətli adam görər ki, həmin görüntü Milli Şura haqqında hazırlanmış ZOOM iclaslarından götürülüb və ora yamanıb. Bu, hansı proqramla yamanıbsa, mütəxəssislər daha yaxşı bilər. Mən Rəyasət Heyətinin heç bir iclasına qatılmamışam, amma Milli Şuranın 14 aprelində keçirilən iclasına qatılmışam, 13 apreldə internetim kəsilib, axşam Sevinc Osmanqızı ilə canlı yayım alınmayıb. Səhər tezdən açıldı və növbəti canlı yayımı planlaşdırmışıq. Mən həmin müddətdə Milli Şuranın ZOOM iclasına qatılıb orda axşam yayımda olacağımı demişəm. Bu, 14 apreldə olub, ondan sonra heç bir iclasa qatılmamışam. Milli Şuranın iclaslarının birinə Vidadi Mirkamal mənə zəng edib, telefonla qoşulub bir-iki kəlmə sözümü demişəm. Amma son yayılan saxtadır, görünür, blokadanı dandıqlarına görə hökumətin müxalifət daxilindəki “beşinci kolonu” pis duruma düşdü. ABŞ Helsinki Komissiyasından Avropa İttifaqına qədər hamı blokadanı qınayır, amma ölkə içində özünü müxalifət adlandıran bəzi qüvvələr bunu ya məsxərəyə qoyur, ya hökumətlə eyni xora qoşulur. İndi hökumət öz aləmində, yəqin ki, DTX və ya başqa qurumlar onlara bununla bağlı mövqelərini yaxşılaşdırırlar ki, yox, blokada yoxdur. Yoxdursa, gəlin interneti verin danışım də, mən onsuz da internetimin və mobil telefonumun işləməsini istəyirəm.
– Partiyanın Nəzarət-Təftiş Komissiyası var, bu qurum cəza verir yəqin. Sosial şəbəkələrdə deyirlər ki, məsələn, Fuad Qəhrəmanlı müavinlikdən uzaqlaşdırıldı, amma ZOOM iclaslarda başda oturur, bu iradlara münasibətiniz necədir?
– Natiq bəy, əvvəlcə sizə iradımı bildirim, sərbəst jurnalistsiniz, hər zaman sual vermək imkanınız var. Amma mənim də öz qiymətimi vermək hüququm var. Deməli, ölkənin 10 milyon vətəndaşının 1 nömrəli dərdi polis zorakılığıdır və bu gün hökumət Milli Şura və AXCP-yə faktiki divan tutur, baxın, görün nə vəziyyət yaranıb. Milli Şuranın sədri Cəmil Həsənlinin qızını çox xırda avtoqəzaya görə cəzalandırdılar. Gözəl Bayramlı 2 illik həbsdən sonra 10 aydır xaricdə müalicə olunur, oradan gətirdiyi dərdlə. Milli Şura Koordinasiya Mərkəzinin üzvü Leyla Yunusun həbsi və işgəncəyə məruz qlaması yaddadırmı? Tofiq Yaqublunun da ikinci məhbusluğu, işgənclərə məruz qalması yaddadırmı? İbrahim İbrahimli 19 oktyabrda boğulub, hələ də danışa bilmir. Gültəkin Hacıbəylinin evinə, maşınına, ölkədən çıxışına qadağa qoyulubmu? Mənə qarşı olanlar hamının gözü önündədir, bəs Oqtay Gülalıyevin durumu nə gündədir? Bizim ağsaqqal üzvümüz Nurəddin Mustafayevin iki zabit övladını bir gündə işdən çıxarıblar. Bu cür məşəqqətin içindəyik. İndi keçək AXCP-yə, Seymur Həzi, Asif Yusifli 5 il, Fuad Qəhrəmanlı 3 il, Məmməd İbrahim 4 il həbsdə olub. Aqil Məhərrəmli hazırda həbsdədir, Gənclər Komitəsinin üzvləri də. Deməli, bir siyasi qüvvəni haqqı dediyinə görə faktiki məhv edirlər, bütün vasitələrdən istifadə edib sıradan çıxarmağa çalışırlar, səbəb nədir, doğrunu səsləndirməsidir. Çünki zalımın qarşısında, məzlumun yanındadır. Nəyə görə məhv edirlər? Millət üçün uşaqpulu tələb edir, karantində evində qalanlara 300 manatdan yardım tələb edir, gündəm bunlar olmalıdır. Yasamal camaatının başına gətirilən gündəm olmalıdır. Bəli, böyük partiyadır, daxildə qeyri-etik ifadələr işlədənlər var və bu barədə qərar da qəbul edilib, Nəzarət-Təftiş Komissiyası bu işlərlə məşğuldur. Beləliklə, o cür çıxışlar ya təkzib olunub silinir, ya cəzalandırılır. Eləcə də kibercinayətkarlıqla əldə olunmuş həmin o görüntülərdə deyilənlərə adekvat sözləri mənə publik deyirlər. Heç mən onu görmədim ki, həmin o sözü deyən adamın keçib qarşısına söyləyəsiniz ki, sən müxalifətdəsən, başqa bir müxalif partiyanın sədri haqqında bu cür danışısırsan, bəs sizin MNTK baxırmı? Ancaq cəbhəçi evində, qapalı toplantıda deyib. Yenə qınayıram. Bəli, hamıya müraciət etmişəm ki, iki səbəbdən olduqca korrekt olacaqsınız, birincisi, bizim millətimizə tamam fərqli siyasi mədəniyyət göstərmək iddiamız var, hüququn, əxlaqın aliliyi, etik davranışlar. Harada səhvimiz varsa, dərhal etiraf edir və adamları cəzalandırırıq. İkincisi, qarşımıza olduqca fürsətcil, heç bir oyun qaydalarına əməl etməyən bir hakimiyyət var ki, bizi sıradan çıxartmaq üçün bütün vasitələrə əl atır, onlara bəhanə də vermək olmaz. Sizin yaratdığınız fürsətdən istifadə edib bütün partiyadaşlarıma müraciət edirəm: mövqeyinizdə prinsipial olacaqsınız, amma hər zaman etik-əxlaqı çərçivədən bir addım da kənara addım atmayacaqsınız. Kim bunu etsə, mənə şəxsən zərər vurmuş olur. Çox xahiş edirəm həmin adamlardan, həm də tələb edirəm, özünü mənə tərəfdar, AXCP üzvü bilirsə, zərər vurmasın. Prinsip heç olmasa bu olmalıdır ki, hökumətin əlinə bəhanə verməsin bu kampaniyalarda.
– Bütün hallarda Milli Şura ətrafında baş verənlər ilk növbədə sizə və AXCP-yə zərbə vurur. Belə olan şəraitdə bu formatı yenə faydalı resurs hesab edirsinizmi? Edirsinizsə, niyə?
– Əlbəttə, mən bir az əvvəl dediklərimi təkrarlamaq istəmirəm. Görün Milli Şura hansı əzab-əziyyət çəkir. Hökumət kibercinayətkarlıq yoluyla saxta məlumat yayırdı ki, “Müsəlman Birliyi” Hərakatının rəhbəri, 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə guya Milli Şuradan çıxıb.
– Təkzib olundu…
– Bəli, həyat yoldaşı da, müavini də təkzib etdi. Amma sözümün mənası başqadır. Taleh Bağırzadənin özünə belə amansız münasibətin arxasında onun Milli Şurayla həmrəyliyi, müəyyən məsələlərdə əməkdaşlıq etməsi, üzv olması da dayanır. Yuxarıda sadaladığım siyahı hələ tam deyil, Milli Şura Koordinasiya Mərkəzinin üzvləri, Mehman Əliyev həbs olundu, beynəlxalq təzyiq nəticəsində azad edildi, Şahvələd Çobanoğlu haqqında cinayət işi açıldı, hələ də ölkədən çıxışına qadağa var. Rahim Hacıyev barəsində cinayət işi açıldı, məcbur oldu ölkəni tərk etsin. Hazırda Koordinasiya Mərkəzində bir nəfər də təqib olunmayan adam yoxdur. Hörmətli həmvətənlər, mühakimə edəndə, hər zaman ədalətli olmaq lazımdır. Bir qrup adam demokratiyaya yumşaq keçidi təmin etməkdən ötrü partiya fərqliliklərini kənara qoyub bir araya gəlib, son 6-7 ildə keçirilən aksiyaların təşəbbüskarı olub, bütün “Talana son!”, “azad seçki” tələbi, “korrupsiyaya yox”, “siyasi məhbuslara azadlıq” mitinqlərini razılıqla, razılıqsız keçirən bu qurumdur. Nə oldu, hökumət 5-6 təxribatçı atdı ortalığa, 2-3 kibercinayət törətdi, indi bu millət onun haqları uğrunda özünü məhv edən, qurban verən, ya fiziki, Oqtay bəy kimi, Allah ona kömək olsun, ya da sadaladığım məhbus həyatıyla canlarında xəstəliklər tapan adamlara indi dəstək vermək əvəzinə bir tezis buraxırlar-Milli Şura buraxılmalıdır. Kimə mane olur Milli Şura? Milli Şura xalqın sözünü deyir, mübarizənin önündə gedir, bu qurumdan yaxşı mübarizə aparmaq istəyən kimsə varsa, türklər necə deyir-hodrı meydan-meydan açıqdır. Kimsə çıxsın, Milli Şuranın etmədiklərini etsin, daha cəsarətli, daha intellektual mübarizə aparsınlar, daha kreativ olsun və daha çox eşidilsin və dinlənilsin.
– Milli Şura və AXCP-ni ayırmırıq, amma Qiyas İbrahimov bir siyasi performansıyla bütün diqqəti özünə çəkdi. Hətta onu bəyənməyənlər də alqışladılar. Bu mənada cəbhəçilər Zoom-dakı o cür müzakirələrdənsə, belə addımlar ata bilməzlərmi?
– Əvvəla, Qiyas İbrahimov “Qul Bayramı” ilə bağlı qanunsuz həbs olunub, həmişə müdafiə etmişik. Azadlığa çıxandan sonra bizə anlaşılmayan səbəbdən münasibəti tənqidi idi, olsun, Allah canını sağ etsin. İndi yaxşı bir iş gördü, hamıdan artıq biz dəstək verdik. O, bir fərddir və bir fərdin mübarizəsidir, o fərddən görün Milli Şuranın tərkibində neçə nəfər var. Biz də mitinqlər edirik, 11 sentyabr, 19 yanvar və oktyabr aksiyalarını edirik, bir fərd onu edə bilər?! İstənilən vaxtı müəyyən piketlər keçiririk. Elə təkcə aprel-may aylarında 20 nəfər AXCP üzvü inzibati həbs yatıb, elə ona görə Qiyas İbrahimovun hərəkəti yaxşıdırmı, bəli, yaxşıdır. Amma Qiyas İbrahimov bir fərd olaraq yaxşı iş görüb deyə, minlərlə fərdin elədiyi yaxşı iş yerə vurulmalıdır?!
– Hakimiyyətin siyasəti nəticəsində ictimai fəallıq güclənib. Belə bir məqamda müxalifətin yeni konsolidassiyasına ehtiyac varmı və partiyanızın bu istiqamətdə hansısa təşəbbüsləri ola bilərmi?
– Əvvəla, bir məsələnin altını cızım, hökumətin Yasamal əməliyyatı Azərbaycan xalqını növbəti dəfə dişə vurmaq və sınağa çəkmək cəhdiydi. Çox məmnunam, buradan xalqımıza minnətdarlığımı bildirirəm, çünki xalqımız hökuməti peşman etdi. Hakimiyyət, konkret olaraq İlham Əliyev uzun illərdən bəri çalışır ki, Yaxın Şərqdə, körfəz ölkələrindəki rejimdən birini Azərbaycanda qursun. Əliyevin idealı odur. Amma xalq imkan vermir. 19 martda başlanmış müxalifəti sıradan çıxarmaq layihəsi də ona hədəflənmişdi. Son günlərdə xalqın iki ciddi etirazı oldu: metro vaqonunda və Dadaş Bünyadzadə küçəsindəki hadisə sıradan bir olay deyildi. Təsadüfən xalqın bir hissəsinin mövqeyi ortalığa çıxmışdı, amma bütün xalq həmin mövqedədir. Ölkənin hansı ərazisini götürsən, Dadaş Bünyadzadə küçəsindəki ovqatı sezəcəksiniz. Hökumət qorxuya düşdü ki, yaxşı, müxalifəti bir az sıxışdırmışam, deyəsən, xalq özü müxalifət olur axı. Ona görə də xalqa “göz dağı” vermək istədi, amma xalqımız sınaqdan uğurla çıxdı. Yeri gəlmişkən, Meydan TV-yə təşəkkür edirəm, Yasamal olayını ən yaxşı halda siz ictimailəşdirdiniz. Və xalqın reaksiyası, millətimiz yekdilliklə hökuməti pislədi, qorxub qaçmadı və ortalığa mövqe qoydu. Bütün ictimai-siyasi xadimlər də xalqdan gələn bu mesajı qiymətləndirdilər. Hətta hər zaman xüsusi cəsarəti ilə seçilməyən, bəzən dolanmaq xatirinə kompromislərə gedən bir çox vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, siyasilər bu zaman xalqla oldu. Bu münasibət bizi sevindirdi, səbəb millətin dik dayanışı və qüruru idi. Xalqımız dedi ki, məndən Yaxın Şərq dövləti və ya körfəz xilafətləri, Türkmənistan çıxartmaq olmaz. Sizin müşahidə etdiyiniz ictimai-siyasi fəallıq xalqımızın etirazıdır, millət gücüylə hökuməti geri oturtmağa məcbur edib. Məni məmnun edir ki, ölkənin demokratik düşərgəsində de-fakto birlik yaranıb, hansısa bir qurum olmadan hamı eyni mövqedən çıxış edir, indi çalışıb bunu saxlamaq lazımdır. İndi bunu dağıtmağın ən yaxşı yolu bir təşkilat yaratmaq söhbətini ortalığa atmaqdır. Ona görə də hər hansı təşkilat lazım deyil. Çünki Milli Şuranı yaratdıq, təzyiqlər oldu, çıxıb getdilər. Sabah xalqın fəallaşdırdığı adamlar toplaşıb bir təşkilat yaradacağıq, hökumət bizə etdiyi təzyiqi ona göstərəndə həmin təşkilatda qalacaqmı? Bu baxımdan indi xalqın basqısı ilə yaranan əməldə birlik hər hansı formal təşkilatdan üstündür. Mən hamını əməldə birliyi davam etdirməyə çağırıram. Yasamal sakinlərinə də hamımız birlikdə sahib çıxmalıyıq. Metro vaqonunda “biz qul deyilik” söylədiyinə görə haqqında cinayət işi qaldırılmış rusdilli xanıma da birlikdə sahib çıxmalıyıq. O cümlədən, hadisədə həbs olunanlara da. Amma eyni zamanda, Tofiq Yaqubluya, Niyaməddin Əhmədova, Babək Həsənova birlikdə sahib çıxmalıyıq. Bu gün sadə insanlara sahib çıxan ictimai-siyasi xadimlərə minnətdaram ki, xalqla bir yerdədirlər. Amma uzun illərdir hökumət polis zorakılığı ilə yalnız cəbhəçilərə yox, Mehman Hüseynova, repçilərə işgəncəni tətbiq edəndə hamı eyni mövqedə olsaydıq, başqa mənzərə yaranardı. Biz Azərbaycan xalqı XXI əsrdə işgəncə diliylə danışılmasını qəbul etmirik, fərqi yoxdur bu işgəncənin qurbanı Qarabağ qazisi Babək Həsənovdur, bloger Mehman Hüseynovdur, yoxsa repçidir. Bax, biz işgəncəyə qarşı birlik qoymalıyıq ortalığa.
– Ancaq görünən budur ki, müxalifət düşərgəsində yeni konsolidasiya görünmür, çünki Müsavat-AXCP, ReAL-AXCP münasibətləri yaxşı deyil. Adi bir fakt, ReAL Partiyasının sədri İlqar Məmmədov YAP-AXCP cütlüyü deyərək sizi yalançı və saxtakar adlandırdı. Bu məsələyə münasibətiniz necədir?
– Nə münasibət bildirim, mən də həmin sözlərlə onun barəsində danışım? Təəssüf edirəm, çox təəssüf ki, belə yaraşmayan hərəkətlərə yol verib. Mən maksimum çalışıram ki, fikrimi yumşaq ifadə edim. Mən indi oturub özünü müxalifət adlandıran partiya ilə mübahisə başlatsam, hökumət çox məmnun olar, internetimi də açarlar. Biz hökuməti sevindirmək istəmirik. Mən istəmirəm ki, İlham Əliyevin qurduğu bu zorakı rejim bizim hədəfimizdən, diqqətimizdən yayına bilsin. Siz deyirsiniz ki, münasibətlər pisdir, ona görə birlik olmaz, razılaşmıram. Mən birliklərin yaranmağında özümə olan münasibətləri əsas saymıram, heç partiyamıza olan münasibəti də. Hökumətə olan münasibət gərək üst-üstə düşə. Əgər Milli Şura və AXCP baş verənlərin fonunda dialoq imitasiyasını repressiyanın tərkib hissəsi sayırıqsa, əslində, 27 illik hakimiyyətin dialoq imitasiyasından sonra daha da repressiv olmasından danışırıqsa, amma kimsə imitasiyada rol alırsa, necə bir olaq?!
– Müsahibələrinizdə hakimiyyətin karantin dövründə aqressiyasını mümkün sosial narazılıqların profilaktikası kimi qiymətləndirmisiniz. Bunun siyasi səbəbləri ola bilərmi? Məsələn, hakimiyyətin seçkiyə hazırlaşdığı və Mehriban Əliyevanın namizədliyinin üzərində dayanacağı ehtimal olunur. Siz bu ehtimalı necə qiymətləndirirsiniz?
– Ailənin daxilində əl dəyişdirilməsini istisna etmirəm. Amma bunun xalqımız üçün çox önəmli olduğunu hesab etmirəm. Niyə? Əgər hakimiyyət bir ailənin əlində qalacaqsa, yenə də Azərbaycanı idarə edən adamın soyadı Əliyev olacaqsa, onun adının İlham Əliyev, yoxsa Mehriban Əliyeva, Leyla Əliyeva olmasının bu millət üçün çoxmu fərqi var? Bir millət bir sülalənin əsarətindədir, özü də indi yox, 1969-cu ildən. Əlbəttə, siyasi səbəb var, amma bu siyasi səbəb təkcə hakimiyyət daxilində əl dəyişmə ehtimalı ilə bağlı deyil, ailə hakimiyyətinə yaranan təhlükədir, narazılığın, siyasi fəallığın artması həmin mövcud olan ailə hakimiyyətini sarsıdır. Həm də yalnız narazılığın artması yox, dünyada şərtlərin dəyişməsi, Böyük Britaniyada tez-tez açılan korrupsiya işləri. Nə oldu, güman edirsiniz ki, Eldar Mahmudov və Əbülfəz Qarayevdən sonra daha heç kimin korrupsiyası açılmayacaq? Siz bilirsinizmi, hakim qruplaşma hansı həyəcanın içindədir?
– Yəni bunun ardı gələcək?
– Əlbəttə, ardı olacaq. Sanksiyalar da gələcək.
– Bu, ehtimaldır, yoxsa informasiya?
– İnformasiyadır. Konkret bu barədə yazılıb, Avropa “Maqnistki Aktı” da gələcək və bu adamların əbədi hakimiyyət olmayacaq. Bu adamlar üçün hakimiyyətin əbədiliyi ölüm-dirim məsələsidir. Ona görə də bizi ağır sınağa çəkdilər, mən Milli Şura və AXCP-də olan həmkarlarıma minnətdaram, dostlarıma ki, uğurla keçdilər. Cəmiyyətimizə minnətdaram, bizə bu mərhələdə ciddi dəstək verildi. AXCP-yə minə yaxın yeni üzv qəbul olundu, ona görə də bu mərhələni adlamışıq. Millətimiz də adlayacaq, millətimizi Yasamalda polis əməliyyatı ilə sındırmaq mümkün olmadı, oğru qanunlarına diktə etmək mümkün olmadı. Millətimiz göstərdi ki, öz azadlığı üçün məhrumiyyətlərə hazırdır.