Əli Kərimli: İlham Əliyev bu çıxışı ilə özünü ifşa etdi

“Əgər hakimiyyət güclüdürsə, nədən çəkinirlər, fövqəladə vəziyyətə də nə ehtiyac var, “5-ci kolon”la məsələni bitirsinlər”

Source: Foto: prezident.az


Arif Hacılı: “Bu, təbrikdən çox hədə-qorxu, barmaq silkələməsi idi”

Prezident

İlham Əliyev

in martın 19-da Novruz bayramı ilə əlaqədar olaraq Azərbaycan xalqına təbriki müzakirələrə səbəb olub.

Bunu təbrikdən daha çox müxalifətin ünvanına hədə-qorxu kimi qəbul edənlər var.

Xalqa müraciətində prezident yenidən müxalifəti “xain beşinci kolon adlandırıb” və Azərbaycanın bunlardan təmizlənməli olduğunu deyib.


“Azərbaycan satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənməlidir”

“Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir”, – prezident deyib.

Dünyada koronavirusun yayılması barədə danışan İlham Əliyev Azərbaycanda qabaqlayıcı tədbirləri qeyd edib və bununla bərabər məsuliyyətsizliklə əlaqədar faktların daxil olduğunu deyib.


“İstisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər”

“Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər”.


“İlham Əliyev etiraf etdi ki, fövqəladə vəziyyətin məqsədi koronavirusla mübarizə yox, müxalifəti təcrid etmək olacaq”

AXCP sədri Əli Kərimli bu təbriki “çox uğursuz, isterik və həyacan dolu çıxış” adlandırıb.

Meydan TV-yə danışan Əli Kərimli güman edir ki, neftin qiymətinin düşməsi Əliyevi bu səviyyədə həyacanlandırıb. Onun sözlərinə görə, hökumət koronavirus infeksiyasının elə də təhlükə yaratmadığını düşünsə də, neftin qiymətinin enməsi çaşdırıcı durum yaradıb.

“Ona görə də Əliyev qiymət enməsini hakimiyyətinə təhlükə kimi görür və bu, 19 mart çıxışında özünü göstərdi. O cümlədən, Əliyev bu çıxışı ilə özünü ifşa etdi. Bu gün dünya liderləri xalqlarını bütövlüyə və virusla mübarizəyə səfərbər olunan çağırışlar edir, amma Əliyev alt niyyətlərini açıqladı, bəlkə də çaşıb dedi. Əslində, dövlət başçısı fövqəladə vəziyyət elan edib karantin qaydalarını həyata keçirəcəklərini demək əvəzinə, müxalifətdən danışdı. Yəni fövqəladə vəziyyət virusa görə təyin olunmayacaq. Əvvəlcədən etiraf edir ki, fövqəladə vəziyyətin məqsədi koronavirusla mübarizə yox, müxalifəti təcrid etmək olacaq. Ona görə Əliyevin çıxışı özünü ifşa idi”.

eli_kerimli_705.jpg
Əli Kərimli

Əli Kərimli hesab edir ki, təbrikə oxşamadı. O qeyd edib ki, ölkədə kəskin siyasi mübarizə getmir, müxalifət mitinq etmir, kütləvi aksiyalara, hökumətə qarşı itaətsizliyə çağırmır, hətta partiya toplantlarını ləğv edib.

“Bütün fəaliyyətimiz hökumətə təkliflər vermək və tənqid etməkdir, bunun da nəticələri olur. Müxalifətin də vəzifəsi bundan ibarətdir. O mənada Əliyevin o cür çıxışı məntiqsizdir. Həm də ölkə başçısı bir həftə əvvəl bizi dialoqa dəvət edib. Belə çıxır ki, predmetsiz dialoqa müsbət cavab versəydik, indi düşmən, 5-ci kolon, anti-milli deyildik. Amma biz dialoqa yox deməmişik, şərtlər irəli sürmüşük ki, məzmunlu və mövzulu dialoqa hazırıq. Nəhayət, zaman etibarı ilə o cür çıxış məntiqsizdir. Novruz bayramı küsülülərin barışdığı bayramdır. Belə vaxtda ölkə başçısı bayram təbrikində millətin əhəmiyyətli hissəsini düşmən elan edir və hədələyir ki, onlar təcrid olunacaq. İndiyə qədər azmı təcridlər olub, nə dəyişib? İndiyə qədər müxalifətin təkliflərini nəzərə almaq əvəzinə belə aqressiya göstərmək yersiz idi”.

Ancaq AXCP sədri Əli Kərimli hələ fövqəladə vəziyyətə ehtiyac görmür:

“Çünki vəziyyət o həddə çatmayıb. İlham Əliyev özü də çıxışında deyir ki, fövqəladə vəziyyət elan olunsa, təkcə koronavirusla mübarizə aparılmayacaq, bunu müxalifətin təcrid olunması üçün həyata keçirəcəklər”.


“Digər dövlətlərin başçıları xalqlarını səfərbər olmağa çağırdığı məqamda İlham Əliyev hədə-qorxu gəlməklə məşğul oldu”

Müsavat Partiyasının başqanı Arif Hacılı ölkə başçısının çıxışını bayram təbriki adlandırmağı düzgün saymır:

“Çünki təbrikdən çox hədə-qorxu, barmaq silkələməsi var idi. Dünyada digər dövlətlərin başçıları xalqlarını səfərbər olmağa çağırdığı məqamda İlham Əliyev Azərbaycan vətəndaşlarına, müxalifətə hədə-qorxu gəlməklə məşğul oldu. Eyni zamanda, koronavirusa qarşı hər hansı tədbirlərin görüldüyü barədə məlumat vermədi. Əslində, bəzi ölkələrdə koronavirusla bağlı fövqəladə vəziyyət və karantin elan olunub. Amma bu, Əliyevin dediyi kimi fərqli düşünən insanlara divan tutmaq, müxalifəti təcrid etmək məqsədi ilə yox, əksinə, xalqın virusa yoluxmaq qarşısını almaq məqsədi ilə həyata keçirilir”.

Arif Hacılı hesab edir ki, Əliyevin xatırlatdığı “5-ci kolon” hakimiyyət strukturlarında yüksək vəzifələrdədirlər. O hesab edir ki, onların bəziləri vəzifələrindən kənarlaşsalar da, yenə də hakimiyyət strukturlarında yüksək post tutan şəxslər qalır.

“Vəzifələrindən kənarlaşdırılanlar da korrupsiya vasitələ topladıqları milyardları qoruyurlar. Təəssüf ki, həmin milyardlardan xalqın mənafeyinə yox, əksinə, təmsil etdikləri xarici dövlətlərin maraqlarına uyğun istifadə edirlər. İlham Əliyev müxalifətə, xalqa hədə-qorxu gəlməkdənsə, barmaq silkələməkdənsə, bu məsələləri həll etməli, konkret olaraq, dövlət idarəçiliyinin Rusiya və digər dövlət tərəfindən nəzarət altına alınmasına imkan verməməlidir”.

ARIF HAJILI – Musavat (2).jpg
Arif Hacılı

Fövqəladə vəziyyətin elan olunması ehtimalına gəlincə, Arif Hacılı bildirib ki, dövlət başçısı bəzi ölkələrdə gerçəkləşən fövqəladə vəziyyətin mahiyyətini düzgün başa düşməyib. O vurğulayıb ki, fövqəladə vəziyyət insanların evdən çölə çıxmasının qarşısını almaq, ölkələri iqtisadi kollapsdan xilas etmək üçün tədbirləri ehtiva edir.

“Eyni zamanda, dövlət strukturlarının, qvardiyaların, Fövqəladə Hallar Nazirliyinin işçiləri vasitəsi ilə əhalinin bu bəladan xilasını nəzərdə tutur. Əliyevin dediyi kimi hansısa repressiya tədbirlərini, kimlərinsə cəzalandırılmasını nəzərdə tutmur. İspaniyada, İtaliyada, Fransada olduğu kimi müəyyən ciddi vəziyyətlər, yeni qaydalar tətbiq olunması mümkündür. Sadəcə, şansımız onda gətirib ki, koronavirus Azərbaycanı başqa ölkələrlə müqayisədə gec yaxalayıb. Ümid edirik ki, vaksin axtarışı istiqamətindəki sürətli tədbirlər, həm də virusun geniş yayılması ilə əlaqədar başqa ölkələrin təcrübəsinin öyrənilməsi, yay mövsümünün yaxınlaşması ilə Azərbaycanda koronavirusun İtaliyada və Çində olduğu kimi ağır duruma gəlməyəcək”.


“5-ci kolon”un parametrləri hakimiyyət daxilində görünür”

Təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da prezidentin çıxışını bayram təbrikindən çox bayram hədəsinə oxşadığını hesab edir. İlham İsmayıl sual edir ki, əgər “5-ci kolon” varsa və hakimiyyət uğrunda mübarizə aparırsa, faktlar qoyub, sübut edib, cinayət işi qaldırıb, dövlətə xəyanətdə ittiham etmək olar.

İlham İsmayıl “5-ci kolon”un müxalifətdə yox, iqtidarda olduğunu bildirib:

İlham İsmayıl
İlham İsmayıl

“Çünki iqtidardakılar şimal qonşumuzdan orden və medallar alır. Daha açıq şəkildə şimal qonşumuzda məktəblər açılır, onların bütün tapşırıqları yerinə yetirilir, quberniya parlamenti səviyyəsində qanunverici orqan qurulur. Məsələ ondadır ki, “5-ci kolon”un parametrləri hakimiyyət daxilində görünür. Dövlət başçısı deyir ki, iqtidar hələ belə güclü olmayıb. Əgər hakimiyyət güclüdürsə, nədən çəkinirlər, fövqəladə vəziyyətə də nə ehtiyac var, “5-ci kolon”la məsələni bitirsinlər. Koronavirusla əlaqədar fövqəladə vəziyyət elan oluna bilər, amma bunun müxalifətə nə aidiyyatı var, axı virusun daşıyıcıları onlar deyil”.


“İlham Əliyev beynəlxalq böhranı müxalifətə hücumdan ötrü istifadə edir”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç də İlham Əliyevin bayram təbrikinə münasibət bildirib. Kozalriç “Facebook” sosial şəbəkəsindəki profilində bununla bağlı yazıb ki, İlham Əliyev beynəlxalq böhranı İlham Əliyev müxalifətə hücumdan ötrü istifadə edir:

“Təəssüf ki, beynəlxalq və yerli böhranı İlham Əliyev müxalifətə hücumdan ötrü istifadə edir və bunu keçmişdə olan Ramiz Mehdiyev dövrünün “5-ci kolon” haqqında leksikası ilə edir”.

010400024055.jpeg
R.Kozlariç

“Təəssüf ki, beynəlxalq və yerli böhranı İlham Əliyev müxalifətə hücumdan ötrü istifadə edir və bunu keçmişdə olan Ramiz Mehdiyev dövrünün “5-ci kolon” haqqında leksikası ilə edir”.

Ana səhifəSiyasətƏli Kərimli: İlham Əliyev bu çıxışı ilə özünü ifşa etdi