Əli Kərimli Avropa Məhkəməsinin onun pasportuyla bağlı qərarının icrasını tələb edir

“Əgər bu istiqamətdə müsbət addım atılmasa, Avropa Məhkəməsinin qərarının icra olunmamasıyla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə müraciət olunacaq”.

Foto: Meydan TV


“Bu, bir öhdəlikdir və Azərbaycan hökuməti onu yerinə yetirməkdən imtina edir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirir ki, Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı çıxardığı qərarı Azərbaycan hökuməti 5 ildir ki, icra eləmir. Qərarın icrası tələbilə Ali Məhkəmənin Plenumuna müraciət edib. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib:

“Əli Kərimliyə 2006-cı ildən pasport verilmir. Bu məsələ ilə əlaqədar bir dəfə yerli məhkəmə instansiyaları keçilib, iş Avropa Məhkəməsinə çıxarılıb. Avropa Məhkəməsi də 16 iyul 2015-ci ildə qərar verib ki, bu cür davranış Konvensiyanın 2 saylı Protokolunun 2-ci maddəsinin pozuntusudur. Yəni dövlət bu üsulla Əli Kərimlinin hərəkət azadlığı hüququnu pozub. Azərbaycan o qərardan Böyük Palataya şikayət verməyib, yəni qərarla razılaşıb. Amma beş ildir ki, qərar icra olunmur”.

Avropa Məhkəməsinə şikayət Ali Məhkəməni də keçdikdən sonra göndərilir. Ona görə də Avropa Məhkəməsinin qərarı əsasında o iş üzrə əvvəlki qərarları yalnız Ali Məhkəmənin Plenumu ləğv edib, yenidən baxılmasına qərar verə bilər. Ə.Kərimli də bu əsasla Plenuma müraciət edərək, Avropa Məhkəməsinin qərarı əsasında onun pasport məsələsilə bağlı işə yeni açılmış hal üzrə baxılmasını istəyib. AXCP-dən bildirilib ki, Plenuma müraciət mart ayında göndərilib, hələ də nəticəsi yoxdur.

“Əgər bu istiqamətdə müsbət addım atılmasa, Avropa Məhkəməsinin qərarının icra olunmamasıyla əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə müraciət olunacaq. Azərbaycanın ratifikasiya etdiyi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 46-cı maddəsində Avropa Məhkəməsinin qərarlarının məcburi icrası əksini tapıb. Bu, bir öhdəlikdir və Azərbaycan hökuməti onu yerinə yetirməkdən imtina edir”, – deyə partiyadan bildirilib.

Ə.Kərimliyə 10 sentyabr 1994-cü ildə barəsində o vaxtkı Cinayət Məcəlləsinin 220-ci maddəsilə (qanunsuz silah saxlama) başlanmış və indiyədək xitam verilməmiş cinayət işini əsas gətirib, pasport verməkdən imtina olunur. AXCP sədrinin sözlərinə görə, 2006-cı ildə əvvəlki pasportunun vaxtı bitdiyinə görə yeni pasport üçün müraciət edəndə ondan həmin cinayət işinin nəticəsi barədə arayış istənilib: “Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciətdən sonra mənə məlum oldu ki, həmin cinayət işini 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu Bakı şəhər Baş Polis İdarəsindən götürüb və 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Həmin qərarın ləğv edilməsi barədə Baş Prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətlərim nəticə verməyib”.

Ə.Kərimli onu da bildirib ki, bu cinayət işindən sonra iki dəfə ona pasport verilib.

Ana səhifəSiyasətƏli Kərimli Avropa Məhkəməsinin onun pasportuyla bağlı qərarının icrasını tələb edir