Partiya sədri bildirib ki, hakimiyyət onun ətrafındakı adamları “repressiya maşınına legitim hədəf” kimi təqdim edir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiyanın sədri Əli Kərimlinin könüllü sürücüsü Zaur Rzalının polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Bu barədə məlumat partiyadan verilib.
Partiyadan bildirilib ki, AXCP Binəqədi rayon şöbəsinin üzvü Zaur Rzalı Nərimanov rayonu ərazisində avtoyuma məntəqələrinin birində avtomobilini yuduzduran zaman üç mülkigeyimli şəxs tərəfindən saxlanılıb.
AXCP sədri Əli Kərimli isə özünün “Facebook” hesabında yazıb ki, o, bu gün, aprelin 1-də Zaur Rzalı ilə həbsdə olan jurnalistlərin məhkəməsinə getməli idi. Partiya sədrinin sözlərinə görə, hakimiyyət onun ətrafındakı adamları “repressiya maşınına legitim hədəf” kimi təqdim edir.
Daxili İşlər Nazirliyi (DİN) və digər rəsmi qurumlar məsələyə münasibət bildirməyib.
Partiyadan daha öncə bildirilmişdi ki, AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.