Onun bir illik qapalı tipli həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) həbsdəki üzvlərindən biri, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun cəzasının ağırlaşdırıldığı bildirilir.
7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Niyaməddin Əhmədovun bir illik qapalı tipli həbsxana rejiminə köçürülməsi haqda qərar çıxarılıb.
Bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə yazıb:
“Uzun müddət Niyaməddin Əhmədovdan xəbər yox idi. Bugünlərdə atası cəzaçəkmə müəssisəsinə yanına gedəndə məlum olub ki, onun haqqında belə bir qərar çıxarılıb. Niyaməddin Əhmədov ona qarşı uzun müddətdir davam edən təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirir”.
Atası Arif Əhmədov “Azadlıq” radiosuna Niyaməddin Əhmədovun cəzasının ağırlaşdırılması və onun aclıq etməsi barədə deyilənləri təsdiqləyib.
O, martın 4-də cəzaçəkmə müəssisəsinə getsə də, övladı ilə görüşünə imkan verilmədiyini bildirib. Ona oğlunun cərimə kamerasında (kars) olduğu deyilib:
“Bir də martın 19-da getdim. Tələb etdim ki, övladımı görməliyəm, bir aya yaxındır ondan xəbər yoxdur. Rəislə görüşdüm, Niyaməddini də gətirdilər. Dedi ki, heç bir günahım olmadığı halda, məni karsa saldılar, ona görə fevralın 26-dan aclıq edirəm. Sonra da məhkəmə keçirib bir illik həbsxana rejiminə köçürülməsinə qərar veriblər. Apardığım yeməkləri də istəmədi”.
Oğlunun aclığı davam etditditini vurğulayan Arif Əhmədov deyir ki, indi onun səhhətindən narahatdır. Ata yada salır ki, 2020-ci ildə həbs olunarkən məruz qaldığı işgəncələr nəticəsində Niyaməddin Əhmədovun sağlamlığında problemlər yaranmışdı. Onun sözlərinə görə, uzunmüddətli aclıq bu problemləri daha da kəskinləşdirəcək:
“Günahsız, cavan bir adama nə qədər zülm etmək olar. Evinin kirayəsini verə bilməyən adama terroru maliyyələşdirmək adı ilə 13 il verdilər, onu da rahat çəkməyə qoymurlar”.
Niyaməddin Əhmədovun cəzaçəkmə müəssisəsində ona qarşı davranışlara etiraz olaraq aclıq etməsi, onun həbsxana rejiminə köçürülməsi barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
Daha öncəki açıqlamalarda Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhkumlara qarşı pis rəftar, qanunsuz cəzalandırma şikayətlərini, bir qayda olaraq, təkzib edib. Bu qurumdan bildirilib ki, məhkumların qanunvericilikdə nəzərdə tutulan bütün hüquqları təmin olunur.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə ona koronavirusla əlaqədar karantin rejimi qaydalarını pozma ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilmişdi. Bu cəza başa çatan gün isə cinayət işi başlanmış, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələriylə ittiham verilmiş, sonda 13 il həbs cəzası kəsilmişdi.
Terroru maliyyələşdirməkdə suçlanan Niyaməddin Əhmədov Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin ifadələrlə tənqid, bəzən də təhqir edən Qabil Məmmədovdan pul almaqda təqsirləndirilib.
Niyaməddin Əhmədov bu ittihamın absurd olduğunu, Qabil Məmmədovla Tovuz rayonunun Qazqulu kəndində qonşu olmalarından istifadə edərək belə bir ssenari quraşdırıldığını bildirib.
O vurğulayıb ki, həbsinin gerçək səbəbi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmasıdır. Niyaməddin Əhmədovun fikrincə, AXCP sədri 2019-cu il oktyabrın 19-da Milli Şuranın keçirdiyi etiraz aksiyasında tutularkən onu sonadək tək buraxmadığına görə cəzalandırılıb.