Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həyat yoldaşı Samara Seyidova Meydan TV-yə müsahibə verib.
– Evinizdə axtarış aparılması və Əli bəyin həbs edilməsindən danışın, zəhmət olmazsa. Bu proses necə başladı, necə nəticələndi?
Əvvəla onu deyim ki, bu axtarış mənə çox tragikomedik təsir bağışladı. Onların qara maskalılar ordusu ilə bizim 3 otaqlı evimizə hücum etməsini nə hüquqi baxımdan, nə də insani baxımdan adekvat hesab etmədim. Sanki, “İŞİD”-in üzvlərinin evinə hücum edirdilər. Özlərinə də dedim ki, birincisi bu ordu ilə gəlmək nə üçün? Biz azyaşlı uşaqla əlimizə avtomat götürüb sizinlə vuruşası deyilik ki! İkincisi, bir halda kı, mütləq bu şəkildə gəlməyi məqbul saydınızsa, olmazdı ki, şənbə günü deyil, bu uşaq məktəbdə olanda gələrdiniz?
Onlar içəri daxil olanda yüksək səslə deyirdilər ki, hamı bir otağa – zala keçsin. Biz o zaman Timurla iş otağında divanda oturmuşduq, mən onu qarşıdan gələn testə hazırlaşdırırdım.
Qapını Əli bəy açmışdı, ona görə gələnlərin bir hissəsi ilə o artıq zalda idi, 7-8 maskalı biz olan otağa daxil oldu və yüksək səslə dedilər ki, durun keçin, hamınız bir otaqda olun. Dedim – nə olub, niyə bu şekildə evimizə daxil olduz? Dediler, sual verməyin, o biri otağa keçin, bizi zala doğru muşaiyət etdilər. Həmin anda, arxamızda olan 7-8 maskalıdan biri həmin o məşhur məktubu atdı siyirtməyə. Bunu ona görə əminliklə deyirəm ki, biz o siyirtməyə sənəd qoymuruq, orda ancaq Timurun qələmləri və digər xırda pozan-filan olur. Çünki o otaqda ən çox Timur olur, dərslərini orada calışır, Əli bəy ancaq orada musahibə verəndə olur. Timur və mən hər gün o siyirtməni tez-tez acırıq, orada belə bir sənədin (əgər ona sənəd demək mümkünsə) olması imkansızdır.
Hər kəs zala toplananda mən elan etdim ki, diqqətlə dinləyin məni, bizim evimizde heç bir qeyri-qanuni predmet yoxdur, onu siz də yaxşı bilirsiniz, 7/24 evimizi və telefonlarımızı dinləyirsiniz, əgər nəsə cıxarsanız, siz qoydunuz demək.
Əli bəy dedi, sakit olun, mədəni şəkildə həll edək, nə axtarırsınız, nə istəyirsiniz, suallarınıza cavab verəcəyik, amma bir şərtlə – vəkilim gəlsin, sonra. Sonra vəkil gəldi, bir-bir otaqları axtardılar, nəyə görəsə ən sonda iş otağını axtardılar və qoyduqları “məktubu” tapdılar. Məktub da nə məktub, Ramiz Mehdiyevin qəzetlərin bir ay idi ki, bəhs etdiyi Putinə yazmış olduğu məktub. Hec o da hələ şübhəlidir, elə məktub olubmu? Yoxsa bu tamaşanı özləri qurublar, muəmmalıdır.
Təbii ki, hüquqi baxımdan bu axtarış prosesi düzgün icra edilmədi. O şəkildə daxil olma üçün hüquqi əsaslar olmalıdır. Bu cür daxil olma və axtarış xüsusi təhlükəli şəxslərə, terrorçulara, silahlı kriminal dəstələrin üzvlərinə qarşı tətbiq olunur.
Bizim kimi sivil və şəffaf həyatı olan və ömur boyu nəinki cinayət, heç inzibati pozuntu törətməyən ictimai-siyasi şəxsin evinə hətta cinayət şübhəsi olsa belə, bir müstəntiq və bir neçə əməliyyatcı ilə axtarış etmələri daha adekvat olardı. Amma və lakin, onda bu məktubu atmağa imkanları olmazdı.
Digər pozuntu isə – qanunla əməlliyyatçılar icəri daxil olan kimi axtarış barədə qərarı təqdim etməli idilər, axtarışı nə üçün apardıqlarını elan etməli idilər. Bunun tam əksi, içəri o şəkildə daxil olub, hec bir izahat vermədən əmrlərini icra etməyi tələb etdilər.
– Əli bəylə təcridxanada görüşmüsünüz, özünü necə hiss edir? Siz dediniz ki, o istintaqa ifadə verməkdən imtina edib. İttihamlarla bağlı xüsusi dediyi bir şey varmı? Həbs olunduğu günə qədər çox imkanı oldu ki, ona yönələn çağırışları, ittihamları cavablandırsın. Lakin həbsindən sonra onun ittihamlara münasibət bildirmək imkanı olmayıb. Bu baş verənlərlə bağlı Əli bəy nə deyir?
– Bəli, Əli bəyin həbsindən sonra onunla bir dəfə görüşmüşəm. Görüş zamanı optimist idi. Onu görən kimi soruşdum ki, sənin cismini həbs etdilər, siyasi sifarişlə burdasan, bəs ruhuna nə edəcəklər? Dedi ruhuma hec nə edə bilməzlər, o, göylərdə uçur, onu heç kim tuta bilməz, hətta məni öldürsələr də ruhum diri qalacaq. Dedi, sən özün bilirsən, mənim nə qədər uzun yaşamağım mənim üçün qətiyyən maraqlı deyil, mənim üçün əhəmiyyətli olan qalan ömrümü necə yaşamağımdır. Burada da olsam, azadlıqda da, fərqi yoxdur, əqidəm, həyata baxışlarım sarsılmaz olaraq qalacaq.
İttihamla bağlı dedi ki, özün bilirsən, 20 ildir ki, məni hər yerdə qarabaqara izləyirlər, telefonlarımızı, evimizi dinləyirlər, bir şey tapmadılar, ona görə də məcbur olub bu qarayaxmayla, qurama işlə məni Ramiz Mehdiyevə calamağa cəhd edirlər.
Bu ittihamı gülüşlə qarşılayır, deyir, mənim həyatım boyu bir dəfə də olsun Ramiz Mehdiyevlə yolum kəsişməyib, bu əsassız, absurd və gülməli bir ittihamdır.
Mən bu iş barədə heç nə bilmirəm, ona görə də bilmədiyim iş barədə ifadə verə bilmərəm.
– Sizcə, bu həbs AXCP, Milli Şuranın fəaliyyətinə, eləcə də ümumilikdə vətəndaş hərəkatına, cəmiyyətin demokratikləşmədən tərəf olan kəsiminə necə təsir edəcək? Hakimiyyət etirazçı səsləri susdurmaq niyyətinə nə dərəcədə nail ola biləcək?
– Əli bəyin həbsi təşkilatlanmış müxalifətin, seçki yolu ilə dəyişiklik və demokratiya istəyən kəsimin ümidinin hədəfə alınmasıdır. Bəli,bu mənada hökumətin bu addımı coxları ücün hakimiyyətin pik addımı kimi görünür.
Aydındır ki, hakimiyyət qorxu mühiti formalaşdırmaq istəyir. Məhkəmə binalarının polis tərəfindən mühasirəsi, insanların dəstək ücün gəlmələrinin qarşısının alınması və s. bu qəbildəndir. Amma bu, işə yaramayacaq. Əli bəyin həbsi təşkilatın yükünü artırır, koordinasiya çətinləşə bilər, amma inanıram ki, onlar bu yükün altından qalxacaqlar, çünki on minlərlə Əli bəyin əqidəsini paylaşan insanlar susmayacaq. Onların hər biri bu cətin, dözülməz şəraitdə qəhrəmandırlar. Bu hökumət bir şeyi anlamır. Onlar əqidə adamlarıdır, bir təşkilatda komfort, lüks həyat ücün birləşməyiblər, dəyərlər uğrunda birləşiblər. Onları susdurmaq mümkün deyil. Lakin biz hələlik yalnız partiyaya olan təsirdən danışırıq.
Digər tərəfdən, xalqı da nəzərə almaq lazımdır. Onların sosial vəziyyəti hər gün pisləşir və hazırda necə bir ədalətsizliyin hökm sürdüyünü görürlər. Yaxın tarix göstərir ki, insanlar hökumət tərəfindən böyük haqsızlıqlarla üzləşdikdə, heç bir siyasi partiyanın istiqamət verməsini gözləmədən küçələrə axışırlar. Odur ki, Əliyev bütün müxalifəti susdurmağa nail olsa belə (buna qətiyyən inanmıram), bir gün öz taleyini öz əlinə almağa qərar verə biləcək bütöv bir xalqı heç vaxt susdura bilməz.