Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittihamla həbsi ölkənin siyasi mühitində çaşqınlıq yaradıb.
Bəzi partiya rəhbərləri və siyasi şərhçilər bu hadisəni hakimiyyətin növbəti repressiya dalğası kimi qiymətləndirirlər.
AXCP sədri Əli Kərimli dəfələrlə ölkədə keçirilən siyasi aksiyalar zamanı saxlanılıb, partiya üzvləri davamlı olaraq hədəf alındıqlarını bildiriblər. Bu fonda onun “dövlət çevrilişinə cəhd” kimi ağır maddələrlə həbs olunması ölkədə həm siyasi dairələr, həm də ictimaiyyət arasında ciddi suallar doğurub.
Son baş verən hadisələrin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğuna dair ehtimallar da mövcuddur.
Bu gün müxalifət nümayəndələri, siyasi şərhçilər və partiya liderləri bu hadisənin arxasında hansı səbəblərin dayana biləcəyi barədə müxtəlif ehtimallar irəli sürür.
“2000 nəfərlə dövlət çevrilişi olmaz”
Siyasi şərhçi Rauf Mirqədirov bu hadisəni ölkədə müxtəlif siyasi fikirlərin və tənqidi səsin tamamilə aradan qaldırılması kimi qiymətləndirir:

“Azərbaycan hakimiyyətinin Türkmənistandan yeganə fərqi odur ki, burada insanlar yoxa çıxmırlar, onları həbsə göndərirlər. Ümumiyyətlə, bu gün Azərbaycanda müxtəliflik tamamilə məhv edilib. Hətta oliqarxiya səviyyəsində də müxtəliflik yoxdur. Hakimiyyət daxilində siyasi mübarizə adlandırıla biləcək ciddi bir proses də mövcud deyil”.
O, Əli Kərimli və Məmməd İbrahimə qarşı irəli sürülən ittihamları məntiqsiz hesab edir:
“Əli Kərimli 2000 nəfərlə dövlət çevrilişi edə bilməz. Əgər dövlət çevrilişinin qarşısı alınırsa, bu, bir nəfərin həbsi ilə bitmir. Azərbaycanda bu gün güc strukturları olmadan heç bir dövlət çevrilişi edə bilməzsən. AXCP üzvləri küçəyə çıxsalar, həmişəki kimi hakimiyyətin kobud müdaxiləsi ilə üzləşəcəklər. Ramiz Mehdiyev dövlət çevirilişini necə etmək lazımdır, hamımızdan yaxşı bilir. Mən bu məsələyə artıq lağlağı kimi baxıram. Məşhur lətifədə deyildiyi kimi, yaxşı, biri Əli Kərimli. Bəs o biriləri haradadır?”.
“İlham Əliyev rahat seçim edə bilmək üçün cəmiyyəti əvvəlcədən susdurmağa çalışır”
Siyasi şərhçi Ərəstun Oruclu baş verənləri ölkədəki çoxşaxəli böhranla əlaqələndirir:

“Başlıca səbəb ölkədə sosial, siyasi və idarəetmə böhranıdır. Hakimiyyət komandasının içində ciddi bölünmə var. Buna görə də hakimiyyət repressiya metodlarına əl atır. Hesab edirəm ki, baş verənlər regional kontekstdə də qiymətləndirilməlidir. Cənubi Qafqaz bu gün ciddi mübahisə predmetidir – İran, Türkiyə, Rusiya, həmçinin ABŞ və Çin kimi dünya səviyyəsində təsir gücünə malik ölkələr bunda maraqlıdırlar. Belə vəziyyətdə, İlham Əliyev seçim edə bilmir. Ona görə də çalışır ki, hansısa qeyri-populyar seçim etmək üçün cəmiyyəti əvvəlcədən susdursun”.
Ərəstun Oruclu həmçinin Qarabağla bağlı danışıqların bu gərginliyin fonunda rol oynaya biləcəyini də istisna etmir:
“Bakıdakı separatçıların azad olunması məsələsi ola bilər. Bu yalnız ehtimaldır. Hakimiyyət, görünür, qeyri-populyar addım ərəfəsində cəmiyyətdə müqaviməti zəiflətməyə çalışır. Hər bir halda, həbslərin hansı məqsəd daşıdığını yaxın zamanda biləcəyik”.
“Əgər AXCP sədri günahsızdırsa, onun da tezliklə azad olunmasını istərdim”
REAL Partiyasının sədri Natiq Cəfərli isə deyir ki, irəli sürülən ittihamlar kifayət qədər ciddidir:

“Ona görə də dövlət orqanları ortalığa ciddi sübutlar, faktlar qoymalıdırlar. Mənə maraqlıdır, niyə 2013-cü il hadisələri ilə bağlı məsələlər indi, üstündən 12 il keçəndən sonra ortaya atılır? Həmin vaxt hakimiyyət buna fikir vermədi, heç üstünə getmədi. Günahsız insanların, Azərbaycanda həbs olunan bütün – jurnalistlər, sivil toplum nümayəndələrinin azadlıqda olmasını arzu edirəm. O cümlədən də, əgər AXCP sədri günahsızdırsa və bu işlərlə heç bir əlaqəsi yoxdursa, onun da tezliklə azad olunmasını istərdim”.
“İllərdir deyirik, danışırıq, amma heç bir tədbir görülmür”
Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə hakimiyyətdən məsələnin obyektiv araşdırılmasını tələb edir:

“Hakimiyyət lüstrasiya haqqında qanun qəbul etməli və arxivlər açılmalıdır. İctimai-siyasi sektorda fəaliyyət göstərənlərin kimliyi tam aydın olmalıdır. Bunu illərdir deyirik, danışırıq, amma heç bir tədbir görülmür. Sonra isə deyirlər ki, filankəs xarici ölkəyə işləyir. Bunlar, ağır ittihamlardır. Hakimiyyətdən tələb edirəm ki, bütün araşdırmalar obyektiv və qərəzsiz aparılsın, siyasi məqsədlər güdülməsin, yalnız hüquq müstəvisində hərəkət edilsin. Hər kəsin – həbs olunanların, barəsində müvəqqəti həbs qətimkan tədbiri seçilənlərin, cinayət işində adı keçənlərin – istər şübhəli, istər təqsirləndirilən, istərsə də şahid qismində olanların hüquqları qanunla qorunsun. Partiya olaraq hakimiyyətdən hər kəsin hüquqlarının qorunmasını tələb edirik”.
“Demokratik müxalifəti Rusiya ilə əlaqədə ittiham etmək ağlasığmazdır”
Müsavat Partiyasının başqan müavini Arif Hacılı həbslərin siyasi motivli olduğunu düşünür:

“Azərbaycan hakimiyyəti müxalifətə, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiya siyasətini davam etdirir. Xüsusilə də, Azərbaycan müxalifət nümayəndələrinin Rusiya ilə əlaqələrdə ittiham olunaraq, həbs edilməsi tamamilə ağlasığmazdır, absurddur. Hər kəs bilir ki, Azərbaycan Xalq Hərəkatından çıxmış siyasi partiyalar – Müsavat və Xalq Cəbhəsi – ölkənin müstəqilliyi uğrunda mübarizə aparan şəxslər Rusiya tərəfindən daim hədəf alınıb, Ramiz Mehdiyevin dövründə parlamentə buraxılmayıb, sıxışdırılıb. İndi isə birdən-birə demokratik müxalifət nümayəndələrini Rusiya ilə əlaqələrdə ittiham etmək tamamilə ağlasığmazdır. “Ramiz Mehdiyev işi”ndə adı süni şəkildə əlaqələndirilmiş şəxslərin həbsi məsələnin əsl mahiyyətini göstərir”.