Əli Kərimlinin həbs müddəti uzadılıb

Əli Kərimli – Foto: Meydan TV

Fevralın 9-da Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs qətimkan müddətinin uzadılması barədə növbəti məhkəmə prosesi keçirilib. 

Məhkəmənin qərarı ilə Əli Kərimlinin həbs müddəti daha 4 ay uzadılıb.

Partiyadan Meydan TV-yə bildirib ki, bu qərar son dərəcə absurd və siyasi sifariş əsasında verilmiş bir qərardır. 

Verilən məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Bundan başqa cəbhəçilərin məhkəmə binasının önünə yaxınlaşmasına maneələr yaradılıb. 

Fevralın 9-da Səbail Rayon Məhkəməsində eyni cinayət işi üzrə həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs qətimkan tədbirinin uzadılması üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmənin qərarı ilə Məmməd İbrahimin həbs müddəti daha 4 ay uzadılıb. 

Hər iki siyasətçi ötən il noyabrın 29-da DTX tərəfindən saxlanılıb.

Onların barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində hər iki şəxs barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

Hökümətyönlü mediada AXCP sədrinin və partiyanın Rəyasət Heyətinin üzvünün həbsinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğu bildirilir.

Ana səhifəSiyasətƏli Kərimlinin həbs müddəti uzadılıb